Ana Sayfa > Siyasət > Ana dili hər bir xalqın milli kimliyidir

Ana dili hər bir xalqın milli kimliyidir


Bu gün, 10:33. Yazar: azer
Ana dili hər bir xalqın milli kimliyidir

Məlumdur ki, sovet hakimiyyəti dövründə, xüsusilə də 1960-cı illərə qədər Azərbaycanda ana dili dövlət idarəçiliyində və ictimai həyatda layiq olduğu mövqeyə malik deyildi. Həmin dövrdə müttəfiq respublikalarda milli dillərin inkişafı, zənginləşdirilməsi və geniş tətbiqi istiqamətində dövlət səviyyəsində ciddi addımlar atılmırdı. 1970-ci illərin ikinci yarısından etibarən SSRİ-ni təşkil edən respublikalarda dil məsələsi yenidən gündəmə gətirilsə də, məqsəd milli dillərin inkişafı deyil, onların istifadəsinin daha da məhdudlaşdırılması idi. Xüsusilə yeni SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin hüquqlarının daraldılması prosesi sürətləndi, rus dilinin üstün mövqeyini möhkəmləndirməyə xidmət edən “vahid dil” siyasəti daha fəal şəkildə təbliğ olunmağa başladı. Belə mürəkkəb şəraitdə ana dilinin hüquqlarını müdafiə etmək olduqca riskli addım hesab edilirdi. Sovet rəhbərliyi bu məsələyə son dərəcə həssas yanaşırdı. Məhz belə bir dövrdə 1969-cu ildən Azərbaycana rəhbərlik edən Heydər Əliyev bu həyati əhəmiyyətli məsələdə prinsipial mövqe nümayiş etdirərək heç bir güzəştə getməyəcəyini qəti şəkildə ortaya qoydu. Ümummilli Lider SSRİ Konstitusiyasını şərh edərkən vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil almaq hüququ verir və bu hüquq ana dilində təhsil imkanının təmin olunması ilə reallaşmalıdır. Bu yanaşma Azərbaycan dilinin həm hüquqi, həm də faktiki baxımdan dövlət dili kimi tanınmasına xidmət edirdi.

Azərbaycan dilinin dövlət dili statusunun respublikanın Konstitusiyasında təsbit olunmasına nail olmaqla Ulu Öndər Heydər Əliyev xalqın milli şüurunun güclənməsinə, özünəinam hissinin artmasına mühüm töhfə verdi. 7 oktyabr 1977-ci ildə yeni SSRİ Konstitusiyası qəbul edildikdən sonra bütün müttəfiq respublikalarda olduğu kimi, Azərbaycan SSRİ-i də yeni Konstitusiya layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə təqdim edildi. Lakin həmin layihədə Azərbaycan dilinin statusu ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdı. Kommunist ideologiyasının hökm sürdüyü həmin illərdə belə müzakirələr formal xarakter daşıyırdı və layihəyə ciddi dəyişiklik ediləcəyinə inanmaq çətin idi. Buna baxmayaraq, Ulu Öndər Heydər Əliyev yalnız siyasi karyerasını deyil, şəxsi təhlükəsizliyini də risk altına qoyaraq Konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi üçün qətiyyətlə mübarizə apardı. Kreml rəhbərliyinin yaratdığı bütün maneələrə baxmayaraq, o, SSRİ-nin rəhbəri Leonid Brejnevlə apardığı danışıqlar nəticəsində bu məsələnin müsbət həllinə nail oldu. Nəticədə ümumxalq müzakirəsinə çıxarılan Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası əlavə edildi. Beləliklə, Konstitusiya Ulu Öndər Heydər Əliyevin təklif etdiyi redaksiyada qəbul edildi və Azərbaycan dili dövlət dili statusu qazandı. Bu tarixi qərar Ümummilli Liderin xalq qarşısındakı ən böyük xidmətlərindən biri kimi qiymətləndirilir. O, bununla gələcək müstəqil Azərbaycanın əsas milli atributlarından birini qoruyub saxladı və sonrakı dövrdə ana dilimizin inkişafı və mühafizəsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə zəmin yaratdı.

Müstəqillik illərində də Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin adının və hüquqi statusunun qorunmasına, onun inkişaf etdirilməsinə xüsusi diqqət yetirdi. 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra milli-mənəvi dəyərlərin, adət-ənənələrin və milli kimliyin qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Ana dilimizin işlənməsi və inkişafı məsələsini daim diqqətdə saxlayan Ümummilli Lider onun əsl adının – Azərbaycan dili adının Konstitusiyada təsbit edilməsinə nail oldu. 1995-ci ildə yeni Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin adı ilə bağlı müxtəlif təkliflər irəli sürülsə də, cəmiyyətin böyük əksəriyyəti “Azərbaycan dili” adını dəstəklədi. Nəticədə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi. Bundan sonra ana dilimizin inkişafı və qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Ümummilli Liderin 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu gün Azərbaycan dilinin dövlət idarəçiliyində, diplomatiyada və beynəlxalq tribunalarda geniş istifadə olunması məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasətin uğurlu nəticəsidir. Ana dilimizin qorunması və inkişafı istiqamətində müəyyənləşdirilmiş bu siyasi kurs hazırda cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Xüsusilə vurğulanmalıdır ki, bu gün Azərbaycanın bütün suveren ərazisində Azərbaycan dilinin dövlət dili kimi tam tətbiq olunması xalqımız üçün böyük qürur mənbəyidir. Bu tarixi nailiyyətə görə hər bir azərbaycanlı Şanlı Ordumuza və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə daim minnətdar olmalıdır.

Rauf Qaffarov,
YAP Mingəçevir şəhər təşkilatının sədr müavini.

Geri dön