Ana Sayfa > Özəl > Terapevt xəbərdarlıq etdi: İsti hava bu sağlamlıq risklərini artırır
Terapevt xəbərdarlıq etdi: İsti hava bu sağlamlıq risklərini artırırDünən, 22:00. Yazar: vasif |
![]() Havanın temperaturunun yüksəlməsi insan orqanizminə ciddi təsir göstərə və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib ki, isti hava şəraitində orqanizmin su və mineral ehtiyatlarını itirməsi bir sıra təhlükəli hallara yol aça bilər. Mütəxəssisin sözlərinə görə, yüksək temperatur zamanı tərləmə artır və bunun nəticəsində susuzlaşma, halsızlıq, başgicəllənmə, diqqətin zəifləməsi və arterial təzyiqin enməsi kimi əlamətlər yarana bilər. O qeyd edib ki, günəş altında uzun müddət qalmaq istilik tükənməsi və günvurma riskini əhəmiyyətli dərəcədə artırır. Zakir Quliyev vurğulayıb ki, günvurma zamanı bədən hərarəti kritik həddə yüksələ, huşun itməsi, qıcolmalar və digər həyati təhlükəli fəsadlar baş verə bilər. Onun sözlərinə görə, isti hava xüsusilə ürək-damar, tənəffüs sistemi, böyrək xəstəlikləri və şəkərli diabet kimi xroniki xəstəliklərin gedişatını ağırlaşdıra bilər. Ekspert bildirib ki, yaşlı insanlar, körpələr, uşaqlar, hamilə qadınlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər yüksək temperaturun təsirlərinə daha həssasdırlar. Bu səbəbdən həmin şəxslərin isti günlərdə əlavə ehtiyat tədbirləri görməsi tövsiyə olunur. Terapevtin sözlərinə görə, gün ərzində kifayət qədər su qəbul etmək, susuzluq hiss olunmasa belə müntəzəm maye içmək vacibdir. O, həmçinin günəş şüalarının daha intensiv olduğu 11:00–17:00 saatları arasında açıq havada uzun müddət qalmamağı, kölgəli və sərin məkanlara üstünlük verməyi məsləhət görüb. Zakir Quliyev əlavə edib ki, açıq rəngli və hava keçirən geyimlərdən istifadə etmək, papaq və günəş eynəyi taxmaq, günəşdən qoruyucu vasitələrdən yararlanmaq, ağır fiziki işləri və idman məşqlərini səhər və ya axşam saatlarına keçirmək sağlamlığın qorunmasına kömək edir. O, qapalı məkanların yaxşı havalandırılmasının, alkoqollu və yüksək şəkərli içkilərdən uzaq durmağın, yüngül və balanslı qidalanmanın da isti havalarda mühüm əhəmiyyət daşıdığını bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, başgicəllənmə, güclü halsızlıq, ürəkbulanma, qusma, sürətli nəbz, həddindən artıq tərləmə və huşun qarışması kimi əlamətlər yaranarsa, dərhal sərin yerə keçmək, maye qəbul etmək və vəziyyət ağırlaşdığı halda təcili tibbi yardım çağırmaq lazımdır. Onun sözlərinə görə, sadə profilaktik tədbirlərə əməl etmək isti hava ilə əlaqədar yarana biləcək ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır. Geri dön |