Ana Sayfa > Gündəm > Azərbaycan dilinin qorunması və inkişafı
Azərbaycan dilinin qorunması və inkişafıBu gün, 10:28. Yazar: azer |
![]() XXI əsr informasiya texnologiyalarının, rəqəmsal transformasiyanın və qloballaşmanın sürətlə inkişaf etdiyi bir dövrdür. Dövlətlər arasında iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsi dillərin qarşılıqlı təsirini gücləndirmiş, eyni zamanda milli dillərin qorunmasını strateji məsələyə çevirmişdir. Bu gün dünyanın bir çox ölkələrində ana dilinin saflığının qorunması, milli dil siyasətinin gücləndirilməsi və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan da bu qlobal proseslərin iştirakçısıdır. Müstəqillik illərində ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, xarici investisiyaların artması, rəqəmsal texnologiyaların inkişafı və informasiya mühitinin dəyişməsi Azərbaycan dilinin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, müəyyən çağırışlar da meydana çıxarmışdır. Məhz bu səbəbdən Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasını və inkişaf etdirilməsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən etmişdir. Dövlət başçısının həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan dili bu gün yalnız dövlət idarəçiliyinin deyil, elm, təhsil, diplomatiya, media və rəqəmsal texnologiyalar sahəsinin də əsas dili kimi inkişaf edir. Prezident İlham Əliyevin dil siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik konsepsiyası təşkil edir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi hüquqi əsasları yaradılmış, müstəqillik dövründə isə həmin siyasət daha da möhkəmləndirilmişdir. Prezident İlham Əliyev bu siyasi kursu yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək Azərbaycan dilinin müasir çağırışlara cavab verən inkişaf modelini formalaşdırmışdır. Bu siyasətin əsas məqsədi yalnız dilin qorunması deyil, həm də onun müasir texnologiyalar, elm, beynəlxalq münasibətlər və rəqəmsal kommunikasiya sahələrində rəqabət qabiliyyətinin artırılmasıdır. Azərbaycan dilinin inkişafına xidmət edən ilk mühüm addımlardan biri Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə latın qrafikalı nəşrlərin kütləvi şəkildə həyata keçirilməsi olmuşdur. Bu qərar nəticəsində Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri və elmi nəşrlər latın qrafikasında geniş tirajla çap edildi. Bununla da müasir Azərbaycan əlifbasının cəmiyyət həyatında tam tətbiqi təmin olundu və yeni nəslin vahid yazı sistemi əsasında formalaşmasına mühüm töhfə verildi. Latın qrafikasına keçid təkcə texniki dəyişiklik deyil, müstəqil dövlətçilik ideologiyasının mühüm tərkib hissəsi idi. Azərbaycan dilinin elmi potensialının gücləndirilməsi istiqamətində də mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" Sərəncamı ölkəmizin elmi və mədəni irsinin sistemli şəkildə toplanmasına, milli terminologiyanın inkişafına və Azərbaycan dilində fundamental elmi mənbələrin hazırlanmasına geniş imkan yaratmışdır. Bununla yanaşı, dünya ədəbiyyatının klassik nümunələrinin Azərbaycan dilinə tərcüməsinin genişləndirilməsi dilimizin zənginləşməsinə və beynəlxalq mədəni əlaqələrin inkişafına mühüm töhfə vermişdir. 2013-cü ildə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" müasir dövrün ən mühüm strateji sənədlərindən biridir. Bu proqramda Azərbaycan dilinin elmi əsaslarla inkişaf etdirilməsi, yeni terminoloji bazanın formalaşdırılması, orfoqrafiya və orfoepiya normalarının təkmilləşdirilməsi, elektron resursların yaradılması, müasir lüğətlərin hazırlanması, dilçilik elminin inkişaf etdirilməsi və Azərbaycan dilinin beynəlxalq nüfuzunun artırılması əsas istiqamətlər müəyyən edilmişdir. Bu sənəd göstərdi ki, dövlət dil siyasətinə yalnız mədəni məsələ kimi deyil, həm də strateji inkişaf istiqaməti kimi yanaşır. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə Azərbaycan dilinin elektron mühitdə mövqeyinin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə Prezident İlham Əliyevin 2018-ci il tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı mühüm mərhələ oldu. Müasir dövrdə süni intellekt sistemlərinin, elektron hökumət xidmətlərinin və rəqəmsal platformaların inkişafı fonunda Azərbaycan dilinin texnoloji imkanlarının genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan dili zəngin və mükəmməl dildir və onun lüğət ehtiyatı xarici sözlərdən asılı olmadan bütün müasir anlayışları ifadə etməyə qadirdir. Dövlət başçısı çıxışlarında qeyd etmişdir: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur." Bu fikir dil siyasətinin əsas ideoloji prinsiplərindən birinə çevrilmişdir. 2018-ci ildə imzalanmış "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman dil normalarına əməl olunmasının gücləndirilməsinə, mediada, reklam sahəsində və dövlət qurumlarında Azərbaycan dilinin düzgün istifadəsinə yeni impuls verdi. Son illərdə Azərbaycan dilinin tətbiqinə dövlət nəzarəti daha da təkmilləşdirilmişdir. 2025-ci ildə imzalanmış müvafiq Fərmanla Azərbaycan dilinin tətbiqinə, dövlət dili haqqında qanunvericiliyə və dil normalarına əməl olunmasına nəzarət funksiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edilmişdir. Bu qərar dil siyasətinin daha sistemli və səmərəli həyata keçirilməsi baxımından mühüm institusional addım hesab olunur. Dilin inkişafı yalnız hüquqi sənədlərlə mümkün deyil. Burada medianın, məktəbin, ali təhsil müəssisələrinin və mədəniyyət ocaqlarının üzərinə böyük məsuliyyət düşür. Jurnalistlərin ədəbi dil normalarına əməl etməsi, televiziya və radio proqramlarında düzgün nitq mədəniyyətinin təbliği, dərsliklərin yüksək dil keyfiyyəti ilə hazırlanması cəmiyyətin dil mədəniyyətinin formalaşmasına birbaşa təsir göstərir. Eyni zamanda müəllimlər və alimlər də Azərbaycan dilinin elmi əsaslarla inkişaf etdirilməsində mühüm rol oynayırlar. Müasir gənclik sosial şəbəkələr və rəqəmsal kommunikasiya vasitələri ilə daha çox ünsiyyətdə olduğundan dil mədəniyyətinin qorunması xüsusi aktuallıq kəsb edir. Qısaldılmış ifadələrdən, xarici sözlərin lüzumsuz istifadəsindən və orfoqrafik normaların pozulmasından uzaq durmaq, Azərbaycan dilinin zəngin imkanlarından düzgün istifadə etmək gənc nəslin əsas vəzifələrindən biridir. Xarici dilləri öyrənmək müasir dövrün tələbi olsa da, ana dilinə üstünlük vermək milli kimliyin qorunmasının əsas şərtidir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız üçün Azərbaycan dili milli mənsubiyyətin əsas göstəricilərindən biridir. Ana dili diaspor təşkilatlarının fəaliyyətində, milli-mədəni tədbirlərdə, həftəsonu məktəblərində və Azərbaycan mədəniyyətinin təbliğində mühüm rol oynayır. Məhz buna görə də Prezident İlham Əliyevin həyata keçirdiyi dil siyasəti yalnız ölkə daxilində deyil, dünya azərbaycanlılarının milli birliyinin möhkəmləndirilməsinə də xidmət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü dil siyasəti nəticəsində Azərbaycan dili müasir dövrün çağırışlarına uyğun inkişaf edən, hüquqi əsasları möhkəmləndirilmiş və beynəlxalq nüfuzu artan dövlət dili kimi yeni mərhələyə yüksəlmişdir. Latın qrafikasının tam tətbiqi, Dövlət Proqramının qəbul edilməsi, elektron məkanda Azərbaycan dilinin inkişafı, dilin saflığının qorunması istiqamətində qəbul olunmuş fərman və sərəncamlar, eləcə də dövlət nəzarətinin gücləndirilməsi ana dilimizin gələcəyinin etibarlı şəkildə təmin olunduğunu göstərir. Azərbaycan dili xalqımızın milli yaddaşı, dövlətçiliyimizin sütunu və mənəvi sərvətidir. Bu dili qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə saf şəkildə çatdırmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Qloballaşan dünyada milli kimliyimizi yaşadan ən güclü amillərdən biri məhz Azərbaycan dilidir və dövlətimizin həyata keçirdiyi ardıcıl siyasət bu dəyərin daim yaşamasına xidmət edir. Milli Məclisin deputatı Şahin Seyidzadə Geri dön |