Ana Sayfa > Özəl > Türkiyə Nazirliyi qida saxtakarlığı ilə bağlı yeni siyahı açıqlayıb

Türkiyə Nazirliyi qida saxtakarlığı ilə bağlı yeni siyahı açıqlayıb


Dünən, 21:29. Yazar: vasif
Türkiyə Nazirliyi qida saxtakarlığı ilə bağlı yeni siyahı açıqlayıb



Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi qida məhsullarında saxtakarlıq və tərkib pozuntuları ilə bağlı növbəti yoxlamaların nəticələrini açıqlayıb. Nazirliyin yenilənmiş siyahısına daha 34 məhsul daxil edilib.
Rəsmi məlumata görə, yoxlamalar zamanı "Sağlamlıq üçün təhlükəli qidalar" və "Saxtalaşdırılmış və ya tərkibi dəyişdirilmiş qidalar" kateqoriyalarında müxtəlif qanun pozuntuları aşkarlanıb. Nazirlik bildirib ki, sağlamlıq baxımından risk daşıyan 12 məhsulun 9-da at və ya eşşək ətindən istifadə edildiyi müəyyən olunub.
Açıqlamaya əsasən, həmin məhsulları istehsal edən müəssisələrin beşi Mersin, dördü isə Adana vilayətində fəaliyyət göstərir. Qanun pozuntularının yalnız ət məhsulları ilə məhdudlaşmadığı da qeyd olunub.
Nazirliyin məlumatına görə, aparılan laborator analizləri nəticəsində "qatıq" adı ilə satışa çıxarılan məhsullardan birində qatılaşdırıcı maddə kimi jelatindən istifadə edildiyi müəyyən edilib. Bundan əlavə, Adananın Yüreğir rayonunda "istiliklə emal edilmiş mal əti kolbasası" adı ilə satılan məhsulun tərkibində mexaniki şəkildə ayrılmış quş əti aşkar olunub.
Rəsmi açıqlamada həmçinin Ankaranın Yenimahalle rayonunda fəaliyyət göstərən bir müəssisənin istehsal etdiyi toyuq küftəsində də mexaniki şəkildə ayrılmış quş ətindən istifadə edildiyi bildirilib.
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi qida təhlükəsizliyinin təmin olunması məqsədilə ölkə üzrə yoxlamaların davam etdiriləcəyini, tərkibində uyğunsuzluq və saxtalaşdırma aşkar edilən məhsullar, eləcə də qanun pozuntusuna yol verən müəssisələr barədə məlumatların ictimaiyyətə açıqlanacağını bəyan edib.
Geri dön