Ana Sayfa > Özəl > Ulu Öndər Heydər Əliyev və Azərbaycan dili: Milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi yaddaşımızın əbədi sütunu

Ulu Öndər Heydər Əliyev və Azərbaycan dili: Milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi yaddaşımızın əbədi sütunu


Bu gün, 15:15. Yazar: azer
Ulu Öndər Heydər Əliyev və Azərbaycan dili: Milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi yaddaşımızın əbədi sütunu

Azərbaycan dilinin dövlətçilik müstəvisində qorunması və inkişaf etdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin dil siyasəti sadəcə dilin işlənmə dairəsinin genişləndirilməsi ilə məhdudlaşmırdı. Bu siyasətin arxasında milli özünüdərk, azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərin qorunması və gələcək müstəqil dövlətin möhkəm təməllərinin yaradılması kimi strateji məqsədlər dayanırdı.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə münasibəti xüsusi əhəmiyyət daşıyırdı. O, dil məsələsinə yalnız mədəniyyət məsələsi kimi deyil, milli dövlətçilik məsələsi kimi yanaşırdı. 1969-cu ildə Azərbaycana rəhbərliyə gələn Heydər Əliyev respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, milli-mənəvi dəyərlərin qorunması istiqamətində də mühüm addımlar atdı. Azərbaycan dilinin nüfuzunun yüksəldilməsi, milli kadrların yetişdirilməsi, milli ədəbiyyatın, tariximizin və mədəniyyətimizin daha geniş təbliği həmin siyasətin mühüm istiqamətlərindən idi. Ulu Öndər çox yaxşı bilirdi ki, milli şüurun inkişafı ilə ana dilinə münasibət arasında birbaşa əlaqə mövcuddur. Xalq öz dilinə nə qədər bağlıdırsa, milli kimliyinə və dövlətçiliyinə də bir o qədər möhkəm bağlı olur. Məhz buna görə Heydər Əliyevin Azərbaycan dilinə münasibətində dövlətçilik və milli təfəkkür anlayışları daim vəhdət təşkil edirdi.
1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Sonrakı mərhələdə dövlət dilinin tətbiqi, qorunması və inkişafı istiqamətində mühüm normativ-hüquqi sənədlər qəbul edildi. Rəsmi sənədlərdə də bu prosesin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılan dil siyasəti ilə bağlı olduğu xüsusi vurğulanır. Beləliklə, Azərbaycan dilinin dövlət dili statusu yalnız hüquqi norma kimi deyil, müstəqil Azərbaycanın milli dövlətçilik konsepsiyasının əsas elementlərindən biri kimi formalaşdı. Dövlət dili dövlət idarəçiliyinin, qanunvericiliyin, təhsilin, elmin, mədəniyyətin və ictimai həyatın bütün əsas sahələrində aparıcı ünsiyyət vasitəsinə çevrildi. Bu prosesdə Heydər Əliyevin siyasi iradəsi və dövlətçilik baxışı həlledici əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı ilə hər il avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Fərmanda latın qrafikalı Azərbaycan əlifbasına keçidin 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyi və bunun ictimai-siyasi həyatımız, eləcə də yazı mədəniyyətimiz üçün mühüm hadisə olduğu vurğulanır. Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas ideoloji dayaqlarından biri azərbaycançılıq məfkurəsi idi. Azərbaycançılıq yalnız siyasi ideya deyil, müxtəlif sosial, mədəni və regional mənsubiyyətlərdən olan insanları vahid milli dövlət ideyası ətrafında birləşdirən ümummilli dəyərdir. Bu məfkurənin əsas sütunlarından biri isə Azərbaycan dilidir. Çünki ana dili insanları birləşdirən, milli yaddaşı qoruyan və dövlətçilik düşüncəsini nəsildən-nəslə ötürən ən güclü vasitələrdən biridir. Ulu Öndərin dil siyasətində də bu məqam xüsusi yer tuturdu. Bu baxımdan Azərbaycan dili həm milli kimliyimizin ifadəsi, həm də dövlət müstəqilliyimizin əsas atributlarından biridir.
Azərbaycan dilinin dövlətçilik baxımından əhəmiyyətini Vətən müharibəsindən sonra yaranmış yeni tarixi reallıqlar fonunda da xüsusi qeyd etmək lazımdır. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, milli özünüdərk və milli həmrəylik baxımından da böyük hadisə oldu. Azərbaycan xalqı bütün dünyaya nümayiş etdirdi ki, milli birlik, dövlətçilik düşüncəsi və Vətən sevgisi cəmiyyətin ən güclü dayaqlarıdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq prosesləri ilə yanaşı, həmin ərazilərdə Azərbaycan dilinin dövlət dili kimi tam və geniş şəkildə işlənməsi də dövlət suverenliyimizin mühüm göstəricilərindən biridir. Bu gün Şuşada, Xankəndidə, Laçında, Xocalıda, Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə Azərbaycan dilində məktəblərin, dövlət qurumlarının, mədəniyyət ocaqlarının və ictimai həyatın fəaliyyət göstərməsi milli dövlətçiliyimizin bərpasının mənəvi tərəflərindən biridir. Bu gün 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili gününü qeyd edərkən Ulu Öndər Heydər Əliyevin dil siyasətinin əsl mahiyyəti daha aydın görünür. Ulu Öndər Azərbaycan dilinin gələcəyini yalnız öz dövrü üçün deyil, gələcək nəsillər üçün düşünürdü. Onun təşəbbüsü ilə həyata keçirilən əlifba islahatı, dövlət dilinin hüquqi statusunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycançılıq ideyasının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi bu gün müstəqil Azərbaycanın milli dövlətçilik modelində öz bəhrəsini verir. Əgər bu gün Azərbaycan dili müstəqil dövlətimizin bütün sahələrində işlənirsə, Azərbaycan əlifbası dünya azərbaycanlılarının yazılı ünsiyyət vasitəsinə çevrilirsə, dilimiz beynəlxalq platformalarda dövlətimizin rəsmi dili kimi səslənirsə, burada Ulu Öndərin uzaqgörən siyasətinin böyük rolu vardır.
Bu gün Azərbaycan dili Prezident İlham Əliyevin beynəlxalq tribunalardakı çıxışlarında səslənir, Qarabağda və Şərqi Zəngəzurda yenidən qurulan şəhər və kəndlərdə yaşadılır, məktəblərdə yeni nəslə öyrədilir, elm və təhsil müəssisələrində inkişaf etdirilir, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları birləşdirir. Ulu Öndər Heydər Əliyevin dil siyasətinin ən böyük nəticələrindən biri də budur ki, Azərbaycan dili artıq müstəqil Azərbaycanın dövlətçilik atributlarından biri kimi möhkəm hüquqi və ictimai mövqeyə malikdir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön