Ana Sayfa > Siyasət > Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əbədi rəmzidir
Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əbədi rəmzidirBu gün, 14:48. Yazar: azer |
![]() Hər il avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi böyük ehtiramla qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli-mənəvi dəyərlərinin əsasını təşkil edən ana dilimizin qorunmasına, inkişaf etdirilməsinə və gələcək nəsillərə saf şəkildə çatdırılmasına xidmət edən mühüm tarixi günlərdən biridir. Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlətçiliyinin, zəngin mədəni irsinin, adət-ənənələrinin və tarixi yaddaşının əsas daşıyıcısıdır. Minilliklər boyu formalaşaraq zənginləşən ana dilimiz bu gün də milli varlığımızın və müstəqilliyimizin ən mühüm rəmzlərindən biri kimi yaşayır. Dil təkcə insanlar arasında ünsiyyət vasitəsi deyil. O, bir xalqın keçmişini gələcəyə daşıyan mənəvi körpü, milli şüurun, milli təfəkkürün və mədəniyyətin aynasıdır. Hər bir xalqın tarixi onun dili ilə yaşayır, milli-mənəvi dəyərləri dili vasitəsilə qorunur və gələcək nəsillərə ötürülür. Azərbaycan dili də əsrlər boyu xalqımızın həyat tərzini, dünyagörüşünü, milli xarakterini, qəhrəmanlıq salnaməsini və zəngin ədəbi irsini yaşadaraq bu günümüzə qədər gəlib çatmışdır. Azərbaycan dilinin dövlət dili kimi formalaşması uzun və mürəkkəb tarixi inkişaf yolu keçmişdir. Xalqımız əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşasa da, ana dilini qorumaqla milli kimliyini və mənəvi dəyərlərini yaşatmağı bacarmışdır. Müstəqil dövlətçilik tariximizdə bu istiqamətdə ilk mühüm addım 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən atılmışdır. Cümhuriyyət Hökumətinin 27 iyun 1918-ci il tarixli qərarı ilə Azərbaycan dili dövlət dili elan edilmiş, bununla da milli dövlət quruculuğunun əsas sütunlarından biri müəyyənləşdirilmişdir. Qısa fəaliyyət dövrünə baxmayaraq, bu qərar sonrakı dövrlər üçün mühüm hüquqi və siyasi əsas yaratdı. XX əsrin ikinci yarısında Sovet İttifaqında milli dillərin sıxışdırılması siyasəti həyata keçirilirdi. Bir çox müttəfiq respublikalarda milli dillərin ictimai həyatdakı mövqeyi zəiflədilir, rus dilinin üstün mövqeyi gücləndirilirdi. Belə mürəkkəb ictimai-siyasi şəraitdə Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi böyük siyasi uzaqgörənlik və cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyev ana dilimizin qorunmasını Azərbaycanın milli maraqları və dövlətçilik siyasətinin ayrılmaz hissəsi hesab edirdi. Onun qətiyyətli mövqeyi nəticəsində 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması barədə müddəa öz əksini tapdı. Bu tarixi qərar o dövr üçün olduqca mühüm siyasi hadisə idi və milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edən ən böyük addımlardan biri kimi tarixə yazıldı. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında dövlət dili siyasəti daha da inkişaf etdirildi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bununla yanaşı, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi, dövlət dilinin tətbiqinə dair fərman və sərəncamların imzalanması, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması ana dilimizin hüquqi əsaslarının daha da möhkəmlənməsinə səbəb oldu. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi qərara alındı. Bu qərar xalqımızın ana dilinə və latın qrafikalı Azərbaycan əlifbasına verilən yüksək dövlət qayğısının bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə daim xüsusi ehtiramla yanaşaraq deyirdi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Bu fikir ana dilinin millətin varlığında oynadığı müstəsna rolu aydın şəkildə ifadə edir. O, həmçinin vurğulayırdı ki, “Biz fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” Bu sözlər hər bir azərbaycanlı üçün milli qürur mənbəyidir. Bu gün Ulu Öndərin müəyyən etdiyi dil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar nəticəsində Azərbaycan dilinin qloballaşma şəraitində inkişafı, elektron informasiya məkanında istifadəsi, latın qrafikalı nəşrlərin artırılması, orfoqrafiya normalarının təkmilləşdirilməsi və dövlət dilinin saflığının qorunması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur.” Bu çağırış hər birimizi ana dilimizin saflığını qorumağa, onu yad təsirlərdən uzaq saxlamağa və düzgün istifadə etməyə səsləyir. Azərbaycan dili bizim milli sərvətimizdir. Bu sərvəti qorumaq, zənginləşdirmək və gələcək nəsillərə olduğu kimi ötürmək hər birimizin müqəddəs vəzifəsidir. Çünki dilini qoruyan xalq öz tarixini, mədəniyyətini, milli kimliyini və dövlətçiliyini də qoruyur. Ana dilimiz daim uca tutulmalı, sevilməli və qürurla yaşadılmalıdır. Saleh Məhərrəmov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Geri dön |