Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarova Efiopiya Federasiya Palatasının sədri ilə görüşüb

Sahibə Qafarova Efiopiya Federasiya Palatasının sədri ilə görüşüb


Bu gün, 14:55. Yazar: azer
Sahibə Qafarova Efiopiya Federasiya Palatasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 29-da bu ölkənin Federasiya Palatasının sədri Aqeqnehu Teşager ilə görüşüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Aqeqnehu Teşager Azərbaycanın Efiopiya üçün çox mühüm bir ölkə olduğunu söyləyərək, xüsusilə Baş nazir Abiy Əhməd Əlinin Azərbaycana səfərindən sonra iki ölkə arasında münasibətlərin daha da gücləndiyini bildirib.

Görüşdə qeyd olunub ki, Efiopiya ticarət, investisiya, turizm kimi sahələrdə Azərbaycanla əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır. Bununla yanaşı, Azərbaycanın turizm sahəsində əldə etdiyi nailiyyətlərin Efiopiya üçün də uğurlu nümunə təşkil etdiyi vurğulanıb.

Federasiya Palatasının sədri Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasının Azərbaycanın uğuru olduğunu söyləyərək, ölkəmizin inkişafı, qazandığı nailiyyətlərin dost Efiopiyada diqqətlə izlənildiyini bildirib.

O, xüsusilə "ASAN xidmət" modelinin Efiopiyada da tətbiq olunması və Azərbaycanın bu məsələdə göstərdiyi texniki dəstəyi yüksək qiymətləndirərək, bu modelin artıq Efiopiyanın regionlarında qurulduğunu və bununla dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırıldığını diqqətə çatdırıb.
Azərbaycanın COP29-a yüksək səviyyədə evsahibliyi etdiyini və ölkəmizin uğurlu təşkilatçılığının yüksək qiymətləndirildiyini bildirən Aqeqnehu Teşager ölkəsinin 2027-ci ildə keçiriləcək COP32-yə evsahibliyi edəcəyini xatırladıb və bu sahədə də Azərbaycanın təcrübəsindən bəhrələnəcəklərini bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkür edərək, Efiopiyanın son illərdə bir çox sahələrdə nəzərə çarpan uğurlar qazandığını bildirib və bu nailiyyətlər münasibətilə təbrik edib. O, ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə olduğunu söyləyib və münasibətləri daha da dərinləşdirmək üçün böyük potensial olduğunu bildirib.

Görüşdə parlamentlərimiz arasında əlaqələr də nəzərdən keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova Federasiya Palatasının sədri Aqeqnehu Teşager ilə bundan əvvəlki görüşünü məmnunluqla xatırladaraq, deyib ki, hökumətlərarası əlaqələrlə yanaşı, parlamentlərimiz də münasibətləri daha da genişləndirməlidir. Söhbət zamanı həmçinin parlament sədrləri, dostluq qrupları arasında qarşılıqlı səfərlərin qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfələri vurğulanıb. Eyni zamanda, parlament komitələri, dostluq qrupları və parlament aparatları arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Federasiya Palatasının sədri Azərbaycanın fəal parlament diplomatiyası həyata keçirdiyini və bir çox beynəlxalq parlament təşkilatlarında aktiv təmsil olunduğunu bildirib. Spiker Sahibə Qafarova bu platformalarda əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Aqeqnehu Teşager Milli Məclisin sədrinin səfərinin çox mühüm bir dövrə təsadüf etdiyini, bir müddət əvvəl Efiopiyada 7-ci parlament seçkilərinin uğurla keçirildiyini bildirib və seçkilərin nəticələri haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Geri dön