Ana Sayfa > Ölkə > Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi

Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi


Dünən, 23:58. Yazar: vasif
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi


Bakı ilə Qars arasında bu gün ilk birbaşa aviareysin həyata keçirilməsi Türkiyədə böyük məmnunluqla qarşılanıb. Qarsın siyasi və ictimai xadimləri bu marşrutun iki qardaş ölkə arasında əlaqələri daha da gücləndirəcəyini bildiriblər.

aia.az xəbər verir ki, Qars Bələdiyyəsinin sədri Prof. Dr. Ötükən Senger, AK Partiyanın Qars millət vəkili Adem Çalkın və MHP Qars Təşkilatının sədri Əli Oktay Bakı–Qars birbaşa uçuşlarının başlaması ilə bağlı açıqlamalar veriblər.

Qars Bələdiyyəsinin sədri Prof. Dr. Ötükən Senger bildirib ki, Bakı–Qars birbaşa aviareysləri Azərbaycan və Türkiyə arasında “Bir millət, iki dövlət” anlayışını daha da möhkəmləndirəcək.

O qeyd edib ki, ilk reyslə Bakıdan Qarsa gəlmək onun üçün böyük qürur və sevinc olub. Senger vurğulayıb ki, Bakı ilə Qars arasında yaradılan bu yeni hava xətti təkcə nəqliyyat marşrutu deyil, həm də ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlığın rəmzidir.

Qars Bələdiyyəsinin sədri layihənin həyata keçirilməsində əməyi olan Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozana, hazırda İstanbulda Azərbaycanın baş konsulu vəzifəsində çalışan, əvvəllər isə Qarsda fəaliyyət göstərmiş Zamin Əliyevə, eləcə də bu prosesdə iştirak edən bütün qurumlara təşəkkür edib. O, Bakı–Qars uçuşlarının hər iki qardaş ölkəyə xeyir gətirəcəyinə inandığını bildirib.

AK Partiyanın Qars millət vəkili Adem Çalkın isə qeyd edib ki, Bakı–Qars aviareyslərinin əsasını hələ 2023-cü ildə yaradılan infrastruktur təşkil edir.

Onun sözlərinə görə, Qars Harakani Hava Limanı 1993-cü ildən çarter beynəlxalq reyslər üçün açıq olsa da, 13 mart 2023-cü ildə burada gömrük xidmətinin fəaliyyətə başlaması ilə hava limanı beynəlxalq uçuşlara tam hazır vəziyyətə gətirilib.

Millət vəkili bildirib ki, AK Parti hökuməti hər zaman əvvəlcə zəruri infrastrukturun yaradılmasına üstünlük verib və bu gün həmin işlərin nəticəsi olaraq Bakı–Qars birbaşa uçuşları reallığa çevrilib.

Adem Çalkın, həmçinin layihəyə dəstək verən Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyevə, Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozana və bu prosesdə əməyi olan hər kəsə təşəkkür edib. O bildirib ki, Qarsın turizm infrastrukturu artıq hazırdır və bundan sonrakı mərhələdə əsas söz sahibkarlarındır.

MHP Qars Təşkilatının sədri Əli Oktay isə Bakı–Qars birbaşa uçuşlarını Qarsın gələcəyi üçün tarixi addım adlandırıb.

Onun sözlərinə görə, bu marşrut sadəcə iki şəhəri birləşdirən hava xətti deyil, eyni zamanda Qarsın Qafqaza, Türk dünyasına və beynəlxalq ticarətə açılan strateji qapısıdır.

Əli Oktay vurğulayıb ki, yeni hava əlaqəsi Qarsın turizm, ticarət və investisiya imkanlarını genişləndirəcək, şəhərin bölgənin cazibə mərkəzlərindən birinə çevrilməsinə mühüm töhfə verəcək.

O, layihənin reallaşmasına töhfə verən Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozana, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyevə, Qars Bələdiyyəsinin sədri Prof. Dr. Ötükən Sengerə və bütün aidiyyəti qurumlara təşəkkürünü bildirib.

Əli Oktay əlavə edib ki, “Qars qazandıqca bölgəmiz, bölgəmiz qazandıqca isə Türkiyə qazanacaq” və Bakı–Qars birbaşa uçuşlarının Türkiyə, Azərbaycan və bütün region üçün uğurlu olmasını arzulayıb.

Geri dön