Ana Sayfa > Manşet / Özəl / Təhsil > Müəllimlər sertifikatlaşdırma suallarından narazıdır –
Müəllimlər sertifikatlaşdırma suallarından narazıdır –Bu gün, 12:43. Yazar: Subhan |
![]() Müəllimlərin sertifikatlaşdırılması imtahanından sonra qiymətləndirmə prosesində istifadə olunan suallar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir qrup müəllim imtahanda təqdim edilən bəzi sualların həddindən artıq çətin olduğunu, sertifikatlaşdırmanın məqsədinə uyğun səviyyəni aşdığını və iştirakçıların bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan vermədiyini iddia edir. Sosial şəbəkələrdə paylaşılan çoxsaylı görüntülərdə müəllimlər bildirirlər ki, sualların bir hissəsi tədris proqramı ilə tam uzlaşmayıb. Onların sözlərinə görə, bəzi tapşırıqların məzmunu proqramdan kənara çıxıb, eyni zamanda ayrılan vaxt ərzində sualları cavablandırmaq da çətin olub. Onların iddiasına görə, bu amillər imtahan nəticələrinə təsir göstərərək qiymətləndirmənin obyektivliyinə kölgə sala bilər. Məsələ ilə bağlı aia.az Azərbaycan Respublikasının Təhsil İnstitutuna sorğu ünvanlayaraq qurumun mövqeyini öyrənməyə çalışıb. Təhsil İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Jalə İsmayıl sorğumuza cavab olaraq bildirib ki, sertifikatlaşdırma imtahanının sualları ilə bağlı səsləndirilən iradlara yaxın günlərdə rəsmi münasibət açıqlanacaq. "Apellyasiya prosesi yeni başa çatıb. Hazırda daxil olan müraciətlər dəyərləndirilir. Sertifikasiya sualları ilə bağlı iradlara yaxın günlərdə cavab veriləcək", – deyə qurum rəsmisi qeyd edib. Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə də sorğu ünvanlamışıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Aysel Timur aia.az Geri dön |