Ana Sayfa > Ölkə > 1 ilinə az qaldı...-Bakı və İrəvan o sənədi nə vaxt imzalayacaq?
1 ilinə az qaldı...-Bakı və İrəvan o sənədi nə vaxt imzalayacaq?Dünən, 23:14. Yazar: vasif |
![]() Ötən ilin 8 avqustunda Azərbaycan və Ermənistan sülh mətnini parafladı. Sənəd Vaşinqtonda imzalandı və Ağ Ev lideri Trampın iştirakı ilə gerçəkləşdi. Bu razılaşmanın 1 ilinin tamamına təxminən 10 gün qalıb. Geridə qalan müddətdə isə Bakının son tələbi reallaşmayıb - Qarabağ iddiasını qanunvericilik aktlarından çıxarmaq. Paşinyan yeni konstitusiya mətninin isə ilin sonunda dərc olunacağını açıqlayıb. Lakin iki ölkə sülh yolunda böyük yol qət edib: sərhəddə atışma olmayıb, tranzit qadağası ləğv olunub, neft məhsullarımız bu ölkəyə ixrac edilir, Rusiya taxılı və gübrəsi ərazimizdən daşınır. 1 ilə yaxın müddətdə sülh yolunda irəliləyən tərəflər yekun sazişə nə qədər yaxındır? Milli Məclisin deputatı Naqif Həmzəyev Müsavat.com-a açıqlamasında dedi ki, Vaşinqton görüşünün üzərindən bir il keçsə də, amma tarix təqvimdəki rəqəmdən başqa bir şey demir: "8 avqust 2025-ci ildə Ağ Evdə, Prezident Tramp aracılığıyla parflanan sülh mətni bu gün də masanın üzərində, imzasız vəziyyətdə qalır. Və hər iki tərəf bunun səbəbini gizlətmir. Məsələ artıq danışıqların məzmununda deyil, Ermənistanın öz daxili hüquqi arxitekturasındadır. Prezident İlham Əliyevin fevral ayında Münhendə səsləndirdiyi formula, əslində, bütün prosesin bugünkü fotosudur. Sülh artıq faktiki reallıqdır, atəşkəs möhkəmdir, tranzit açıqdır, ticarət canlanıb, amma kağız üzərində təsdiqi yalnız bir şərtə bağlıdır: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi oxuna bilən bəndlərin ləğvi. Bakının bu mövqeyi son bir ildə heç dəyişməyib, əksinə, hər dəfə fərqli platformalarda daha aydın şəkildə təkrarlanıb. Bunun arxasında sadəcə prinsipiallıq deyil, hüquqi məntiq dayanır". Deputat onu da diqqətə çatdırdı ki, Ermənistanın Konstitusiya Məhkəməsinin gələcəkdə sazişi etibarsız sayması, yaxud radikal siyasi qüvvələrin bu boşluqdan istifadə etməsi riski real ssenari kimi qəbul edilir: " Başqa sözlə, Bakı üçün imza formallıq deyil, sazişin uzunömürlülüyünün zəmanətidir. İrəvan tərəfindən mənzərə daha mürəkkəbdir. 7 iyun parlament seçkiləri Paşinyan üçün gözlənilən qələbə ilə nəticələndi. "Vətəndaş Müqaviləsi" səs çoxluğunu qorudu. Amma bu qələbə avtomatik həll demək deyil. Seçki nəticələri eyni zamanda ölkənin nə qədər parçalandığını da göstərdi. Səsverənlərin üçdə biri açıq şəkildə revanşist mövqeli qüvvələrə tərəf çıxdı. Yəni Paşinyanın əlində mandat var, amma konsensus yoxdur. Yeni konstitusiya məsələsi bu fonda irəliləyir, amma öz sürəti ilə. Paşinyan "Dördüncü Respublika" adlandırdığı islahatın seçkilərdən sonra müzakirəyə çıxarılacağını dəfələrlə vurğulayıb. Layihənin ilin sonunadək ictimaiyyətə təqdim olunacağını bildirib. Lakin bu, referendumun tarixi demək deyil. Referendum ayrı, çox mərhələli və siyasi baxımdan həssas bir prosesdir ki, hələ rəsmi təqvimi belə açıqlanmayıb. Konstitusiya layihəsi ilin sonunda elan olunsa belə, sonrakı mərhələlər — ictimai müzakirə, parlamentdə təsdiq, referendum təşkilatı, kampaniya dövrü — adətən aylarla ölçülür. Bunun üzərinə Ermənistan daxilində islahata ehtiyatla yanaşan, hətta ona qarşı çıxan siyasi seqmentin gücünü də əlavə etsək, ortaya çıxan mənzərə aydındır. 2026-cı ilin bitməsinə qədər yekun sazişin imzalanması real ssenari deyil. Bu o demək deyil ki, proses dayanıb. Əksinə, ötən il ərzində qət edilən məsafə — atışmasız sərhəd, açılan tranzit, neft-qaz və taxıl axınının bərpası göstərir ki, tərəflər arasında etimad artıq praktiki müstəvidə qurulub. Sadəcə, kağız üzərindəki son addım siyasi təqvimin, seçki dövrünün və konstitusiya mexanikasının gecikməsinə bağlı qalıb. Əgər İrəvan referendum təqvimini 2026-cı ilin sonuna, ya da 2027-ci ilin əvvəlinə sıxışdıra bilsə, imza mərasimi növbəti Zayed mükafatından çox-çox əvvəl, real diplomatik hadisə kimi baş verə bilər. Amma bunun sürəti indi Bakıda yox, İrəvanın öz daxili siyasi kalkulyasiyasında həll olunur". Geri dön |