Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Avrasiya geostrateji məkanında yeni strateji dövrün təməli qoyuldu
Avrasiya geostrateji məkanında yeni strateji dövrün təməli qoyulduBu gün, 10:50. Yazar: Semsi |
![]() Əziz Ələkbərli, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri XXI əsrdə qlobal və regional münasibətlər sistemində cərəyan edən dinamik dəyişikliklər dövlətlər arasında çoxtərəfli əməkdaşlığın həyati əhəmiyyətini daha da artırmaqdadır. Xüsusilə ortaq tarixi, mədəni və sivilizasiya dəyərlərini bölüşən ölkələr üçün siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi regional sabitliyin, habelə davamlı inkişafın əsas sütunu kimi çıxış edir. Bu kontekstdə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında son illərdə müşahidə olunan strateji yaxınlaşma təkcə ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır, bütövlükdə Avrasiya geostrateji məkanında yeni və çevik əməkdaşlıq platformalarının formalaşmasını şərtləndirən mühüm amilə çevrilir. Məhz bu siyasi və geostrateji reallıqlar fonunda Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndirilməsi istiqamətində tarixi addımlar atılmaqdadır. Qırğızıstanın dilbər guşəsi olan Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşü, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstana həyata keçirdiyi dövlət səfəri bu baxımdan müstəsna əhəmiyyət kəsb etdi. Görüşlərin yekunu olaraq imzalanan Çolpon-Ata Bəyannaməsi tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini dəqiqliklə müəyyənləşdirən və gələcək qarşılıqlı fəaliyyətin təməl prinsiplərini təsbit edən mühüm siyasi sənəd kimi tarixdə öz yerini aldı. Səfər çərçivəsində Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşündə, eləcə də Qırğızıstan Prezidenti Sadır Japarov ilə keçirilən görüşlərdən sonra mətbuata bəyanatlarla çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər iki ölkə və bütövlükdə region arasındakı münasibətlərin dərin mahiyyətini və gələcək baxışını tam çılpaqlığı ilə ortaya qoydu. Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, iki qardaş ölkə arasında imzalanan sənədlər zərfi, xüsusən də Müttəfiqlik münasibətləri haqqında Müqavilə qarşılıqlı fəaliyyətin ən yüksək dərəcəsidir. Cənab Prezident İlham Əliyevin bəyanatında qeyd edildiyi kimi, müttəfiqlik münasibətləri böyük bir məsuliyyət deməkdir və hər iki dövlət bu məsuliyyəti üzərinə götürməyə tam hazırdır. Bu müttəfiqlik beynəlxalq platformalarda qarşılıqlı dəstəkdən tutmuş iqtisadi-ticari sahəyə və regional təhlükəsizliyin möhkəmləndirilməsinə qədər geniş bir spektri əhatə edir. Cənab Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycan ilə Qırğızıstan arasında təkcə siyasi deyil, həm də praktiki iqtisadi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırdı. Birgə Azərbaycan-Qırğız İnkişaf Fondunun maliyyə vəsaitinin iki dəfə artırılaraq 100 milyon dollardan 200 milyon dollara çatdırılması barədə qəbul edilən qərar bu iqtisadi iradənin bariz nümunəsidir. Fondun maliyyələşdirdiyi konkret layihələr, yeni istehsalat sahələrinin və iş yerlərinin yaradılması ölkələrimizin iqtisadi potensialını daha da gücləndirir. Eyni zamanda, İssık-Kulun sahilində Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilən və bölgədəki ilk beşulduzlu hotel olan “Bakı” hotelinin açılışı Azərbaycanın Qırğızıstanın turizm və infrastruktur potensialına verdiyi dəyərli töhfə kimi dəyərləndirildi. Dövlətimizin başçısının bəyanatında mənəvi-mədəni tellərə, tarixi yaddaşa və Qarabağ həqiqətlərinə toxunulması da xüsusi yer aldı. Prezident İlham Əliyev otuzillik işğaldan azad edilmiş Qarabağın bərpası işinə Qırğız xalqının verdiyi qardaşca dəstəyə görə bir daha minnətdarlığını bildirdi. Ağdam rayonunda inşa edilən və uşaqların artıq təhsil aldığı “Manas” adını daşıyan məktəb xalqlarımızın sarsılmaz birliyinin və qardaşlığının əbədi abidəsi kimi qiymətləndirildi. Şərq dünyasının dahi sənətkarı Çingiz Aytmatovun Bakıdakı abidəsi və parkı, Bişkekdəki Qırğızıstan-Azərbaycan dostluğu parkı, eləcə də qarşılıqlı keçirilən Mədəniyyət Günləri Prezident İlham Əliyevin bəyanatında xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran mühüm mənəvi körpülər kimi xarakterizə olundu. Mərkəzi Asiya ölkələri ilə münasibətlərin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı diqqəti qarşılıqlı səfərlərin rekord dinamikasına çəkdi. 2023-cü ilin əvvəlindən bu günə qədər Azərbaycan Prezidentinin Mərkəzi Asiyanın qardaş ölkələrinə 16 dəfə səfər etməsi, həmin ölkələrin rəhbərlərinin isə Azərbaycana 26 dəfə gəlişi Mərkəzi Asiya və Azərbaycanın artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrildiyini parlaq şəkildə sübut edir. Prezident İlham Əliyev Azərbaycanın bu məşvərət formatına tamhüquqlu üzv seçilməsinə görə bütün həmkarlarına təşəkkür edərək, ölkəmizin bu platformada fəal rol oynayacağını və xalqlarımızın inteqrasiyası üçün bütün səylərini səfərbər edəcəyini bəyan etdi. Çolpon-Ata Bəyannaməsinin kökündə duran ən başlıca məqamlardan biri də tərəflər arasında əsrlər boyu formalaşmış tarixi, mədəni və sivilizasiya əlaqələrinin xüsusi vurğulanmasıdır. Bu sənəd bir daha nümayiş etdirdi ki, mövcud tərəfdaşlıq konyunktur siyasi və ya müvəqqəti iqtisadi maraqlara deyil, kökləri tarixin dərinliklərinə işləyən ortaq genetik yaddaşa, mədəni yaxınlığa və ümumi mənəvi dəyərlərə söykənir. Xüsusilə türk xalqları arasında mövcud olan dil, mədəniyyət və ənənə birliyi bu münasibətlərin dayanıqlı gələcəyi üçün tükənməz bir mənbədir. Bununla yanaşı, Bəyannamədə beynəlxalq hüququn fundamental prinsiplərinə — suveren bərabərlik, dövlətlərin müstəqilliyinə hörmət, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı və daxili işlərə qarışmamaq prinsipinə sadiqliyin bir daha təsdiq olunması mühüm siyasi çəkiyə malikdir. Müasir beynəlxalq münasibətlər sisteminin sütununu təşkil edən bu prinsiplər regionda qarşılıqlı etimad mühitinin qorunub saxlanılmasına birbaşa xidmət edir. İqtisadi, ticarət və nəqliyyat-logistika sahələrində nəzərdə tutulan addımlar da Bəyannamənin strateji ağırlığını artırır. Dövlət başçılarının müntəzəm siyasi dialoqu və praktiki əməkdaşlığı inkişaf etdirmək əzmi ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyasının genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi üçün geniş üfüqlər açır. Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına ayrılan xüsusi diqqət Azərbaycanın Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirən əsas tranzit habı kimi rolunu daha da möhkəmləndirir. Bu marşrut yükdaşımaların sürətlənməsinə və region ölkələrinin qlobal ticarət şəbəkələrinə daha dərindən inteqrasiya olunmasına zəmin yaradır. Gələcəyə hesablanmış bu tərəfdaşlıqda energetika sahəsi, xüsusən yaşıl enerji keçidi və bərpaolunan enerji mənbələrindən istifadə məsələləri də ön plana çəkilir. Azərbaycanın zəngin təcrübəsi və Mərkəzi Asiyanın böyük enerji potensialı birləşərək regionun iqtisadi dayanıqlılığını artıran mühüm faktora çevrilir. Bunlarla yanaşı, rəqəmsallaşma, innovasiya, süni intellekt, rəqəmsal infrastruktur və kosmik texnologiyalar kimi müasir dövrün rəqabət qabiliyyətini müəyyən edən sahələrdə birgə addımların atılması insan kapitalının güclənməsinə və iqtisadiyyatın şaxələnməsinə misilsiz töhfə verəcəkdir. Əlbəttə, uzunmüddətli inkişafın əsas zəmanəti regional təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasıdır. Çolpon-Ata Bəyannaməsində terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi ümumi təhlükələrə qarşı birgə, koordinasiyalı mübarizənin vacibliyi xüsusi qeyd edilib. Təhlükəsizlik orqanları arasında məlumat mübadiləsinin və hüquq-mühafizə sahəsində əməkdaşlığın dərinləşdirilməsi regionun sabitlik adası kimi qalmasını təmin edəcəkdir. Nəhayət, sənədin humanitar ölçüsü — mədəniyyət, təhsil, elm, gənclər siyasəti və turizm sahələrində nəzərdə tutulan sıx əlaqələr dövlətlərarası münasibətləri cəmiyyətlər, insanlar səviyyəsinə qaldırır. Universitetlər və elmi-analitik mərkəzlər arasında tərəfdaşlıq ortaq elmi platformaların yaradılmasına, turizm potensialının birlikdə təşviqi isə xalqların bir-birini daha yaxından tanımasına xidmət edir. Bütün bunlar göstərir ki, Çolpon-Ata Bəyannaməsi və cənab Prezident İlham Əliyevin bəyanatında ifadə olunan strateji baxış Azərbaycan ilə Qırğızıstan, habelə bütün Mərkəzi Asiya dövlətləri arasında münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik mərhələsinə yüksəldərək Avrasiya məkanında uzunmüddətli sülhün, davamlı inkişafın və sarsılmaz qardaşlığın möhkəm təməlini qoymuşdur. Geri dön |