Ana Sayfa > Özəl > ABŞ Türkiyənin F-35 proqramına qayıdışı üçün S-400 şərtini yenidən gündəmə gətirib
ABŞ Türkiyənin F-35 proqramına qayıdışı üçün S-400 şərtini yenidən gündəmə gətiribDünən, 22:12. Yazar: vasif |
![]() ABŞ Dövlət Departamenti Konqresə göndərdiyi məktubda Türkiyənin hazırda F-35 döyüş təyyarələrinin satışına dair qanunvericilikdə nəzərdə tutulan şərtlərə cavab vermədiyini bildirib. Fox News tərəfindən yayımlanan sənədə görə, Vaşinqton Ankaranın Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı mövqeyində dəyişiklik olmadığını vurğulayıb. Məktubda qeyd edilir ki, Türkiyə mövcud S-400 sistemlərinə sahib olduğu, gələcəkdə Rusiyadan oxşar sistemlər almamaq öhdəliyini götürmədiyi və Konqres tərəfindən müəyyən edilmiş digər tələbləri yerinə yetirmədiyi müddətdə F-35 proqramına qayıda bilməz. Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov hesab edir ki, S-400 məsələsi Vaşinqtonun irəli sürdüyü yeganə maneə deyil. Onun fikrincə, Türkiyə bu sistemlərdən imtina etsə belə, ABŞ tərəfindən əlavə şərtlərin irəli sürülməsi ehtimalı yüksəkdir. Ekspert bunu Vaşinqtonun Ankara ilə müdafiə əməkdaşlığına ehtiyatlı yanaşması ilə əlaqələndirir. Rövşən Məhərrəmovun sözlərinə görə, Türkiyə üçün S-400 sistemlərindən imtina həm maliyyə, həm də siyasi baxımdan mürəkkəb qərar ola bilər. O bildirib ki, Ankara bu sistemlərə milyardlarla dollar vəsait xərcləyib və onları ölkənin müstəqil müdafiə siyasətinin mühüm elementi kimi təqdim edib. Ekspert qeyd edib ki, F-35 proqramı isə Türkiyə Hərbi Hava Qüvvələrinin uzunmüddətli inkişaf strategiyası baxımından böyük əhəmiyyət daşıyır. Onun fikrincə, beşinci nəsil qırıcıların əldə olunması gələcək onilliklərdə ölkənin hava qüvvələrinin imkanlarına ciddi təsir göstərə bilər. Rövşən Məhərrəmov vurğulayıb ki, S-400 və F-35 eyni funksiyanı yerinə yetirmir. Onun sözlərinə görə, S-400 hava hücumundan müdafiə sistemi, F-35 isə çoxməqsədli döyüş təyyarəsidir və bu səbəbdən onları bir-birinin alternativi kimi qiymətləndirmək düzgün deyil. Qeyd edək ki, Türkiyə 2017-ci ildə Rusiyadan S-400 sistemləri aldıqdan sonra ABŞ tərəfindən F-35 proqramından çıxarılmışdı. Vaşinqton və Ankara arasında bu məsələ ilə bağlı danışıqlar müxtəlif dövrlərdə davam etsə də, tərəflər hələlik yekun razılığa gələ bilməyiblər. Geri dön |