Ana Sayfa > Ölkə > Dava din-məzhəb davası deyil – din pərdəsi altında siyasət yeridənlər var

Dava din-məzhəb davası deyil – din pərdəsi altında siyasət yeridənlər var


Bu gün, 13:03. Yazar: vasif
Dava din-məzhəb davası deyil – din pərdəsi altında siyasət yeridənlər var


Ölkəmizdə kükrəmiş ateist-mömin qovğasının əsl səbəbi bir az dərindədir, bir ateistin çıxışlarındakı mülahizələrlə bağlı deyil.

Zatən, o adamı izləyənlər bildirirlər ki, onun yaydığı videolarda təhqiramiz heç nə olmayıb, o, sadəcə, dünyəvi dövlətin qanunlarına uyğun şəkildə öz fikirlərini izhar edib.

Dünən yayılan başqa bir videoda isə həmin şəxslə sözlü mübahisə etmiş başqa biri təntənəli şəkildə etiraf etdi ki, ateist adlandırılan şəxs onu təhqir etdiyi üçün hüquq-mühafizə orqanlarına şikayət edib və adamın 10 günlüyə təcrid olunmasına nail olub. Yəni iki nəfər virtual məkanda mübahisə ediblər, bir-birinə ağır sözlər deyiblər, biri şikayət edib, o birini tutdurub.

İndi bu şəxsi münasibətlər zəminində baş vermiş qovğaya görə sosial şəbəkədə “qırğın” gedir, ateisti nəyi var, söyürlər, o söyüşləri burada yazmaq mümkün deyil, amma orada yazırlar və başqa vaxt küfrdən, kafirlikdən bəhs edirlər.

“Küfr” nə deməkdir ki? “Küfr”ün dilimizə tərcüməsi “söyüş”dür, “kafir” isə “söyüşsöyən” deməkdir. Ateisti ağır söyüşlərlə söyənlər məhz kafirlik edirlər, amma xəbərləri yoxdur.

Hansısa teokratik dövlətdə, şəriət rejiminin bərqərar olduğu ölkədə olsaydı, indi ləqəbi Çevik olan Məqsəd adlı şəxsi xüsusi bir çevikliklə dar ağacının altına götürər, məqsədinin nə olduğunu dinləmədən, detallara varmadan asardılar.

Azərbaycan hansısa bir dinin, məzhəbin mütləq dominant olmadığı, çoxkonfessiyalı, sekulyar dövlətdir, burada başqa dini etiqadı olanları və ya heç bir dini etiqadı olmayanları təqib etmirlər. (Başqa dövlətlərə casusluq etdikləri üçün həbs olunan dindarlar var, amma onların suçu aydındır).

Son illərdə isə ateistlik kimi görünən çıxışların başqa, daha ciddi səbəbi var.

Bir sıra ölkələr Azərbaycana din pərdəsi altında soxulmaq, yerli əhalini öz dövlət ideologiyalarının təsiri altına almaq, daha sonra ona uyğun olaraq siyasi düzən bərqərar etmək istəyirlər. Bunu inkar etmək, danmaq mümkün deyil, hər şey ortadadır.

Bir ara vəhhabilərin ölkə çapında geniş qol-budaq atmasını görürdük. Onlar bir çox məscidləri tam inhisara götürmüşdülər, biznes strukturları yaratmışdılar, ətraflarına geniş kontingent toplamışdılar. Axırda bu şəxslər məscidləri hərbi komissarlığa döndərdilər, pul-parayla, biznesə himayədarlıqla ətraflarına yığdıqları gənc kişiləri səfərbər edərək Əfqanıstana, Suriyaya və İraqa “cihad”a göndərdilər. Ailələri ilə birlikdə “müqəddəs müharibə”yə gedən kişilərin 1-2 aydan sonra öldükləri, qadınlarının isə onların “savaş yoldaşları” arasında paylandığı barədə xəbərlər gəldi. Azərbaycan dövləti İraqda, Suriyada əsir saxlanılan uşaqların əksəriyyətini alıb gətirib, gənc qadınlar isə hələ də əsirlikdədir.
İndi bunu kimsə dana, “elə deyil, belədir” deyə bilərmi? Bunlar həqiqətdir.

İrandan ölkəmizə ixracı nəzərdə tutulan “yaşıl inqilab” ideyası, geniş casusluq şəbəkəsi və onun ifşası barədə çox yazılıb. Onlar da öz fəaliyyətlərini din pərdəsi altında həyata keçirirdilər, məqsədləri İran dövlətinin nüfuz dairəsini genişləndirmək, burada “Kərimə” dövləri qurmaq idi və bunu dini ideologiya vasitəsilə etmək istəyirdilər. Deputat Fazil Mustafa mömin adamdır, amma bu mömin şəxs İranın dövlət ideolojisinə qarşı çıxdığı üçün onu öldürmək istədilər.

Necə olur, iranlı siyasi xadimlər yaddinli Paşinyanı qucaqlayır, əməkdaşlıq edirlər, amma bir mömini məhv etmək istəyirlər? Paradoksaldır, amma izahı var. Onların işi dövlət siyasətinə qarşı çıxanlarladır.

Başqa dövlətlərin öz ideologiyaları ilə ölkəmizə yerləşmək istəməsi isə dini fanatizmdən uzaq, bir yox, çox kitab oxumuş adamlarda mənfi rəy doğurur və onlar ölkədə yayılmaqda olan fanatizmin qarşısına çıxır, həmin ideologiyaların gözboyama səciyyəsini açıb göstərirlər. Belə olanda onlara ateist, deist, aqnostik və sair yarlıqlar yapışdırırlar.

Sosial şəbəkələrin milli seqmentində dini motivli mübahisələr çox və şiddətli olur. Niyə? Çünki başqa vaxt avropalıların hər bir icadını “şeytan əməli” adlandıran fanatiklər onların yaratdığı bu platformalardan istifadə edərək öz zərərli ideologiyalarını təbliğ edirlər və müqavimətlə üzləşəndə dərhal mənəvi terrora əl atır, rəqiblərini söyür, təhqir edir, hədələyirlər.
Əsl möminlik belə olmur. Əsl möminlik odur ki, insan sakit şəkildə öz ibadətini edir, reklam etmədən dini ayinləri yerinə yetirir, mənəvi dünyasını zənginləşdirir, əməli-saleh olur, savab işlər görür, kamilliyə can atır. Yoxsa İranda, Səudiyyə Ərəbistanında bərqərar olan teokratik rejimlərin təbliğatını aparmaq, eyzən onlara sarı boylanmaq, onlardan təlimatlar almaq, onları nümunə göstərmək, yaşadığı ölkədə bənzər rejim yaratmağa çalışmaq sırf siyasi fəaliyyətdir, din-məzhəb söhbətləri isə yalnız vasitədir.

Bu vəziyyətdə olan təkcə bizim ölkəmiz deyil. Orta Asiyanın müsəlman ölkələrində də başqa ölkələrdən idarə olunan dini-ekstremist təşkilatların apardığı təbliğata qarşı mübarizə var. Bu günlərdə Tacikistanda ərəb geyimlərinin yasaqlanması boşuna deyil. Bundan əvvəl Özbəkistan və Qazaxıstanda da bənzər qadağalar tətbiq olunub, başqa ölkələrdən axışan dini missionerlərin fəaliyyəti məhdudlaşdırılıb, yerli din xadimləri nəzarətə götürülüb, siyasətə qarışmaları yasaqlanıb. Onlar yalnız öz iqamətgahlarında, “Allahın evi”ndə insanların mənəviyyatının saflaşmasına çalışmalıdırlar, cəmiyyətə paklıq, dürüstlük nümunəsi göstərməlidirlər və pozitiv mesajlar verməlidirlər.

Məsələnin məğzi budur. İnsanları müxtəlif nağıllarla ələ alıb, beyinlərini yuyub, öz dövlətlərinə qarşı qoymaq, ümmətçilik adıyla milli identikliklərini sıfırlamaq, haradan baxsaq, mürtəce hərəkətdir. Buna qarşı olmaq isə ateistlik-mateistlik deyil, öz xalqına, dövlətinə sədaqətli olmaq deməkdir.musavat.com
Geri dön