Ana Sayfa > Manşet / Siyasət > Ana dilimiz milli kimliyimizin əbədi möhürüdür

Ana dilimiz milli kimliyimizin əbədi möhürüdür


Bu gün, 14:29. Yazar: azer
Ana dilimiz milli kimliyimizin əbədi möhürüdür

Azərbaycan dili əsrlər boyu xalqımızın milli varlığını qoruyan, zəngin mədəniyyətini, ədəbiyyatını, tarixini və mənəvi irsini nəsildən-nəslə çatdıran ən müqəddəs sərvətlərdən biri olmuşdur. Məhz ana dilimiz sayəsində xalqımız ən mürəkkəb tarixi sınaqlardan üzüağ çıxmış, milli kimliyini və özünəməxsusluğunu qoruyub saxlamışdır.

Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün dil bayramı olmaqla yanaşı, həm də xalqımızın milli kimliyinin, dövlətçilik tarixinin və mənəvi dəyərlərinin təntənəsidir.

Ümummilli lider Heydər Əliyev deyirdi: "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir." Bu fikir Azərbaycan dövlətinin dil siyasətinin mahiyyətini və fəlsəfəsini özündə əks etdirir. Dil sadəcə ünsiyyət vasitəsi deyil. Dil xalqın yaddaşı, milli düşüncəsi, mənəviyyatı, dövlətçilik ənənələri və gələcəyə aparan yoludur.

Sovet hakimiyyəti dövründə milli dillərin sıxışdırılması siyasəti həyata keçirilirdi. Xüsusilə 1970-ci illərin ikinci yarısından etibarən SSRİ-də rus dilinin üstün mövqeyi daha da gücləndirilir, milli dillərin ictimai həyatda istifadəsinə müxtəlif maneələr yaradılırdı. Həmin dövrdə ana dili uğrunda danışmaq, onu dövlət dili kimi müdafiə etmək böyük cəsarət tələb edirdi. 1930-cu illərin repressiyalarında dil və milli dəyərlər uğrunda çıxış edən ziyalıların ağır taleyi hər kəsə məlum idi. Belə bir şəraitdə milli respublikaların rəhbərlərinin əksəriyyəti bu mövzuda açıq mövqe sərgiləyə bilmirdi.
Məhz belə mürəkkəb siyasi şəraitdə Ümummilli Lider Heydər Əliyev qətiyyət və prinsipiallıq nümayiş etdirərək Azərbaycan dilinin hüquqlarının müdafiəsini dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirdi.

1978-ci il aprelin 2-də Azərbaycan SSR Konstitusiyasının müzakirəsi zamanı onun təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsində "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəasının təsbit edilməsi xalqımızın milli tarixində dönüş nöqtələrindən biri oldu. Bu qərar yalnız hüquqi norma deyil, milli özünüdərk və gələcək müstəqilliyin ideoloji təməli idi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ana dilinin hüquqi statusunun daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi. Bununla da uzun illər uğrunda mübarizə aparılan prinsip müstəqil Azərbaycanın əsas qanununda öz əksini tapdı.
Bu siyasətin davamı olaraq 2002-ci ildə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qəbul edildi. Qanunda Azərbaycan dilinin dövlətçiliyimizin əsas atributlarından biri olduğu vurğulanır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi dövlətin mühüm vəzifəsi kimi müəyyən edilir. Dövlət dili yalnız idarəetmədə deyil, təhsil, elm, mədəniyyət, informasiya məkanı və ictimai həyatın bütün sahələrində aparıcı mövqeyə malik olmalıdır.

Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi də Ümummilli Lider Heydər Əliyevin dil siyasətinin mühüm mərhələlərindən biridir. 2001-ci il avqustun 9-da imzalanmış Fərmana əsasən hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu qərar latın qrafikalı əlifbaya keçidin başa çatdırılması ilə yanaşı, ana dilimizin inkişafına verilən yüksək dövlət qayğısının bariz ifadəsi idi.

Ulu Öndər Azərbaycan dilinin zənginliyini hər zaman xüsusi vurğulayırdı. Onun "Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var", "Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz", "Dil, dil, bir də dil..." kimi fikirləri bu gün də aktuallığını qoruyur və hər bir azərbaycanlı üçün mənəvi çağırış kimi səslənir.
Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin təşəbbüsü ilə Azərbaycan dilinin qloballaşma şəraitində inkişafına dair Dövlət Proqramı qəbul edilmiş, latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri, Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi, dövlət dilinin saflığının qorunması ilə bağlı mühüm fərman və sərəncamlar imzalanmışdır.

Xüsusilə 2018-ci ildə imzalanan "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman, eləcə də 2025-ci ildə Azərbaycan dilinin tətbiqinə və normalarına nəzarət səlahiyyətinin Mədəniyyət Nazirliyinə verilməsi bu sahədə həyata keçirilən islahatların ardıcıl xarakter daşıdığını göstərir.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Dövlət başçısı hesab edir ki, dilimizin saflığının qorunması yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin – alimlərin, müəllimlərin, jurnalistlərin, yazıçıların, siyasətçilərin, valideynlərin və xüsusilə gənclərin ümumi vətəndaşlıq borcudur.

Qloballaşma, rəqəmsallaşma və süni intellekt dövründə ana dilinin qorunması daha böyük əhəmiyyət kəsb edir. İnternet məkanı, sosial şəbəkələr və informasiya texnologiyaları dilə yeni imkanlar yaratmaqla yanaşı, müəyyən təhlükələr də formalaşdırır. Buna görə də Azərbaycan dilinin rəqəmsal mühitdə inkişafı, elektron resursların, terminoloji bazaların, lüğətlərin və süni intellekt sistemlərinin ana dilimizdə formalaşdırılması artıq strateji məsələyə çevrilib.

Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil. Bu dil Nizaminin hikmətini, Füzulinin qəzəllərini, Xətainin dövlətçilik düşüncəsini, Mirzə Fətəli Axundzadənin maarifçiliyini, Cəlil Məmmədquluzadənin milli oyanışını, Üzeyir Hacıbəylinin musiqisini və Bəxtiyar Vahabzadənin istiqlal ruhunu yaşadan mənəvi xəzinədir. Dilimiz xalqımızın keçmişini gələcəyə bağlayan ən möhkəm körpüdür.

Bu gün Azərbaycan dili dünyanın 50 milyondan çox insanının ana dilidir. Onun beynəlxalq nüfuzunun artırılması, xaricdə yaşayan soydaşlarımızın ana dilini yaşatması, dilimizin elmi, texnoloji və rəqəmsal imkanlarının genişləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir.

Avqustun 1-i bizə bir daha xatırladır ki, ana dilimizi qorumaq təkcə keçmişə hörmət deyil, həm də gələcəyə məsuliyyətdir. Azərbaycan dili dövlətçiliyimizin əsas sütunu, milli kimliyimizin rəmzi və mənəvi varlığımızın ən qiymətli xəzinəsidir. Bu dili qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə saf şəkildə çatdırmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Məşhur Məmmədov,
Milli Məclisin deputat

Geri dön