Ana Sayfa > Ölkə > Azərbaycan Rusiyaya yanacaq satacaq? – Qazaxıstanın o qərarı...
Azərbaycan Rusiyaya yanacaq satacaq? – Qazaxıstanın o qərarı...Bu gün, 20:15. Yazar: vasif |
![]() “Lazım gələrsə, Qazaxıstan özünün artıq qalan neft məhsulları Rusiyaya tədarük edilə bilər”. aia.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib. “Hazırkı vəziyyətdə həmkarlarımızla razılaşdıq ki, Qazaxıstandakı artıq neft həcmcə az olsa da, lazım gələrsə, Rusiyaya tədarük edilə bilər. Bu, belə demək mümkünsə, iki ölkənin daxili bazarlarının sabit işləməsini təmin etmək üçün qarşılıqlı maraqdır”, - o qeyd edib. Qeyd edək ki, Rusiya Ukraynanın hava zərbələri nəticəsinə emal zavodlarının dayanması nəticəsində aprel ayından bəri yanacaq qıtlığı yaşayır. Çatışmazlıq may ayının sonlarından - kənd təsərrüfatı məhsullarının yığımı, həmçinin turizm mövsümü başlayandan sonra daha da kəskinləşib, Rusiyanın demək olar ki, bütün ərazisində benzin növbələri yaranıb, satışa müxtəlif məhdudiyyətlər tətbiq olunub. Rusiya hakimiyyəti vəziyyətdən çıxmaq üçün bir sıra addımlar atıb: benzinin ixracına mart ayından qadağa qoyulub, mayda qadağa dizelə də şamil edilib. Eyni zamanda zavodlara Avro-3 standartında benzin istehsal etməyə icazə verildi.Rusiya hakimiyyəti həmçinin yanacaq ehtiyatlarından da daxildəki ajiotajı sakitləşdirmək üçün istifadə edib. Prezident Vladimir Putinin iyun ayının sonunda istinad etdiyi Energetika Nazirliyinin məlumatlarına görə, benzin ehtiyatları illik müqayisədə cəmi 4 faiz azalaraq 1,7 milyon tona düşüb. İstehsalın 25 faiz azalması fonunda ehtiyatların 4 faiz azalması hökumətin ehtiyatlardan çox az istifafə etməsindən xəbər verir. Bu addımlar vəziyyətin normallaşmasına gətirib çıxarmadığına görə iyun ayından xaricdən benzin idxalına keçildi. Reuters-in mənbələrinə görə, Rusiya hökuməti müxtəlif ölkələrdən ayda təxminən 400.000 ton benzin idxal etməyi planlaşdırır. Bu, benzin istehlakı ilə müqayisədə aylıq yay tələbatının təxminən 12,12 faizini təşkil edir. Bu o deməkdir ki, idxal çatışmazlığı azalda bilər, lakin Rusiya bazarı üçün daxili neft emalını əvəz etməsi ehtimalı azdır. Yəni idxal neft emalı zavodlarında istehsal bərpa olunana qədər tələbatın bir hissəsini ödəməyə kömək edəcək müvəqqəti tədbirdir. Hesablamalar göstərir ki, yaxın regiondan Rusiyanın tələbatını ödəyəcək qədər benzin alınması imkanı yoxdur. Belə ki, yayın pik dövründə Rusiyanın gündəlik benzin istehlakı 110 min ton təşkil edir. İyunun 1-dən 25-dək Rusiya Belarusdan ümumilikdə 141 min ton benzin idxal edib. Bu, tarixi maksimumdur və 2026-cı ilin may ayının göstəricisindən 2,4 dəfə çoxdur. Müqayisə üçün, 2025-ci ilin iyun ayında idxal təxminən 1000 ton təşkil edib. Təchizatdakı artım Belarus ixracının yenidən bölüşdürülməsi ilə əlaqədardır: əvvəllər Rusiyadan Orta Asiya ölkələrinə tranzitlə daşınan yanacağın bir hissəsi Rusiya bazarına yönləndirilib. Bununla belə, Belarusun ixrac imkanları məhduddur. İyunda Belarus neft emalı zavodları iyul ayında sata biləcəkləri benzini demək olar ki, tamamilə satdıqları üçün Sankt-Peterburq Birjasında Belarus benzininin satışları 3 iyuldan bəri on dəfə azalıb. Bu baxımdan, Belarus benzininin Rusiyadakı kəsiri tamamilə doldurması ehtimalı azdır. Çünki Belarusun ixrac potensialını ildə 1,8-2 milyon ton və ya ayda 150-170 min ton benzin səviyyəsindədir. Bu baxımdan, hətta əlverişli ssenaridə belə, Belarus neft emalı zavodları Rusiyaya ayda 200.000 tondan çox olmayan benzin göndərə biləcəklər. İyulun 2-də Reuters agentliyi Qazaxıstanın iyul və avqust aylarında Rusiyaya 50.000 ton benzin tədarük etməyə razılıq verdiyinə dair məlumat yayıb. Bu, Rusiya bazarı üçün çox kiçik bir həcmdir, lakin Qazaxıstan ortaq sərhədi və qısa logistikası səbəbindən əlverişli təchizatçı ola bilər. Sadəcə olaraq, bu ölkənin ehtiyat gücü məhduddur: neft emalı zavodlarında faktiki emal demək olar ki, onların ümumi gücünə bərabərdir. Uzaq xaricdən Rusiya artıq Hindistandan 90 min tona qədər benzin alışı həyata keçirib. Lakin bu ölkədən benzin dolu bir tankerin Rusiya limanlarına çatması 43-45 gün vaxt tələb edir. Bu isə alınan məhsulun qiymətinin daxili bazardakından xeyli baha olmasına səbəb olur. Rusiyaya yanacaq sata biləcək uzq qonşulardan biri də Çin ola bilər. Lakin Çin özü aprel ayından neft emalını kəskin azaldıb, benzinin ixracına qadağa qoyub. Çatışmazlıq fonunda Rusiyada benzin qiymətləri də kəskin artıb. 14-20 iyul tarixlərində benzinin qiyməti əvvəlki həftədəki 2,25 faizdən sonra daha 1,66 faiz artaraq litr başına orta qiymət 77,31 rubla çatıb. Rusiyada tətbiq olunan yanacaq dempferinə əsasən neft istehsalçılarının daxili bazarda satılan yanacağa görə dövlət büdcəsindən kompensasiya alması üçün yanacağın birja qiymətləri ton başına 74.760 rubl həddi altında qalmalıdır. 2025-ci ilin sonuna qədər neft şirkətləri bu proqram çərçivəsində büdcədən 881,8 milyard rubl alıblar. Onlar belə bir yüksək məbləği itirmək istəmirlər. Buna görə də iyuldakı qiymətin davamlı olacağı gözlənilir. Qeyri-istehsalçı YDM şirkətləri benzin qiymətlərini 100 rubla qədər qaldırıblar – onlar topdansatışdakı bahalaşmanı pərakəndə bazara dərhal tətbiq edirlər. Rusiya hakimiyyəti bu bahalaşmanın qarşısını inzibati yollarla almağa çalışır: Federal Antiinhisar Xidməti isə neft şirkətlərinə qarşı yanacaq qiymətləri ilə bağlı 15 iş açıb. Azərbaycana gəlincə, ölkənin emalı təxminən gündə 0,11 milyon barel təşkil edir ki, onun da hamısı daxili istehlaka yönəldilir. İyun ayının sonunda Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun analitik şöbəsinin müdiri Aleksandr Paseçnik Belarus və Qazaxıstanla yanaşı, Azərbaycanı da ehtiyac olarsa benzin tədarük edilə biləcək ölkələrdən biri adlandırıb. Onun sözlərinə görə, bu cür tədarüklər Rusiya neft və qaz şirkətləri və xarici tərəfdaşlar arasında əməkdaşlıq yolu ilə tədricən təmin edilə bilər. Lakin Azərbaycan bir qayda olaraq Rusiyadan benzin alıb, nəinki ixrac edib. Ölkədə Aİ-92 markalı benzinə olan illik tələbat 1,25 milyon ton civarında hesablanır. Bunun mühüm hissəsi daxildə istehsal olunur, xaricdən idxal təxminən ildə 200 min ton ətrafında dəyişir.Ai-95 və Aİ-98 markalı benzinlər Azərbaycanda ümumi benzin istehlakının 5 faizini təşkil edir. Ukraynanın dron zərbələri nəticəsində Rusiyada neft emalının kəskin azalması Azərbaycanın bu ölkədən yanacaq alışlarında əksini tapıb. Yanvar-may ayları ərzində Aİ92 markalı benzin idxalı ötən ilin eyni dövründəki 48 milyon 806,75 min dollardan 2 milyon 563,22 min dollara, Aİ95 benzininin idxalı 31 milyon 887,2 min dollardan 24 milyon 108,01 min dollara, ağır distilyatlar və ya digər məqsədlər üçün qazoyllar (dizel yanacağı da daxil olmaqla) idxalı 12 milyon 946,21 min dollardan sıfıra enib. Yanvar–may aylarında Azərbaycan ümumilikdə 80,7 min ton mühərrik benzini idxal edib ki, bu da illik müqayisədə 9 faiz azdır. İdxalın dəyəri 5,9 faiz artaraq 72,3 milyon ABŞ dollarına çatıb. Eyni zamanda Aİ-92 benzinin idxalı 95,9 faiz azaldığı halda, Aİ-95 benzinin idxalı 35,5 faiz artıb. Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda neft emalı məhsullarının istehsalında fərqli dinamika qeydə alınıb: avtomobil benzini və sürtkü yağlarının istehsalı artdığı halda, dizel yanacağı, ağ neft, maye qaz və digər bəzi neft məhsullarının istehsalı azalıb. Altı ayda dövründə 706,7 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çoxdur. Dizel yanacağının istehsalı illik ifadədə 1,2 faiz azalaraq 1 milyon 128 min ton təşkil edib. İyulun 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 105,5 min ton dizel yanacağı(ötən ili eyni dövrü ilə müqayisədə 36 min ton az) və 41,7 min ton avtomobil benzini (11,3 min ton az) ehtiyatı mövcud olub. Nəhayət, Rusiya SOCAR-ın Ukraynadakı YDM-lərinə ciddi zərbələr endirib, buna görə rəsmi Bakı Rusiya səfirinə etiraz notası da təqdim edib. Belə bir şəraitdə Azərbaycanın olsa belə, Rusiyaya yanacaq satması real olmazdı.Onu da qeyd edək ki, iyulun sonlarına yaxın Rusiya Energetika Nazirliyi bir neçə bölgədə sabitləşmənin olduğunu bildirib; Nazirliyə görə, fəaliyyətdə olan yanacaqdoldurma məntəqələrinin sayının artması və qısa növbələr yaxşılaşmanı göstərir. Hakimiyyət orqanları benzin ixracına qoyulan qadağanın altı ay, dizel yanacağının isə bir ay müddətinə uzadılmasını müzakirə edir. Analitiklərə görə, qadağaların müddətindəki fərq ölkədə onların çatışmazlığındakı vəziyyəti əks etdirir: benzin çatışmazlığı dizellə müqayisədə daha kəskindir. Yanacaq təchizatındakı nisbi yaxşılaşmanın nə qədər davam edəcəyi, davamlı və problemsiz təchizata gətirib-gətirməyəcəyi Ukraynanın Rusiya emal zavodlarına zərbələrindən asılı olacaq. Son 2 gündə Tümen neft emalı zavodu da daxil olmaqla, Ukrayna yenidən zavodlara zərbələri bərpa edib.musavat.com Geri dön |