Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuvi: “İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə dilimizin saflığının qorunması xüsusi əhəmiyyət kəsb edir”
Adəm İsmayıl Bakuvi: “İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə dilimizin saflığının qorunması xüsusi əhəmiyyət kəsb edir”Bu gün, 12:27. Yazar: azer |
![]() “Milli özünüdərkin, mənəvi dəyərlərin və bəşəri düşüncənin əsas dayaqlarından biri dildir. Dil təkcə insanlar arasında ünsiyyət yaradan vasitə deyil, həm də xalqın milli ruhunu, tarixi yaddaşını, dünyagörüşünü və əsrlər boyu formalaşdırdığı zəngin mənəvi irsi özündə yaşadan ən mühüm sərvətdir. Azərbaycan xalqı uzun illər müstəqil dövlətə malik olmadığı mürəkkəb tarixi mərhələlərdə də öz milli kimliyini məhz Azərbaycan dili, zəngin mədəniyyəti və milli-mənəvi dəyərləri sayəsində qoruyub saxlamış, assimilyasiya təhlükəsini dəf etməyi bacarmışdır. Hər il 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününü qeyd edərkən ana dilimizin bənzərsiz zənginliyini, fəlsəfi dərinliyini və qloballaşan dünyada onun saflığının qorunmasının nə qədər vacib olduğunu bir daha aydın şəkildə anlayırıq. Ümummilli Lider Heydər Əliyev ana dilini milli varlığın əsas sütunu hesab edir, çıxışlarında dəfələrlə vurğulayırdı ki, Azərbaycan dilini bilməyən insanlar belə onun ahəngini eşidərək bu dilin nə qədər poetik və melodik olduğunu etiraf edirlər. O bildirirdi ki, hər bir xalq öz dili ilə yaşayır və məhz buna görə də biz ana dilimizlə qürur duymalıyıq. Ulu Öndərin fikrincə, hər bir Azərbaycan gənci müasir Azərbaycan dilini bütün incəlikləri ilə öyrənməli, onu düzgün işlətməli və gündəlik həyatında üstün tutmalıdır. Müstəqillik qazandıqdan sonra Azərbaycan dili dövlət dili statusu əldə etdiyi kimi, cəmiyyətin bütün sahələrində də aparıcı mövqeyə malik olmalıdır.” Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi səsləndirib. Partiya sədri qeyd edib ki, Azərbaycan dili dünya dilləri arasında zəngin söz ehtiyatı, yüksək poetik ifadə imkanları və ən incə məna çalarlarını ifadə etmək bacarığı ilə seçilən nadir dillərdəndir: “Ulu Öndər Heydər Əliyev müxtəlif illərdə etdiyi çıxışlarda bu xüsusiyyətləri xüsusi vurğulamışdır. O, 1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə Azərbaycan dilinin zəngin lüğət fonduna malik olduğunu bildirərək xalqımızın bununla fəxr etməli olduğunu qeyd etmişdir. Həmin ilin noyabrın 26-da Bakı Dövlət Universitetinin 75 illik yubileyində isə müstəqil dövlət və azad xalq olaraq ana dilimizlə qürur duyduğumuzu bəyan etmişdir. 1995-ci il noyabrın 5-də Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında isə Azərbaycan dilinin artıq beynəlxalq aləmdə tanındığını və xalqımızın adı ilə birlikdə nüfuz qazandığını xüsusi vurğulamışdır. Ana dilinə sevgi və ehtiram hissinin formalaşdırılması Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin əsas istiqamətlərindən biri idi. O, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan gənclərinin birinci forumunda “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz” fikri ilə gənclərə mühüm mesaj vermişdir. Elə həmin ilin noyabrın 6-da Türk dünyası yazıçılarının III qurultayında Azərbaycan dilinin bədii imkanlarının genişliyini, həyatın bütün sahələrini əhatə edən fikirləri ifadə etmək qüdrətini yüksək qiymətləndirmişdir. Ulu Öndər bildirirdi ki, hər bir xalqın milli kimliyini, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan ən mühüm amil onun dilidir. 1997-ci il aprelin 23-də türkdilli dövlətlərlə əməkdaşlığın ölkəmiz qarşısında yeni vəzifələr yaratdığını da xüsusi diqqətə çatdırmışdır. 1997-ci il oktyabrın 30-da Azərbaycan yazıçılarının X qurultayında Ulu Öndər Heydər Əliyev “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” fikrini yenidən səsləndirmişdir. 1998-ci il iyulun 22-də Londonda yaşayan soydaşlarımızla görüşündə isə qeyd etmişdir ki, dil olmasa, nə milli ədəbiyyat, nə musiqi, nə də mahnılar mövcud ola bilər. 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümü münasibətilə keçirilən tədbirdə milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayan Ulu Öndər, 2000-ci il sentyabrın 1-də 82 nömrəli məktəbdə çıxışı zamanı Sovet dövründə belə Azərbaycan dilinin inkişaf etdirildiyini və qorunduğunu qürur hissi ilə qeyd etmişdir. 2000-ci il dekabrın 29-da xalqa müraciətində Azərbaycan dilinin lüğət ehtiyatının daha da zənginləşdiyini və dünya dilləri arasında layiqli yer tutduğunu bildirmiş, 2001-ci il iyunun 18-də imzaladığı Fərmanda isə dilimizin ən mürəkkəb fikirləri belə dəqiq ifadə etmək gücünə malik olduğunu xüsusi vurğulamışdır. 2003-cü il fevralın 6-da TÜRKSOY nümayəndələri ilə görüşdə isə “Bizim Azərbaycan dili şeir dilidir” deyərək gənclərə xarici dillərlə yanaşı, ilk növbədə ana dilini mükəmməl öyrənməyi tövsiyə etmişdir.” Sonda müsahibimiz hazırda dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq insan üçün Azərbaycan dilinin ana dili hesab olunduğunu diqqət mərkəzinə çəkərək bunları deyib: “İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi və qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə dilimizin saflığının qorunması daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, xalqımızın milli birliyinin, dövlətçiliyinin və mədəni irsinin əsas dayaqlarından biri məhz ana dilimizdir. Dövlət başçısı bildirir ki, Azərbaycan dili o qədər zəngin imkanlara malikdir ki, xarici sözlərdən istifadəyə ehtiyac yoxdur və əsrlər boyu qorunub saxlanılan bu dili gələcək nəsillərə saf şəkildə çatdırmaq hamımızın borcudur. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı da bu məsələyə xüsusi toxunaraq qeyd etmişdir ki, Azərbaycan dilinin saflığını qorumaq hər bir vətəndaşın məsuliyyətidir. Dövlət qurumları, alimlər, dilçi mütəxəssislər, yazıçılar, şairlər, jurnalistlər və ictimai xadimlər bu istiqamətdə daha fəal olmalıdırlar. Xarici sözlərin yersiz işlədilməsi, xüsusilə kütləvi informasiya vasitələrində və ictimai çıxışlarda müşahidə olunan halların qarşısı alınmalıdır. Çünki xalq öz dilini qoruya bilməzsə, milli kimliyinin zəifləməsi qaçılmaz olar. Bununla yanaşı, Azərbaycan dilinin izahlı, tərcümə, terminoloji və etimoloji lüğətlərinin hazırlanması işində vahid sistemin yaradılması, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın dialekt və ləhcələrinin, eləcə də folklor nümunələrinin öyrənilməsi də xüsusi əhəmiyyət daşıyır. Ana dili xalqın mənəvi pasportu, milli kimliyinin aynası və əcdadlardan bizə miras qalmış ən müqəddəs sərvətdir. Öz dilini itirən xalq tarixi yaddaşını, milli ruhunu və mənəvi varlığını da itirmək təhlükəsi ilə üz-üzə qalır. Ana dilini qoruyub yaşadan millət isə zamanın bütün sınaqlarından üzüağ çıxmağı bacarır. Azərbaycan dili analarımızın laylasında, Füzulinin, Nəsiminin və Şah İsmayıl Xətainin ölməz əsərlərində, həmçinin müasir Azərbaycanın şanlı tarixində yaşayan əbədi mənəvi sərvətdir. Bu dili yad təsirlərdən qorumaq, onun saflığını gələcək nəsillərə olduğu kimi ötürmək hər bir vətəndaşın mənəvi borcu və Vətən qarşısında müqəddəs məsuliyyətidir. Qoy Azərbaycan dilinin bənzərsiz gözəlliyi, zənginliyi və qüdrətli sədası daim müstəqil Azərbaycanın səmasında ucalaraq milli kimliyimizin əbədi rəmzi kimi gələcək nəsillərə işıq saçsın” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb. Geri dön |