Ana Sayfa > Siyasət > Ana dili xalqın keçmişini, bu gününü və gələcəyini yaşadır

Ana dili xalqın keçmişini, bu gününü və gələcəyini yaşadır


Bu gün, 10:16. Yazar: azer
Ana dili xalqın keçmişini, bu gününü və gələcəyini yaşadır

Azərbaycan dili yüzilliklərin sınağından keçərək bu günümüzə qədər gəlib çatan əvəzsiz mənəvi irsdir. Dədə Qorqudun hikmət dolu kəlamları, Nizami Gəncəvinin dərin müdrikliyi, Məhəmməd Füzulinin ülvi sevgisi, Şah İsmayıl Xətainin dövlətçilik ideyaları, Molla Pənah Vaqifin həyat baxışları, Mirzə Fətəli Axundzadənin maarifçilik düşüncələri, Cəlil Məmmədquluzadənin milli oyanış çağırışları, Üzeyir Hacıbəylinin musiqi dünyası, Səməd Vurğunun Vətən sevgisi bu dilin zəngin söz xəzinəsində əbədi yaşayır. Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil. O, bir xalqın taleyini əks etdirən mənəvi sərvətdir. O, millətin vicdanı və tarixi yaddaşıdır. Bu dil Azərbaycanın ruhunu və nəfəsini yaşadan ən böyük dəyərdir.

Ümummilli Lider Heydər Əliyev ana dilimizin mahiyyətini belə ifadə etmişdir: "Bizim Azərbaycan dili şeir dilidir." Həqiqətən də, Azərbaycan dilində danışarkən sanki sazın kövrək sədaları eşidilir, muğamın ecazkar ahəngi duyulur, Qarabağın uca dağlarından əsən meh insanın qəlbinə rahatlıq bəxş edir. Bu dilin hər sözü ahəng, hər ifadəsi musiqi, hər cümləsi isə milli ruhun döyüntüsüdür. Azərbaycan dili öz sadəliyi ilə seçilir, səmimiyyəti ilə insanlara doğmalıq hissi yaşadır, şirinliyi ilə könülləri fəth edir. Bu dil ana duası qədər müqəddəs, bulaq suyu qədər saf, Xarıbülbül qədər incə və zərifdir. Ulu Öndərin söylədiyi kimi: "Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var." Bu fikir yalnız qürur hissini ifadə etmir, eyni zamanda hər bir azərbaycanlının üzərinə mühüm mənəvi məsuliyyət qoyur. Çünki dilin zənginliyi yalnız lüğətlərdə deyil, onu sevə-sevə danışan, yazan və gündəlik həyatında yaşadan insanların fəaliyyətində öz əksini tapır.

Azərbaycan dili tarix boyu qarşılaşdığı ən çətin sınaqlardan da alnıaçıq çıxmışdır. Müxtəlif dövrlərdə ona qarşı edilən təzyiqlər, qadağalar və yad təsirlər bu dili zəiflətməyə cəhd göstərsə də, xalqımız ana dilini qəlbində yaşatmış, onu nəsildən-nəslə ötürərək bu günə çatdırmışdır. Elə buna görə də Ümummilli Lider Heydər Əliyev deyirdi: "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir." Bu gün Azərbaycan dili təkcə dövlət dili statusunu daşımır. O, həm də qalib Azərbaycanın dilidir. Qarabağda yenidən qurulan məktəblərdə ilk dərslər məhz Azərbaycan dilində keçirilir. Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və Ağdamda səslənən ilk məktəb zəngi ana dilimizin zəfər sədasına çevrilmişdir. Azad olunmuş torpaqlarda istifadəyə verilən hər məktəb, hər kitabxana və hər mədəniyyət müəssisəsi Azərbaycan dilinin yenidən çiçəklənən həyatının parlaq simvoludur.

Bu gün cənab Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dil siyasətini dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir. Dövlət başçısının "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır" fikri bütün cəmiyyət üçün mühüm mənəvi çağırışdır. Bu çağırış yalnız dil mütəxəssislərinə və alimlərə deyil, müəllimlərə, jurnalistlərə, yazıçı və şairlərə, valideynlərə, gənclərə, ümumiyyətlə hər bir vətəndaşa ünvanlanmışdır. Çünki ana dili yalnız təhsil müəssisələrində öyrədilmir. O, ailədə sevilir, məktəbdə inkişaf etdirilir, cəmiyyət tərəfindən qorunur və dövlətin qayğısı ilə daha da ucaldılır. Dövlət başçısının "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur" fikri isə dilimizin qüdrətinə verilən ən yüksək dəyərlərdən biridir. Bu ifadə milli özünəinamın və milli qürurun bariz nümunəsidir. Çünki öz dilinə güvənən xalq gələcəyinə də inamla addımlayır. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız Azərbaycan dilində danışaraq milli kimliyini qoruyur. Onlar üçün ana dili sadəcə ünsiyyət vasitəsi deyil, Vətənlə mənəvi bağ yaradan müqəddəs körpüdür.

Avqustun 1-i – Azərbaycan əlifbası və Azərbaycan dili günü də məhz bu milli həmrəyliyin və mənəvi bütövlüyün rəmzidir. Həmin gün biz təkcə əlifbamızı deyil, həm də tariximizi, milli-mədəni irsimizi, dövlətçilik ənənələrimizi və gələcəyimizi böyük qürur hissi ilə qeyd edirik. Ana dilimizi qorumaq gələcəyimizi qorumaq deməkdir. Ana dilimizi sevmək Vətənə sevgimizin ifadəsidir. Ana dilimizi yaşatmaq dövlətçiliyimizi yaşatmaq deməkdir. Çünki ana dili xalqın heç vaxt tükənməyən nəfəsidir. O nəfəs yaşadıqca millət yaşayır. O nəfəs yaşadıqca dövlət yaşayır. O nəfəs yaşadıqca Azərbaycan daim var olacaq. Ən böyük həqiqət budur ki, dil xalqın ən qiymətli sərvətidir. Torpaqlar işğala məruz qala bilər, sərhədlər dəyişə bilər, zaman keçə bilər, lakin ana dili yaşadıqca xalq da öz varlığını qoruyub saxlayacaq. Məhz buna görə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti və cənab Prezident İlham Əliyevin bu siyasəti müasir dövrün tələblərinə uyğun uğurla davam etdirməsi Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyır. Bu siyasət yalnız ana dilinin qorunmasına deyil, həm də milli yaddaşın, milli kimliyin və gələcək nəsillərin mənəvi dəyərlərinin yaşadılmasına xidmət edir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı.

Geri dön