Ana Sayfa > Manşet / Siyasət > Manaf Manafov: "Azərbaycan–Qırğızıstan müttəfiqliyi regional əməkdaşlığı yeni mərhələyə daşıyır"

Manaf Manafov: "Azərbaycan–Qırğızıstan müttəfiqliyi regional əməkdaşlığı yeni mərhələyə daşıyır"


Bu gün, 11:38. Yazar: azer
Manaf Manafov: "Azərbaycan–Qırğızıstan müttəfiqliyi regional əməkdaşlığı yeni mərhələyə daşıyır"

Dövlətlərarası münasibətlər tarixində elə səfərlər olur ki, onların əhəmiyyəti yalnız imzalanan sənədlər və keçirilən görüşlərlə məhdudlaşmır. Belə səfərlər dövlətlərin gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisəyə çevrilir. Cənab Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və Çolpon-Atada keçirilən Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının III iclası da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu səfər Bakı ilə Bişkek arasında münasibətlərin artıq strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirdi.

Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, dövlət başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənib. Bu siyasətin əsas istiqamətlərindən biri Türk dünyasında inteqrasiyanın gücləndirilməsi, siyasi həmrəyliyin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Qırğızıstanla münasibətlərin bugünkü səviyyəsi də bu strateji yanaşmanın nəticəsidir. Dövlət başçısının qeyd etdiyi kimi, müttəfiqlik münasibətləri qarşılıqlı etimadın və yüksək siyasi məsuliyyətin göstəricisidir. Bu, həm ikitərəfli əlaqələrin, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da inkişaf edəcəyini göstərir. Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər yalnız siyasi maraqlara deyil, ortaq tarixə, mədəniyyətə və qardaşlıq bağlarına əsaslanır. Qarabağın bərpasına göstərilən dəstəyə görə Qırğızıstana minnətdarlığın ifadə olunması və Ağdamda inşa edilən "Manas" adına məktəbin qardaşlığın rəmzi kimi qiymətləndirilməsi bunun bariz nümunəsidir. Bu məktəb işğaldan azad olunmuş ərazilərdə Türk dünyasının həmrəyliyini əks etdirən mühüm simvollardan biridir. Səfər çərçivəsində dövlət başçılarının ali dövlət ordenləri ilə təltif olunması da xüsusi siyasi məna daşıdı. Prezident İlham Əliyevin "Manas", Prezident Sadır Japarovun isə "Heydər Əliyev" ordeni ilə mükafatlandırılması iki ölkə arasında mövcud olan yüksək etimadın və strateji tərəfdaşlığın ifadəsi oldu.

Səfərin iqtisadi nəticələri də diqqətəlayiqdir. Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon dollara çatdırılması, yeni investisiya layihələrinin həyata keçirilməsi və İssık-Kul sahilində "Bakı" hotelinin istifadəyə verilməsi iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu addımlar Azərbaycanın dost ölkələrlə münasibətlərini konkret layihələr əsasında inkişaf etdirdiyini nümayiş etdirir. Mətbuata verilən bəyanatlar münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm mesajlarla yadda qaldı. Ölkə Prezidenti İlham Əliyev bildirdi ki, müttəfiqlik yalnız dostluq deyil, həm də böyük məsuliyyət deməkdir. Azərbaycan və Qırğızıstan regional təhlükəsizlik, beynəlxalq hüququn müdafiəsi və qlobal məsələlərdə ortaq mövqedən çıxış etməyə hazır olduqlarını nümayiş etdirdilər. Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin davam etdirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi də bu siyasətin əsas istiqamətlərindəndir. Humanitar əməkdaşlıq da münasibətlərdə mühüm yer tutur. Mədəniyyət Günlərinin təşkili, Çingiz Aytmatov irsinə göstərilən hörmət və ortaq mənəvi dəyərlərin qorunması iki xalqı daha da yaxınlaşdırır. Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət formatına qoşulması isə ölkəmizin regionda artan rolunu və Türk dünyasının inteqrasiyasına verdiyi töhfəni bir daha nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycanın ardıcıl və uzaqgörən xarici siyasətinin daha bir uğurlu nümunəsi oldu. Çolpon-Atada qəbul edilən qərarlar Azərbaycan–Qırğızıstan münasibətlərini yeni mərhələyə yüksəltməklə yanaşı, Türk dünyasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verdi- deyə, Manaf Manafov açıqlamasını tamamlayıb.
Geri dön