Ana Sayfa > Dünya > Benzinin qiymətinə təsir edəcək qərar - Bu ölkədə

Benzinin qiymətinə təsir edəcək qərar - Bu ölkədə


Bu gün, 13:29. Yazar: vasif
Benzinin qiymətinə təsir edəcək qərar - Bu ölkədə


Rusiya hökuməti daxili bazarda yanacaq təminatını qorumaq məqsədilə benzin ixracına tətbiq olunan qadağanın müddətini uzadıb. Ölkənin Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, benzin ixracına qoyulan məhdudiyyət ilin sonunadək qüvvədə qalacaq.

aia.az xəbər verir ki, Novakın sözlərinə görə, qərar hökumətin koordinasiya iclasında qəbul edilib. Məqsəd daxili bazarda yanacaq qıtlığının qarşısını almaq və qiymət sabitliyini qorumaqdır.

Rusiya rəsmisi qeyd edib ki, daxili bazarda vəziyyət sabitləşdikdən sonra dizel yanacağının ixracına tətbiq edilən məhdudiyyətlər tədricən ləğv olunacaq. Onun sözlərinə görə, bu addım neft emalı zavodlarının tam gücü ilə işləməsinə və istehsal həcmlərinin qorunmasına imkan verəcək.

Novak vurğulayıb ki, hökumətin əsas prioriteti ölkə daxilində tələbatın tam ödənilməsidir. Bundan sonra isə emal müəssisələrinin istehsalını davam etdirə bilməsi üçün dizel ixracı mühüm əhəmiyyət daşıyacaq.

Rusiya hökuməti son dövrdə logistika sahəsində yaranan problemlərin yanacaq tədarükündə müvəqqəti çətinliklər yaratdığını, lakin bazarın sabitləşdirilməsi üçün zəruri tədbirlərin görüldüyünü açıqlayıb.

Qeyd edək ki, son aylarda Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində bir sıra müəssisələrdə təmir işləri aparılır. Bu səbəbdən Moskva, Sankt-Peterburq və digər bölgələrdə yanacaq satışı ilə bağlı müxtəlif məhdudiyyətlər tətbiq olunmuşdu.
Geri dön