Ana Sayfa > Dünya > İran Ukraynanı Azərbaycanın üzərindən vuracaq?

İran Ukraynanı Azərbaycanın üzərindən vuracaq?


Bu gün, 13:14. Yazar: vasif
İran Ukraynanı Azərbaycanın üzərindən vuracaq?


Ukrayna Telegram kanalları İranın yaxın iki gün ərzində Ukraynaya üç ballistik raketlə zərbə endirə biləcəyi barədə məlumat yayıb. Lakin hələ ki, bu xəbərin rəsmi təsdiqi yoxdur. Tehran az öncə Xəzər dənizində İran ticarət gəmisinə edilən hücum nəticəsində bir dənizçinin ölümünə səbəb olan hücumdan sonra Kiyevi cavab tədbirləri ilə hədələmişdi. “İranın Ukraynaya birbaşa zərbə endirməsi ehtimalı azdır və onun hədələri əvvəlki hallarda olduğu kimi, yüksək səslənən bəyanatlardan o yana keçməyə bilər”.

Bunu ukraynalı hərbi ekspert, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sabiq sözçüsü Vladislav Seleznyov bildirib (Axar.az).

“Baxmayaraq ki, İran belə məsafələri qət edə bilən, o cümlədən ballistik raketlərə malikdir, onların uçuş trayektoriyası üçüncü ölkələrin ərazisindən keçməli olacaq. Raket silahının həmin ölkələrin hava məkanından istifadə etməklə tətbiqi isə faktiki olaraq silahlı təcavüz aktı kimi qiymətləndirilə bilər", – Seleznyov qeyd edib.

Onun sözlərinə görə, bu halda raketlər İranla qonşu ölkələrin hava məkanından keçməli olacaq. Xüsusilə də sual yaranır ki, Azərbaycan və Türkiyə buna göz yummağa hazır olacaqlarmı, yoxsa diplomatik və ya hətta hərbi şəkildə reaksiya verəcəklər. “Mən düşünürəm ki, ayətullah rejiminin nümayəndələri də bu riskləri nəzərə alırlar. Boş bəyanatlar isə onlar üçün ənənəvi davranışdır", – hərbi ekspert əlavə edib.

Doğrudanmı İran Ukraynanı Azərbaycanın və ya Türkiyənin üzərindən onların razılığı olmadan vura bilər?

Hərbi ekspert Ramil Məmmədli İran - Ukrayna müharibəsini istisna edir. Onun sözlərinə görə, heç bir tərəf eskalasiyada maraqlı deyil. "İran ABŞ, Ukrayna isə Rusiya kimi dünyanın supergüc dövlətləri ilə müharibə vəziyyətindədir. Belə şəraitdə onların hərbi toqquşması özünə zərər vurmaq deməkdir. Çünki hərbi resurslar xərclənir və ikinci front açmaq ziyanlıdır. Üstəlik, Ukrayna İranı birbaşa hədəfə almayıb. Xəzərdə vurulan gəmi kimi Azov və Qara dənizlərdə də tankerlər, ticarət gəmiləri zərbələrə tuş gəlib", - deyə R. Məmmədli qeyd edib.

Hərbi təhlilçi hesab edir ki, bu məsələdə hibrid və psixoloji həmlə daha çox hiss olunur: "Ukrayna və İran arasında hər hansı düşmənçilik yoxdur. Sadəcə, tərəflər fərqli cəbhələrdə dayanıb. Amma müharibə üçün hər hansı əsas görünmür. Bundan başqa, müharibə planlaşdırılmış böyük işdir. Ukrayna və İran isə elə coğrafiyalarda yerləşirlər ki, hərbi əməliyyatlar real deyil".

Onun sözlərinə görə, belə bir müharibə böyük xərc tələb edir: "İki ölkə arasında məsafəni nəzərə alsaq, uzunmənzilli silahlarla hərbi əməliyyatlar aparılmalıdır. Bu isə nə Ukrayna, nə İrana sərf edir. Əksinə, bundan istifadə edən qüvvələr ola bilər. Üstəlik, bir ticarət gəmisinə olan zərbəyə görə müharibə başlatmazlar. Ola bilsin ki, İran bunun əvəzini hansısa formada çıxmağa çalışacaq, amma yaranmış gərginlik müharibəyə gətirib çıxarmayacaq".
Azərbaycana gəldikdə, hərbi ekspert İranın Ukraynanın bizim üzərimizdən vurmasını istisna edir.
Geri dön