Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: "Çolpan-Atadan yüksələn müttəfiqlik siyasi, iqtisadi və mənəvi birliyin daha da möhkəmlənməsi deməkdir"
Səttar Möhbalıyev: "Çolpan-Atadan yüksələn müttəfiqlik siyasi, iqtisadi və mənəvi birliyin daha da möhkəmlənməsi deməkdir"Bu gün, 17:55. Yazar: azer |
![]() Bəzən dövlətlərarası münasibətlərin tarixində elə səfərlər olur ki, onların əhəmiyyəti təkcə imzalanan sənədlərlə, keçirilən görüşlərlə və ya səsləndirilən bəyanatlarla ölçülmür. Belə səfərlər bütöv bir siyasi kursun, strateji baxışın və gələcək inkişaf istiqamətinin ifadəsinə çevrilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri və Çolpon-Ata şəhərində keçirilən Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının III iclası da məhz belə tarixi hadisələr sırasındadır. Bu səfər göstərdi ki, Bakı ilə Bişkek arasında münasibətlər artıq ənənəvi dostluq çərçivəsini aşaraq strateji müttəfiqlik məzmunu qazanıb. Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Fikirlərini davam etdirən millət vəkili bildirib ki, son illər cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu siyasətin mühüm istiqamətlərindən biri də Türk dünyasının inteqrasiyasının dərinləşdirilməsi, ortaq siyasi iradənin formalaşdırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Qırğızıstanla münasibətlərin bugünkü səviyyəsi də məhz bu strateji baxışın nəticəsidir. Çolpon-Atada keçirilən Dövlətlərarası Şuranın III iclası göstərdi ki, Azərbaycan və Qırğızıstan artıq münasibətləri gələcəyin çağırışlarına uyğun qururlar. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi qarşılıqlı etimadın və siyasi məsuliyyətin ən yüksək ifadəsidir. Bu, yalnız ikitərəfli əlaqələrin deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mövqelərin daha da möhkəmlənəcəyinin göstəricisidir. Diqqətçəkən məqamlardan biri odur ki, bu əməkdaşlığın əsasında yalnız siyasi maraqlar dayanmır. Dövlət başçılarının çıxışlarında dəfələrlə səsləndirilən "qardaşlıq", "ortaq köklər", "ortaq tarix" kimi anlayışlar münasibətlərin mənəvi dayaqlarını da nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin Qarabağın bərpasına göstərilən dəstəyə görə Qırğızıstana təşəkkür etməsi, Ağdamda "Manas" adına məktəbin fəaliyyətini qardaşlığın əbədi simvolu kimi qiymətləndirməsi bunun ən parlaq nümunələrindəndir. Əslində, Ağdamdakı "Manas" məktəbi sadəcə bir təhsil müəssisəsi deyil. O, işğaldan azad olunmuş torpaqlarda Türk dünyasının həmrəyliyini nümayiş etdirən canlı abidədir. Qarabağın bərpasında iştirak edən hər bir dost ölkə Azərbaycanın tarixi ədalətinin bərpasına mənəvi dəstəyini nümayiş etdirir. Qırğızıstan isə bu dəstəyi konkret layihələrlə gerçəkləşdirərək münasibətlərə xüsusi məzmun qazandırıb. Səfərin ən diqqətçəkən siyasi hadisələrindən biri də qarşılıqlı ali dövlət təltifləri oldu. Cənab Prezident İlham Əliyevin Qırğızıstanın "Manas" ordeni ilə təltif edilməsi, Prezident Sadır Japarovun isə Azərbaycanın ali dövlət mükafatı – "Heydər Əliyev" ordeninə layiq görülməsi diplomatik protokol çərçivəsindən kənara çıxan böyük siyasi mesaj idi. Bu təltiflər dövlət başçılarının şəxsi xidmətlərinə verilən qiymətlə yanaşı, iki ölkə arasında formalaşmış etibarlı strateji tərəfdaşlığın da rəmzi kimi tarixə düşdü. Millət vəkili onu da bildirib ki, diplomatiyada ali ordenlər təkcə fərdi xidmətlərin qiymətləndirilməsi deyil, dövlətlərin bir-birinə göstərdiyi ən yüksək etimadın ifadəsidir. Çolpon-Atada yaşanan bu qarşılıqlı ehtiram, əslində, Azərbaycan–Qırğızıstan münasibətlərinin artıq yeni siyasi mərhələyə qədəm qoyduğunu bütün dünyaya nümayiş etdirdi. Səfərin iqtisadi nəticələri də xüsusi diqqət çəkir. Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması gələcək əməkdaşlığın iqtisadi dayaqlarını daha da möhkəmləndirəcək. Bu qərar yeni istehsal sahələrinin yaradılması, investisiyaların genişlənməsi və qarşılıqlı iqtisadi maraqların daha sıx şəkildə uzlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. İssık-Kul sahilində Azərbaycan dövlətinin maliyyəsi hesabına inşa edilən beşulduzlu "Bakı" hotelinin açılması isə iqtisadi əməkdaşlığın rəmzi olmaqla yanaşı, Azərbaycanın regionun inkişafına verdiyi real töhfənin də göstəricisidir. Bu layihə sübut edir ki, Bakı yalnız siyasi bəyanatlarla kifayətlənmir, dost ölkələrin inkişafına konkret investisiyalar yatırmaqla münasibətləri praktik müstəviyə daşıyır. Mətbuata bəyanatlarda səslənən fikirlər isə əslində, Azərbaycan–Qırğızıstan münasibətlərinin gələcək inkişaf konsepsiyasını və Türk dünyasının yeni əməkdaşlıq modelini özündə əks etdirən strateji yol xəritəsi kimi diqqəti cəlb etdi. Cənab Prezident İlham Əliyevin çıxışında vurğulanan hər bir istiqamət təsadüfi siyasi bəyanat deyil, uzunmüddətli dövlət siyasətinin əsas prioritetlərini ifadə edən proqram xarakterli tezislər idi. İlk növbədə, dövlət başçısının "müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri münasibətlərin yeni mahiyyətini aydın şəkildə ortaya qoydu. Bu yanaşma göstərir ki, Bakı ilə Bişkek artıq əməkdaşlığı yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, regional təhlükəsizlik, beynəlxalq hüququn müdafiəsi və qlobal siyasi proseslərdə ortaq mövqedən çıxış etmək prinsipi əsasında qurur. Bu isə müttəfiqliyin ən mühüm göstəricisi olan siyasi etimadın və qarşılıqlı öhdəliklərin daha da möhkəmləndiyini nümayiş etdirir. Bəyanatda beynəlxalq platformalarda qarşılıqlı dəstəyin xüsusi vurğulanması da diqqətdən yayınmamalıdır. Bu gün beynəlxalq münasibətlər sistemində dövlətlərin maraqlarının qorunması təkcə milli imkanlarla deyil, etibarlı tərəfdaşlıq şəbəkəsi ilə də müəyyən edilir. Azərbaycan və Qırğızıstanın beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini ardıcıl şəkildə müdafiə etmək iradəsi onların strateji tərəfdaşlığının qlobal siyasi müstəviyə daşındığını göstərir. Bu yanaşma Türk Dövlətləri Təşkilatının, eləcə də digər beynəlxalq platformaların gələcək fəaliyyətində vahid siyasi mövqenin formalaşmasına da mühüm töhfə verəcək. Təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi barədə səsləndirilən fikirlər də xüsusi geosiyasi məna daşıyır. Müasir dövrdə regionların sabitliyi yalnız hərbi güclə deyil, siyasi koordinasiya, qarşılıqlı etimad və ortaq təhlükəsizlik mexanizmləri ilə təmin olunur. Cənab Prezident İlham Əliyevin bu istiqamətdə verdiyi mesaj göstərir ki, Azərbaycan və Qırğızıstan regional sabitliyin qorunmasını ortaq məsuliyyət kimi qəbul edir və gələcəkdə təhlükəsizlik məsələlərində daha sıx koordinasiya etməyə hazırdır. Bu, bütövlükdə Türk dünyasında sabitliyin və qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə xidmət edən mühüm siyasi yanaşmadır. Cənab Prezident İlham Əliyevin Qarabağın bərpasına göstərilən qardaş dəstəyini xüsusi minnətdarlıq hissi ilə qeyd etməsi və Ağdamdakı "Manas" məktəbini xalqlarımızın birliyinin rəmzi kimi dəyərləndirməsi humanitar əməkdaşlığın da siyasi münasibətlər qədər mühüm əhəmiyyət daşıdığını göstərdi. Mədəniyyət Günlərinin keçirilməsi, Çingiz Aytmatov irsinə birlikdə göstərilən ehtiram və ortaq mənəvi dəyərlərin yaşadılması dövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi maraqlar üzərində deyil, ortaq mədəni irs və mənəvi bağlılıq üzərində də inkişaf etdiyini bir daha təsdiqlədi. Ən nəhayət, cənab Prezident İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət formatına tamhüquqlu qoşulmasına görə təşəkkürünü ifadə etməsi və gələcək əməkdaşlıq perspektivlərinə verdiyi yüksək qiymət mühüm geosiyasi mesaj idi. Bu, Azərbaycanın artıq Mərkəzi Asiyanın siyasi gündəliyinin ayrılmaz tərəfdaşı kimi qəbul edildiyini, Türk dünyasının inteqrasiyasında aparıcı rol oynadığını və gələcək regional təşəbbüslərin əsas iştirakçılarından birinə çevrildiyini göstərir. Beləliklə, Çolpon-Atada səslənən bəyanatlar təkcə bir dövlət səfərinin yekun bəyanatı deyil, Türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyasının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm strateji sənəd təsiri bağışladı. Cənab Prezident İlham Əliyevin bu dövlət səfəri bir daha təsdiqlədi ki, Azərbaycanın xarici siyasəti uzaqgörənlik, qarşılıqlı hörmət və ortaq maraqlar prinsipi üzərində qurulub. Bu siyasətin nəticəsində Türk dünyasında yeni əməkdaşlıq modeli formalaşır. Çolpon-Atadan yüksələn bu müttəfiqlik xətti isə təkcə Azərbaycan və Qırğızıstan üçün deyil, bütövlükdə türk coğrafiyasının siyasi, iqtisadi və mənəvi birliyinin daha da möhkəmlənməsinə xidmət edən strateji yol xəritəsidir-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb. Geri dön |