Ana Sayfa > Siyasət > Dilimiz azərbaycançılıq andımızdır

Dilimiz azərbaycançılıq andımızdır


Bu gün, 13:13. Yazar: azer
Dilimiz azərbaycançılıq andımızdır

Hər xalqı var edən, yaşadan ərazisidir, milli-mənəvi dəyərləridir, mədəniyyətidir, dilidir. Dil xalqın dünya xalqları ilə, deməli, dünya ilə ünsiyyət vasitəsidir. Ünsiyyət həm də xalqın malik olduğu fəzilətləri yaşadır, dünyaya çatdırır, bunun üçün hamı onu varlığı ilə sevməli və qorumalıdır. Tarixən Azərbaycana da, Azərbaycan xalqına da, onun dilinə də maraq, maraqdan yaranan ehtiram olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”.
Dövlət müstəqilliyi bərpa olunduqdan sonra daha əhatəli inkişafı üçün Azərbaycan dilinə dövlət səviyyəsində daha həssas qayğı göstərilməyə başladı.
SSRİ dönəmində müttəfiq respublikalarda da dövlət dili rus dili idi. Xalqların dövlət idarələrində yazışmalarda öz milli dillərindən istifadə etmə imkanları yox idi. Buna baxmayaraq Azərbaycanda gizlin də olsa milli-azadlıq hərəkatı ana dilinin təbliğini mübarizənin başlıca istiqaməti kimi mühafizə edirdi.
Böyük tarixi şəxsiyyətlər xalqı üçün həmişə böyük tarixi işlər görüb. Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər də belə dəyərləndirilir. İmperiyanın tərkibində ola-ola imperiyanın siyasi hökmlərinə əməl etməmək təmsil etdiyi xalqa böyük sevgi tələb etdiyi kimi, imperiyanın siyasi kursuna qarşı çıxmaq da böyük cəsarət tələb edirdi, bu cəsarət sağlam məntiqlə qoşalaşanda qadağalar gücdən düşürdü. Belə cəsarət qüdrətdir. Böyük tarixi şəxsiyyət Heydər Əliyev belə qüdrətə malik idi və bu qüdrət Azərbaycan üçün neçə-neçə tarixi mərhələ yaratmışdı! Bu qüdrət Azərbaycanda Azərbaycan dilinin dövlət dili kimi qəbul olunmasını da təmin etmişdi. 1978-ci il aprelin 2-də, siyasət fenomeni olan Heydər Əliyevin IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxışında dahi şəxsiyyətin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəkləndi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.
Dövlət üçün prioritet məsələlərdən biri də dövlətçilik qədər mühüm olan dil siyasətidir. Bu siyasət bu günlər üçün aparılsa da sabahların siyasətidir. Bu siyasət xalqın qoruduğu, qorumalı olduğu dövlətçiliklə bir sırada qoruduğu, qorumalı olduğu dil ilə də bağlıdır. Dilini sevmədən (qorumadan) ədəbiyyatını, mədəniyyətini, incəsənətini sevə bilməyəcəksən, deməli, Vətəni sevməkdən məhrum olacaqsan. Bu məhrum olma ömürdən ruhən əl üzmə deməkdir.
Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşdirilməsi, formalaşdırılması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə əks etdirir. Ulu Öndər Heydər Əliyevin imzaladığı həmin Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlandı. Bu, təkcə ədəbiyyatın oxunmasına, sevilməsinə qayğı kimi deyil, həm də ədəbiyyat tarixi baxımından çox əhəmiyyətli Sərəncam oldu.
Dövlət başçımızın 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları da eyni niyyətin davamı oldu.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir”.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu səviyyədə sevgi Azərbaycan dilini kənar təsirlərdən qoruyur və dil daha geniş müstəvidə inkişaf edir.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilib. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qürurla dedi: “Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir”.

Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir vətəndaşın vətəndaşlığını mahiyyət baxımından müəyyənləşdirən gündür. Bu dil hər bir azərbaycanlının azərbaycançılıq andını ifadə edir.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı


Geri dön