Ana Sayfa > Özəl > Sosial şəbəkələrdə qanunsuz satışlar artır: Ekspert risklərdən xəbərdarlıq edir

Sosial şəbəkələrdə qanunsuz satışlar artır: Ekspert risklərdən xəbərdarlıq edir


Dünən, 21:44. Yazar: vasif
Sosial şəbəkələrdə qanunsuz satışlar artır: Ekspert risklərdən xəbərdarlıq edir



İnternet və sosial media platformaları qanuni ticarətlə yanaşı, qanunsuz məhsulların satışında da daha geniş istifadə olunan vasitələrdən birinə çevrilib. Mütəxəssislər bildirirlər ki, son illərdə saxta sənədlər, mənşəyi məlum olmayan dərmanlar, aksizsiz məhsullar və qaçaqmal malların sosial şəbəkələr və mesajlaşma tətbiqləri üzərindən satışı daha çox müşahidə olunur.
Ekspertlərin fikrincə, anonim hesablar, şifrələnmiş mesajlaşma proqramları, virtual telefon nömrələri və bəzi hallarda kriptovalyuta ödənişləri qanunsuz fəaliyyətlərin izlənilməsini çətinləşdirir. Bu isə hüquq-mühafizə orqanlarının transmilli rəqəmsal şəbəkələrlə mübarizəsini daha mürəkkəb edir.
Mövzu ilə bağlı danışan vəkil Ceyhun Yusifov bildirib ki, Azərbaycan qanunvericiliyində qaçaqmalçılıq, saxta sənəd hazırlanması, qanunsuz dərman dövriyyəsi, aksizsiz məhsulların satışı və digər bu kimi əməllərə görə ciddi cinayət məsuliyyəti nəzərdə tutulub. Onun sözlərinə görə, əsas çətinlik qanunların mövcudluğunda deyil, rəqəmsal cinayətlərin beynəlxalq xarakter alması səbəbindən onların operativ araşdırılmasındadır.
Vəkil qeyd edib ki, sosial şəbəkələr üzərindən satılan saxta sənədlər və mənşəyi bilinməyən dərman vasitələri həm vətəndaşların təhlükəsizliyi, həm də dövlətin iqtisadi maraqları üçün ciddi risk yaradır. O hesab edir ki, qanunsuz onlayn ticarət vergi itkilərinə, haqsız rəqabətə və kölgə iqtisadiyyatının genişlənməsinə də səbəb olur.
Ceyhun Yusifovun fikrincə, problemin həlli üçün kibercinayətkarlıqla mübarizə imkanlarının gücləndirilməsi, elektron sübutların hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və sosial media platformalarının qanunsuz satışlara qarşı daha fəal məsuliyyət daşıması vacibdir.
Ekspert vətəndaşlara da ehtiyatlı olmağı tövsiyə edib. Onun sözlərinə görə, rəsmi qəbz təqdim etməyən, yalnız şəxsi bank kartına ödəniş tələb edən anonim səhifələrdən məhsul almaq həm maddi zərər, həm də hüquqi risk yarada bilər. Belə hallarda alıcı keyfiyyətsiz və ya saxta məhsulla yanaşı, bilmədən qanunsuz ticarət zəncirinin bir hissəsinə çevrilə bilər.
Geri dön