Ana Sayfa > Siyasət > Azərbaycan Dili Günü: Ana dilinə dövlət səviyyəsində verilən yüksək dəyərin təsdiqi

Azərbaycan Dili Günü: Ana dilinə dövlət səviyyəsində verilən yüksək dəyərin təsdiqi


Bu gün, 16:24. Yazar: azer
Azərbaycan Dili Günü: Ana dilinə dövlət səviyyəsində verilən yüksək dəyərin təsdiqi

Hər bir xalqın dili onun milli kimliyinin, tarixinin, mədəniyyətinin və milli-mənəvi dəyərlərinin ifadəsidir. Azərbaycan dili də bütün bu xüsusiyyətləri tarix boyu özündə yaşadaraq, müxtəlif təzyiqlərə və yad təsirlərə baxmayaraq qorunub, inkişaf edib və bu gün müstəqil Azərbaycan Respublikasının dövlət dili səviyyəsinə yüksəlib. Zaman-zaman dilimizi unutdurmağa, onu yad təsirlərə məruz qoymağa yönəlmiş cəhdlər olub. Bu mənfi tendensiya istər Çar Rusiyası dövründə, istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə müşahidə edilib. Bütün bunlara baxmayaraq, Azərbaycan dili qorunub-saxlanılıb və dövlət dili kimi möhkəmləndirilib.

Hər bir sahədə olduğu kimi, Azərbaycan dilinin saflığının qorunması və inkişaf etdirilməsində də Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Hələ sovet dövründə, bir çox müttəfiq respublikalarda milli dillərin istifadəsinin məhdudlaşdırıldığı, əsas ünsiyyət vasitəsinin rus dili olduğu bir vaxtda Ulu Öndər Azərbaycan dilinin qorunması istiqamətində ciddi siyasi iradə nümayiş etdirir, dilimizin yaşadılması üçün ardıcıl fəaliyyət göstərirdi. Belə mürəkkəb siyasi şəraitdə Azərbaycan dilinin qorunmasına xidmət edən fəaliyyət böyük cəsarət tələb edirdi. Bu baxımdan, 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması da məhz Heydər Əliyevin qətiyyətli mövqeyinin nəticəsi idi.

Ulu Öndər ana dilinə böyük sevgi və ehtiramla yanaşaraq onu milli dövlətçiliyin əsas sütunlarından biri hesab edirdi. Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı ki, xalqı xalq edən onun dili, mədəniyyəti və milli-mənəvi dəyərləridir.
Ulu Öndərin Azərbaycan dilinin saflığının qorunması, onun yad təsirlərdən mühafizə edilməsi və dilimizin inkişaf etdirilməsi istiqamətində fəaliyyəti müstəqillik illərində də davam etdirildi. Dövlət müstəqilliyinin əldə edilməsi ana dilinin daha da inkişafı üçün geniş imkanlar yaratsa da, müstəqilliyin ilk illərində hakimiyyətdə olan siyasi qüvvələr bu məsələyə kifayət qədər ciddi yanaşmır, dilimizin qorunması istiqamətində konkret addımlar atmırdılar. Yalnız 1993-cü ildə Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, dil siyasətinə də xüsusi diqqət yetirilməyə başlandı.

Bu baxımdan, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, dövlət dilinin tətbiqi, öyrənilməsi və inkişaf etdirilməsi dövlətin əsas vəzifələrindən biri kimi müəyyənləşdirildi. Tədricən dövlət idarələrində, təhsil müəssisələrində, məhkəmə sistemində, kütləvi informasiya vasitələrində və rəsmi sənədlərdə Azərbaycan dilinin istifadəsi genişləndirildi. Mərhələli şəkildə ana dilində dərsliklərin hazırlanması, elmi əsərlərin nəşri və klassik ədəbi irsin latın qrafikası ilə yenidən çap olunması istiqamətində mühüm layihələr həyata keçirildi.

Latın qrafikalı Azərbaycan əlifbasına keçid isə Azərbaycan xalqının müstəqil dövlət quruculuğu yolunda atdığı mühüm addımlardan biri idi. Bu proses milli kimliyimizin möhkəmlənməsinə, tarixi köklərimizə bağlılığımızın güclənməsinə və eyni zamanda dünya informasiya məkanına inteqrasiyaya geniş imkanlar açdı. Bu prosesin məntiqi sonluğu da məhz Ulu Öndərin imzaladığı müvafiq sənədlərlə təmin olundu. Belə ki, Heydər Əliyevin 2001-ci il tarixli fərmanına əsasən, ölkədə latın qrafikalı Azərbaycan əlifbasına keçid tam təmin edildi. Həmin il imzalanmış digər fərmanla hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edildi. Bu fərmanla Ulu Öndər Azərbaycan dilinə dövlət səviyyəsində verilən yüksək dəyəri bir daha təsdiq etmiş oldu. Həmin tarixdən etibarən ölkəmizdə hər il dövlət dilinə həsr olunmuş elmi konfranslar, dəyirmi masalar, kitab sərgiləri və ədəbi-bədii tədbirlər keçirilir.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dil siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla və məqsədyönlü şəkildə davam etdirilir. Cənab İlham Əliyevin 2018-ci ildə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" imzaladığı Fərman, eləcə də AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə səsləndirdiyi "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır" çağırışı dövlət dilinə göstərilən yüksək diqqət və qayğının bariz ifadəsidir.

Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı

Geri dön