Ana Sayfa > Ölkə / Karusel > Əsgərlərin başını bir-birinə vurublar, qəlyan aldırıblar
Əsgərlərin başını bir-birinə vurublar, qəlyan aldırıblarBu gün, 17:22. Yazar: Subhan |
![]() Bakı Hərbi Məhkəməsinin Daxili Qoşunlarının 2 sabiq zabiti barədə çıxardığı hökmdən zərərçəkmiş tərəf apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsinə təqdim olunan şikayətdə hökmün bir sıra hissələrinin qanunsuz və əsassız olduğu, təqsirləndirilən şəxslərə həddindən artıq yüngül cəza verildiyi qeyd edilir. aia.az musavat.com-a istinadla xəbər verir ki, söhbət Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət etmiş leytenant Sadiq Zeynalov və baş leytenant İlqar Abdullayevdən gedir. Cinayət işi materiallarına görə, Sadiq Zeynalov və İlqar Abdullayev əsgər Fariz İsazadənin xidmət yerinin Bakıda yerləşən hərbi hissələrdən birinə təyin olunmasına köməklik göstərmək adı ilə onun atası Sadiq İsayevdən 2500 manat almağa cəhd etməkdə ittiham olunublar. İddiaya görə, sonradan zərərçəkmiş şəxs təklifdən imtina etdiyinə görə cinayət başa çatdırılmayıb. Bundan başqa, hökmə görə, Sadiq Zeynalov tabeliyində olan əsgərlərə fiziki zor tətbiq etməkdə, onları qorxu altında saxlayaraq şəxsi istifadəsi üçün elektron qəlyan gətirməyə məcbur etməkdə təqsirli bilinib. İş materiallarında əsgərlərin yaxınlarına zəng edərək elektron qəlyan alınmasını təşkil etdikləri, komandirin isə həmin qəlyanları qəbul etdiyi göstərilir. İlqar Abdullayev isə tabeliyində olan əsgərlərə qarşı zor tətbiq etməkdə, onların başlarını bir-birinə vurmaqda və sifətlərinə çoxsaylı sillələr endirməkdə təqsirli bilinib. Sadiq İsayev apellyasiya şikayətində bildirir ki, birinci instansiya məhkəməsi Sadiq Zeynalov barəsində Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi üzrə ittihamı əsassız olaraq hökmdən çıxarıb. Şikayət müəllifi hesab edir ki, hərbi rəisin tabeliyində olan əsgərlərə qarşı zor tətbiq etməsi həm hərbi xidmət münasibətlərinə, həm də digər cinayət tərkiblərinə görə ayrıca hüquqi qiymət almalı idi. Sənəddə həmçinin qeyd olunur ki, Sadiq Zeynalova təyin edilmiş 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası törətdiyi əməllərin ağırlığına uyğun deyil və açıq-aşkar yüngüldür. Sadiq İsayev apelyasiya şikayətində İlqar Abdullayev barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinin də qanunsuz olduğu qeyd edir. Şikayət müəllifinin mövqeyinə görə, tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etmiş şəxsə azadlıqdan məhrumetmə əvəzinə cəmi 5 min manat cərimə təyin edilməsi cinayətlərin ictimai təhlükəliliyinə uyğun deyil və məhkəmə bunun üçün müstəsna əsasları göstərməyib. Apelyasiya şikayətində yalnız hökmün dəyişdirilməsi deyil, həm də xüsusi qərar qəbul edilməsi xahiş olunur. Zərərçəkmiş tərəf hesab edir ki, birinci instansiya məhkəməsi ittihamın bir hissəsini əsassız olaraq hökmdən çıxarıb. Dövlət ittihamçısı həmin hissədən apellyasiya protesti verməyib, ibtidai istintaq zamanı da hüquqi tövsifdə nöqsanlara yol verilib. Bu səbəbdən həm birinci instansiya məhkəməsinin hakimi, həm də dövlət ittihamçısı ilə bağlı xüsusi qərar qəbul olunması istənilir. Hazırda iş Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır. Zərərçəkmiş tərəf hökmün dəyişdirilərək hər iki təqsirləndirilən şəxsə daha ağır cəzaların təyin edilməsini tələb edir. Xatırladaq ki, həqiqi hərbi xidmətə çağırıldıqdan təxminən 1 ay sonra vəfat edən əsgər Fariz Sadiq oğlu İsazadənin ölümü ilə bağlı hazırda Bakı Hərbi Məhkəməsində də araşdırma davam edir. İttihama əsasən, hadisənin əsas səbəbi əsgərin ağırlaşan sağlamlıq vəziyyətinə baxmayaraq ona vaxtında və lazımi tibbi yardımın göstərilməməsi olub. Cinayət işi üzrə Qubadakı hərbi hissənin tibb məntəqəsinin rəisi, tibb leytenantı Vaqif Məmmədov Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi (qulluğa laqeyd yanaşma nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) ilə təqsirləndirilir. İş materiallarına görə Fariz İsazadə 2025-ci ilin may ayının əvvəlindən yüksək hərarət, güclü öskürək və digər ağır respirator infeksiya əlamətləri ilə dəfələrlə hərbi hissənin tibb məntəqəsinə müraciət edib. 6 və 9 may tarixlərində tibbi baxışdan sonra hospitala göndərilməyərək xidmət yerinə qaytarılıb. 10 may tarixində xəstə olduğu üçün andiçmə mərasimində iştirak edə bilməsə də, həmin gün sağlam kimi rəsmiləşdirilərək Qubadakı hərbi hissəyə ezam olunub. Qubaya çatdıqdan sonra vəziyyəti daha da ağırlaşıb və 11 may səhər hospitala yerləşdirilib. Xəstəlik sürətlə inkişaf edərək ağır pnevmoniya, infeksion-toksiki şok, miokardit, damardaxili yayılmış laxtalanma sindromu və poliorqan çatışmazlığına səbəb olub. Quba Rayon Mərkəzi Xəstəxanasında göstərilən tibbi yardıma baxmayaraq, əsgər həmin gün vəfat edib. İstintaq materiallarında qeyd olunur ki, əsgərin vəziyyətinin vaxtında düzgün qiymətləndirilməməsi, hərbi hissədə peşəkar tibbi növbətçiliyin olmaması və yaxınlıqda yerləşən hərbi hospitala operativ göndərilməməsi faciənin baş verməsində mühüm rol oynayıb. İttihama görə, Vaqif Məmmədov əsgəri tam müayinə etmədən, həyati göstəricilərini yoxlamadan yenidən xidmətə qaytarıb. Təqsirləndirilən şəxs isə məhkəmədə özünü günahkar bilmədiyini bildirib. Fariz İsazadənin valideynləri övladlarının ölümünün qarşısının alınmasının mümkün olduğunu, hadisənin səhlənkarlıq nəticəsində baş verdiyini bildirərək bütün məsul şəxslərin qanun qarşısında cavab verməsini tələb edirlər. Qeyd edək ki, əsgər Fariz İsazadənin ölümündən əvvəl üzləşdiyi qanunsuzluqlarla bağlı daha əvvəl Sadıq Zeynalov və İlqar Abdullayev mühakimə olunublar. Sumqayıt Apelyasiya Məhkəməsində məhz həmin epizod araşdırılacaq. aia.az Geri dön |