Ana Sayfa > Ölkə / Media > "Labirint"in bədii çağırışını hamı eşidir
"Labirint"in bədii çağırışını hamı eşidirDünən, 21:32. Yazar: azer |
![]() Yaxşı əsər təkcə mövzu, süjet amili ilə məhdudlaşmır. Yaxşı əsər (bu baxımdan yaxşı bədii əsər) - hekayə, novella, povest, roman, şeir, poema, ... həyat həqiqətlərini - gerçəklikləri (duyğuları da həqiqətlər qəbul edin) də ifadə edir, bu gerçəkliklər bədii təxəyyülə söykənilməklə fəlsəfi dərk də yaradır. Ritmi, mahiyyəti, poetikası ilə dünyanı heyrətləndirən dörd yarpaqlıq bayatılarımızdan üzü bu yana, bu tezis Azərbaycan yazılı ədəbiyyatının həyat-təxəyyül, həyat-təxəyyül-dərk fəlsəfəsinin bədii əksi, milli-xəlqi müstəvidə inikasıdı. Çağdaş ədəbiyyatımızda yaxşı əsərlərin boyu bu işıqda aydınlığıyla görünür. Bəzən ədəbi hadisə kimi də dəyərləndirilir... Yaxşı əsər həm də sözə sədaqəti ifadə edir. Nə yaxşı ki, sözə sədaqətlə yazılan əsərlər sözə sədaqətlə də oxunur... Tanınmış yazıçı-publisist İmamverdi İsmayılovun "Labirint" povesti gerçəkliklərin - reallıqların əsəridi. Hadisələr bədii təxəyyüllə süsləndiyinə görə oxucu özünü bu hadisələrin müşahidəçisi (bəlkə də müdaxilə etməyə haqqı çatmayan iştirakçısı) bilir, müdaxilə edə bilmədiyi, müdaxilə etməyəcəyi hadisələr düşüncələrində ya yel əsdirir, ya yel kəsdirir. Bu, əsərin (yazıçının) ədəbi uğurudur. Bir ölümün anatomiyası kimi oxunan "Labirint" də təsdiqləyir ki, bədii yaradıcılıqda da sevmədən sevdirmək mümkün deyil; İmamverdi İsmayılov yazıçı olaraq (vətəndaş yazıçı olaraq!) insanlığın cəfakeşi olduğu üçün əsərləri ("Göyərçin köçür", "Astanada ölüm", "Bayquş və Qarovulçu" və b.) oxucunun düşüncələrində cəfakeşlik işığına dönür. Bu baxımdan yazıçının "Labirint" povestini insanın daxili dünyasının söz-şəkli, insanın düşüncələri haqqında bədii (həyati) düşüncələr əsəri də adlandıra bilərik. Zamanın şərtiliyi də aydınlığıyla duyulan bu əsərdə "dərd çəkənin dərdini çəkən yoxdur". "Dərd çəkən" nəyin (nələrin) dərdini çəkir? - cəmiyyətin, nazilib-nazilib üzülməkdə olan mənəvi dəyərlərin sabahlarının. Bu dərd (dərdlər) təəssüf biçimində təzahür edən dərddir (dərdlərdir). Labirint içində yaşayan və oxucunun düşüncələrini də bu çıxılmazlıqlara yönləndirən qəhrəman da "hara gedir bu dünya?" ritorik sualının yozumunun dolaşıqlığından çıxa bilmir. Duyulur ki, o da "batmanla gələn dərdlərin" (Yusif Səmədoğlu, "Qətl günü") qarşısını kəsməyin mümkünlüyünün mövcudluğu haqqında çək-çevirdədi; dilemmanı inam-inamsızlıq sərhədləri yaradıb. İmamverdi İsmayılovun "Labirint"i xarakter baxımından ədəbiyyatımızda az təsadüf edilən bir psixoloji əsərdir; yaşanılan psixoloji (bəlkə də psixi) təbəddülatların çarəsi çarəsizlikdir. "Labirint"in bədii-məntiqi təhkiyəsinə görə çarəsizliyin çarəsini düşünənlər üçün dünyanın bir adı da Dərddi. Dərdə çarə tapılacaqmı? Bu günümüzdə dayanıb dünənləri və sabahları düşünəndə İmamverdi İsmayılovun ədəbi-bədii gündəmə gətirdiyi labirintin "Labirint"ində əmin olursan: Milli-mənəvi dəyərlər cəmiyyətin mənəvi kodeksi olana kimi bu dərdin çarəsi olmayacaq, O ("Labirint"in dərdkeşi) və O kimilərin aqibəti (deməli, cəmiyyətin aqibəti) Yasinə yaxınlaşacaq... Əsərin qəhrəmanı xəstə doğulmayıb, onu cəmiyyət, "olmaz"lara boyun əyməyən "olar"lar bu günə salıb. "Labirint" həm də bu bədii çalarına görə yaxşı əsərdi: Zaman da əbədidi, dünya da, Onun (və Onların) düşüncələrinin burulğanına dönənlərin günahkarı bəşərdi, insandı; "Labirint" "olmaz"ları günüləyən, "olmaz"ların fəlsəfəsini düşüncələrdən çıxartmağa çalışan "olar"ların mahiyətini xatırladan əsərdi. Labirint insanları düşündürən və onların həyat fəlsəfəsinə çevrilməyə qadir olan bir əsərdi. ![]() İmamverdi İsmayılovun həyati, düşündürücü, gərəkli kəlamları Onun istəklərinin ifadəsidi sanki, yazıçı bunları düşüncələrə hopsun deyə yazıb, ömürlər bu kəlam-işığı unutmasın deyə yazıb: "Girdiyin qapıdan çıxmağı, qalxdığın pilləkəndən düşməyi də bacarmalısan", "Böyüklük boyla deyil, ürəklə ölçülər!..", "Kədərin dərəcəsi yoxdu, qədəri var!..", "Görəsən, Tanrı bəndəsinin göz yaşları hansı könül bulağından süzülüb gəlir?..", "Göz yaşları gözəl də ola bilər, çirkli də. Məqamına baxır...", "Urvatlı ölüm - ən son qazanc!.." Əsərdə bir məqam üçün bir ifadəni xatırlayaq: şəkk etmək. Şübhələnmək, tam inanmamaq kimi çalarları olan bu ifadəni İmamverdi İsmayılov yerində (və gözəl) işlədib, bu məqam üçün bu ifadədən savayı hansı söz, söz tərkibləri verilsəydi bunca yerinə düşməzdi, bunca gözəl (və inandırıcı!) səslənməzdi?! Qəhrəman da "dərd danışılanda yüngülləşir" qənaəti ilə həkimə müraciət edib. Özü dərdinin çarəsizliyini bilsə də müraciət edib. Həkimə deyir ki, "Şikayətim çoxdu... Fikirləşməkdən, eyni hərəkətləri təkrar etməkdən yoruluram, bərk üzülürəm. Çox vaxt xoflanır, şəkli qalıram. Naümid qalmaq adamı çox sarsıntılara düçar eliyər. Nə görürəmsə, qarşıma nə çıxırsa, qeyri-ixtiyari təkrar saymağa başlayıram. Günahkar axtarıram, dəxli var, ya yox. Heç nədən beynim qarışır, özümü inandıra bilmirəm, sakitləşmirəm. Andır (! - B.M.) yaddaş, huşsuzluq da bir yannan. Çox şeyi unuduram, təkrar düşünüb yadıma salmağa çalışıram, neyləməliyəm, hara getməliyəm? Rahatlığım, dincliyim yox, bir çınqı (! - B.M.) şirin yuxuya həsrət qalmışam. Canım boğazıma yığılıb. Ahıl yaşımda bu bəla hardan gəlib haxladı məni?!" Gileydimi? - kimdən gileydi, ünvansızdı, ünvansızlıq bədii düşüncənin müəyyənləşdirməli olduğu ünvansızlıqdı. "Labirint"in bədii təhkiyəsi deyir ki, bu gileyin ünvanı bəşərdi, insanlardı; "Labirint" bu baxımdan bəşəriliyə, insanlığa çağırışın bədii səsidi... Əsərin mahiyətinin alt qatında, fəlsəfi yozumların sırasında bir gerçək məqam da duyulur: nə salam dünənki salamdı, nə əleyk dünənki əleykdi - salamın da, əleykin də səmimiliyini hamı duyur, ancaq təkcə İmamverdi İsmayılovun təhkiyəsi ilə O deyir, bu narahatlığı ancaq O yaşayır, bu narahatlıq təkcə Onun dərdidir. Onun dərdinin bir adı da inam qəhətliyidi, iman qəhətliyidi. Bədii təhkiyəyə görə Onu ancaq imanı kamillər başa düşə bilər, inamı kamillər başa düşə bilər. Belə insanlar Ona niyə vaxtında rast gəlmədi, niyə? - yollar da labirintləşibmiş. Bunu İmamverdi İsmayılov açıq deməsə də, mahiyyət baxımından bu suala cavab kimi qəbul ediləsi bir məqamla ifadə edib, ürəklə bağlı bir məqam diqqəti çəkir; "Labirint"də Onun bir xatırlamasının duyğusallığı ilə yaşantıları arasında psixoloji bir yaxınlıq var. Bu yaxınlıq ürəkdir: "Uşaq vaxtı, ağ kağıza rəngli karandaşla ürək şəkli çəkəndə anası gəlib üstünə çıxdı, xoşhal oldu: "Burda özünü çəkmisən ki, mənim balam! Sən quruca ürək deyilsən, sən elə şəkilsiz ürəksən!.." Onda yaman ürəkləndi və sonralar anladı ki, hər şey, doğrudan da, məhz ürəkdən başlayır. Ürəksiz nə can var, nə həyat. Yaşamın, duyğuların, sevginin və bütün əzabların yükləndiyi əbədi məkan elə ürəkdir!.."; "Labirint"in fəlsəfəsi həyati fəlsəfədi, düşündürücü fəlsəfədi... İstər dünyada, istər nəfəs çatan, əl yetən yerlərdə yaşanılmış (və yaşanılan) hadisələrin dərki, bu hadisələrə fərqli baxışlar (zaman anlamında köhnə və zaman anlamında təzə baxışlar. Buna yeni, müasirləşmiş təfəkkür deyənlər var, olacaq da) haqqında düşüncələr kimi təqdim edilən "Labirint" povesti mahiyət baxımından "Bayquş və Qarovulçu" hekayəsinin davamıdır; dünənlərdən bu günə nələr çatdı, bu günlərdən sabahlara nələr çatacaq... "Labirint" psixoloji ovqat yaratma (və yaşatma) kimi bədii yükü ilə də diqqəti çəkir. O, yaşanılmış illərin son nəfəsə yaxınlaşdığı bir mərhələnin keçilməzliyində təntiyən ömür haqqında sıxıntıların əsəridir, bu sıxıntılar fərdi şəkildə təqdim edilsə də, ümuminin, bu baxımdan cəmiyyətin sıxıntılarıdır. Böyük dərdlər böyük ağrılar yaşadır; İmamverdi İsmayılovun Qəhrəmanı bu ağrıları duyandan bəri yaşantılarında yellər əsib, şimşəklər çaxıb, sellər axıb, tufanlar coşub... Cümrünün (İsa Hüseynov (Muğanna), "Tütək səsi") faciəsini dəlixana sonlandırmışdı, Onun faciəsini ölüm sonlandırır. Cümrünün də faciəsinin baiskarı cəmiyyət (insanlar) idi, Onun da. "Labirint" həm də zamanların ədəbi əlaqələndiricisi baxımından düşüncələrin səmtinin söz işığıdı. "Labirint"də Onun "donmuş, viran olmuş" (mənəvi aşınma anlamında - B.M.) "dünyanın sakinlərinə" müraciətinə qurtuluşun (bu psixoloji sıxıntıları yaşayan təkcə O deyil) "sos"u deyə bilərikmi? - mövzuya, təhkiyələrin (istər müəllif təhkiyələrinin, istərsə də Onun təhkiyələrinin) fəlsəfi mahiyətinə, bu mahiyətin söz düzümünə əsaslanılarsa, dünyanı sıxmaqda olan nəsnələrə görə deyə bilərik. Qəlbitəmizlər, ruhu rəvanlar, gerçəkliyin gerçək ədəbi tənqidi bizi qınamaz... "Labirint"də simvollar da əsərin bədii həllinin şərti kimi dərk olunur: Onun təkliyi ("...ətrafında bir yığın adam ola, ancaq yalqız qalasan. Tənhalıq ağırdı, çox bəlaya qucaq açar..."), bu xəstəliyin (düşüncə xırdalığının) Onun psixoloji tarazlığını pozması, ciddi xəstəliyə çevrilməsi, evinin məscidə yaxınlığı (insafla oxuyanda bunu son nəfəsi ifadə etmə anlamından daha çox, iman anlamına, duru ömür yaşanılması anlamına yozmaq daha insaflı olardı...)... "Bayquş və Qarovulçu" da, "Labirint" də bəşər kimi yaşamağın "yoluna atılan daşlar"ın fəsadları haqqında fəlsəfi (və həyati!) düşüncələrdi. "Bayquş və Qarovulçu" da, "Labirint" də bəşər kimi yaşamağın yolunu göstərən əsərdir. "Bayquş və Qarovulçu" azan səsi ilə tamamlanır, "Labirint" də; Onun evinin məscidə yaxınlığı simvol olsa da, müəllif təhkiyəsi bu simvolu bədii mətn kimi davam etdirir: "Amma azan səsi kəsilmir, dar macalda gözü çəkili, qulağı səsdə olan gecənin bağrını yarırdı...Və bir Allah bəndəsinin ruhuna rəhmət oxunurdu..." Bir ölüm haqqında povest olan "Labirint", əslində, duruluğa, saflığa - bəşəriliyə bədii çağırışdı. "Labirint"in bədii çağırışını hamı eşidir, İmamverdi müəllim, səmimiyyətlə eşidir... Geri dön |