Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında yeni əməkdaşlıq platforması formalaşır
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında yeni əməkdaşlıq platforması formalaşırBu gün, 10:18. Yazar: azer |
![]() Azərbaycanın bütün sahələr üzrə sürətli inkişafı, xüsusilə ərazi bütövlüyünü, suverenliyini öz ordusunun gücü hesabına bərpa etməsi ölkəmizi beynəlxalq proseslərdə mühüm rol oynayan güclü və nüfuzlu dövlətə çevirib. Artıq Azərbaycanın regionun ən qüdrətli dövləti olması dünya birliyində də etiraf olunur. Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə yeni əməkdaşlıq platformalarını formalaşdırması beynəlxalq aləmin də diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bugünlərdə Qırğızıstana dövlət səfəri xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısının səfər çərçivəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirakı ölkəmizin bu region ilə yeni strateji tərəfdaşlıq xəttinin formalaşdırılması istiqamətində növbəti göstəricisidir. Prezident İlham Əliyevin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafına verdiyi töhfələr tədbirdə yüksək qiymətləndirildi. Bu fikirləri mətbuata açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib. Komitə sədri öncə, diqqəti Azərbaycan Prezidenti İlham Əliyevin 1-ci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi haqqında Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanına yönəldib və deyib ki, dövlətimizin başçısı bu ali mükafata Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın inkişafına, iki ölkənin xalqları arasında dostluğun möhkəmlənməsinə mühüm töhfələr verdiyinə, həmçinin regionda möhkəm sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq mühitinin yaranmasına göstərdiyi səylərə görə layiq görülüb. Prezident Sadır Japarovun dövlətimizin başçısına müraciət edərək “Sizin səyləriniz sayəsində qardaş ölkələrimiz möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanan əsl strateji tərəfdaşlıq münasibətləri əldə edib” deməsi hər birimizdə qürur hissi yaradıb. Hüquq müdafiəçisi iki ölkə arasında bu gün də davam edən sıx dostluq və əməkdaşlıq münasibətlərindən söhbət açaraq deyib ki, uzun illərdir Azərbaycan və Qırğızıstan çox böyük və şərəfli yol qət edib. Eyni zamanda, dövlətlərarası münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Komitə sədri Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatdan bəzi məqamları diqqətə çatdıraraq deyib ki, hər iki dövlət başçılarının onlarla qarşılıqlı səfərləri olub. Bu səfərlər həmişə mühüm hadisə ilə yadda qalıb. Dövlətimizin başçısı Qırğızıstanın Qarabağın bərpasına göstərilən köməyi və hər iki prezidentin Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin açılışında iştirakını xatırlatdı. Qeyd edildi ki, bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu. Ç.Qənizadə səfər çərçivəsində yadda qalan hadisələrdən birinin də Prezident İlham Əliyevin Fərmanı ilə Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanın ali ordeni – “Heydər Əliyev” ordeni ilə təltif olunması barədə Fərmanı elan etməsi oldu. Bu, həm də qardaş ölkə Prezidentinin ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfənin yüksək qiymətləndirilməsinin bariz nümunəsi idi. Tanınmış hüquqşünas iki ölkə arasında tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmətdən də söhbət açıb və iki ölkə başçılarının iştirakı ilə Bakıda Çingiz Aytmatovun abidəsini, onun adını daşıyan parkın açılışını etdiklərini xatırladıb. Hüquq müdafiəçisi “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" imzalanmasını iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirib: “Dövlətimizin başçısı da bu sənədin imzalanmasının mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq dedi ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”. “Səfər çərçivəsində mühüm əhəmiyyətli hadisələrdən biri də Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasıdır. Bu tarixi qərar ölkələrarası əlaqələrin güclənməsində, eləcə regional inteqrasiyanın dərinləşməsində mühüm rol oynayacaq”, - deyə Ç.Qənizadə bildirib. Geri dön |