Ana Sayfa > Dünya > Rusiyanı biabırçı "Ermənistan ssenarisi" gözləyir: Ağ Evin "Oval Kabinet"ində imza atılacaq o sənəd hər şeyin sonu olacaq
Rusiyanı biabırçı "Ermənistan ssenarisi" gözləyir: Ağ Evin "Oval Kabinet"ində imza atılacaq o sənəd hər şeyin sonu olacaqDünən, 21:18. Yazar: vasif |
![]() Rusiyanın gələcək taleyinin işğalçı Ermənistanla paralellik təşkil edə biləcəyi ilə bağlı ehtimallar artıq tədricən daha inandırıcı görünür... Əgər, prezident Vladimir Putin də məğlub dövlətin lideri kimi, Ağ Evin Oval kabinetinə daxil olmağa məcbur qalarsa, bu, Rusiyanın və rus neoimperializminin sonu ola bilər... Ukrayna müharibəsində münaqişə tərəfləri bir-birinə qarşı hərbi təzyiqləri maksimum səviyyəyə çatdırmağa çalışsalar. Eyni zamanda buna paralel olaraq, siyasi-diplomatik kanallar da əvvəlki dövrlərlə müqayisədə daha intensiv işləməyə başlayıb. Xüsusilə də, Ağ Ev sahibi Donald Tramp bu müharibəni öz prezidentlik müddəti başa çatmadan dayandırmaq niyyətini açıqlamaqla, yeni "sülh pəncərə"si yaradıb. Ancaq onu da qeyd etmək lazımdır ki, Rusiya hələlik "tam qələbəyə qədər" müharibəni davam etdirəcəyini bəyan edir. Ukrayna isə uzaqmənzilli silah proqramını daha da genişləndirdiyini açıqlayır. Bununla yanaşı, ABŞ, Rusiya və Ukraynadan verilən siyasi-diplomatik mesajlar kompromis axtarışlarının da davam etdiyini göstərir. Yəni, növbəti mərhələdə həm hərbi eskalasiya, həm də siyasi danışıqların paralel inkişaf edəcəyi qətiyyən istisna deyil. Məsələ ondadır ki, Kreml hələlik geri çəkilmək niyyətində deyil. Kreml rəsmisi Dmitri Peskov bildirib ki, Ukrayna savaşında sülh üçün real perspektivlər görünmədiyi şəraitdə Rusiya "xüsusi hərbi əməliyyatı" davam etdirəcək və qarşıya qoyduğu məqsədlərə tam nail olmağa çalışacaq. Və bu bəyanat isə Kremlin əvvəlki mövqeyində elə bir ciddi dəyişikliyin olmadığını göstərir. Digər tərəfdən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu mövqeyi daha da sərtləşdirərək, vurğulayıb ki, prezident Vladimir Putinin 2024-cü ilin iyununda müəyyən etdiyi məqsədlər dəyişməz olaraq qalır. Yəni, Kreml həmin neoimperialist hədəflərdən geri çəkilməyi düşünmür. Halbuki, rus diplomatın sözlərinə görə, Rusiya əvvəlki danışıqlarda üzərinə götürdüyü öhdəliklərə sadiq olub, ona görə də, razılaşmaların həyata keçirilməməsinə görə məsuliyyət Kremlin üzərində deyil. Maraqlıdır ki, Sergey Lavrov ABŞ-la Alyaskada aparılmış əvvəlki danışıqlarda təqdim edilən kompromis təkliflərin məhz Ağ Evdə hazırlandığını və prezident Donald Tramp tərəfindən təsdiqlədiyini də vurğulayıb. Kremlin həmin təklifləri qəbul etdiyini deyən Sergey Lavrov sonradan razılaşmaların pozulmasının səbəblərini ABŞ-ın izah edilməli olduğunu da bildirib. Və bu, o deməkdir ki, Kremlin başlatdığı Ukrayna savaşının hələ davam etməsinə görə dolayısı ilə ABŞ-ı suçlamağa çalışır. Buna paralel olaraq, Ukrayna prezidenti Volodimir Zelenski isə ölkəsinin müdafiə sənayesində əldə olunan yeni nəticələri açıqlayıb. Onun sözlərinə görə, Ukrayna artıq 3 min kilometrdən artıq məsafədə yerləşən hədəfləri vurmağa imkan verən silah sistemlərinə malikdir. Ukrayna lideri bildirib ki, ilin sonuna qədər bu imkanlar 4 min kilometrə çatdırılacaq. Daha iddialı plana görə isə Ukraynanın perspektiv silah sistemləri 5-10 min kilometr məsafədə yerləşən hədəfləri də vurmağa imkan verəcək. Ukraynanın belə önəmli hərbi imkanlar əldə etməsi Rusiyanın dərin arxa bölgələrinin də artıq potensial risk zonasına çevrilməsi deməkdir. Digər tərəfdən, belə silahların istifadəsi Ukrayna savaşının coğrafiyasını daha da genişləndirə və yeni siyasi reaksiyalar doğura bilər. Və Kreml bütün bunlara görə artıq indidən ABŞ-ı Ukraynanın uzaqmənzilli zərbələrində birbaşa iştirak etməkdə ittiham suçlayır. Belə ki, Sergey Lavrovun iddiasına görə, ABŞ Ukrayna ordusunun istifadə etdiyi silahların Rusiya ərazisindəki hədəflərə yönləndirilməsi prosesində iştirak edir. O, bildirib ki, bu proses yalnız hərbi obyektlərə deyil, mülki infrastruktura qarşı da zərbələrlə müşayiət olunur. Və ABŞ bu ittihamları qəbul etməsə də, Kreml belə iddialar ilə müharibəni artıq yalnız Ukrayna deyil, dolayısıyla NATO ilə geopolitik qarşıdurmanın tərkib hissəsi kimi təqdim etməyə cəhd göstərir. Rusiyanın ittihamlarına cavab olaraq, Ağ Ev sahibi Donald Tramp isə Ukraynaya silah verilməsi ilə bağlı məsuliyyətin ABŞ-ın üzərində olmadığını göstərməyə çalışıb. O, bildirib ki, ABŞ silahları birbaşa Ukraynaya deyil, NATO ölkələrinə satır. Ona görə də, həmin silahların sonradan necə bölüşdürülməsi və Ukraynaya hansı həcmdə ötürülməsi məhz alyans üzvlərinin qərarına bağlıdır. Bu yanaşma isə prezident Donald Trampın həm müttəfiqlərlə münasibətləri qorumaq, həm də ABŞ-ın müharibənin birbaşa iştirakçısı kimi görünməsinin qarşısını almaq cəhdi kimi qəbul olunur. Bu baxımdan, ABŞ-ın dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Filippində keçirilən son görüş böyük maraq doğurur. Təxminən 35 dəqiqə davam edən danışıqlarda tərəflər Ukrayna müharibəsi ilə yanaşı, Yaxın Şərqdəki vəziyyəti və digər beynəlxalq məsələləri də müzakirə ediblər. Və görüşdən sonra tərəflər siyasi-diplomatik təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Maraqlıdır ki, dövlət katibi Marko Rubionun fikrincə, ABŞ və Rusiya arasında siyasi dialoqun dayandırılması "məsuliyyətsiz addım" olardı. Onun sözlərinə görə, dünyanın iki ən böyük nüvə dövləti arasında əlaqələrin qorunması beynəlxalq təhlükəsizlik baxımından, böyük əhəmiyyət daşıyır. O, həm də bildirib ki, Ağ Ev Ukrayna savaşının dayandırılması üçün bundan sonra da kompromis axtarışlarını davam etdirəcək və belə imkanlar yaranacağı halda, vasitəçiliyə hazırdır. Digər tərəfdən isə prezident Volodimir Zelenski Kremlin manevr imkanlarını daha da daralda biləcək önəmli bəyanatlar ilə diqqəti öz üzərinə çəkib. Ukrayna lideri bəyan edib ki, Rusiya ilə sülh sazişini məhz ABŞ ərazisində imzalamağa hazırdır. O, bu məqsədlə həm Ağ Evdəki Oval kabinetə, həm də prezident Donald Trampın Mar-a-Laqo iqamətgahına gəlməyə hazır olduğunu bildirib. Ukrayna lideri əmindir ki, həmin görüşün harada keçiriləcəyi və yekun razılaşmanın necə formalaşacağı əsasən Ağ Ev sahibi Donald Trampın siyasi təşəbbüslərindən asılı olacaq. Ukrayna liderinin bu mövqeyi rəsmi Kiyevin ABŞ-ın vasitəçiliyini daha ön plana çəkməyə üstünlük verdiyini göstərir. Ağ Ev artıq ABŞ lideri Donald Trampın gələn həftə Vaşinqtonda prezident Volodimir Zelenski ilə görüşəcəyini təsdiqləyib. Və bu görüş isə mümkün Rusiya-Ukrayna sülh danışıqlarının perspektivi baxımından, böyük əhəmiyyət daşıya bilər.Digər tərəfdən, Ağ Ev sahibi Donald Tramp isə bildirib ki, Rusiya prezidenti Vladimir Putinin razılaşmaya hazır olduğuna inanır və sülh sazişinin yaxın vaxtlarda əldə olunacağına ümid edir. Onun bu optimist yanaşması hələlik Kremlin "tam qələbəyə qədər müharibə" ritorikası ilə tam uzlaşmasa da, ABŞ-ın vasitəçilik istiqamətində siyasi-diplomatik fəallığını artıracağını göstərir. Və bu baxımdan, Ukrayna müharibəsi ətrafında yaranmış situasiyanın artıq tədricən yeni, həm də son dərəcə mürəkkəb mərhələyə daxil olduğu qətiyyən şübhə doğurmur. Göründüyü kimi, bir tərəfdən, Rusiya hərbi əməliyyatları davam etdirməkdə qərarlı olduğunu nümayiş etdirir. Ukrayna isə uzaqmənzilli zərbə imkanlarını artıraraq, Kreml üzərində hərbi təzyiqləri yüksəltməyə çalışır. Digər tərəfdən isə ABŞ siyasi-diplomatik prosesi tamamilə dayandırmaq əvəzinə, Rusiya və Ukrayna ilə paralel təmaslar quraraq, kompromis üçün yeni imkanlar axtarır. Belə anlaşılır ki, münaqişə tərəfləri "sülh masası"na mümkün qədər güclü mövqedən əyləşmək üçün cəbhədə üstünlük qazanmağa çalışırlar. Ona görə də, indiki mərhələnin münaqişə tərəfləri üçün hərbi cəhətdən daha dağıdıcı nəticələr doğura biləcəyi qətiyyən istisna deyil. Əgər, Ukrayna savaşı ətrafında yaranmış indiki situasiya dəyişməzsə, Rusiya "sülh masası"na daha zəif, hətta məğlub tərəf kimi oturmaq məcburiyyətində də qala bilər. Bu haldasa, Rusiyanın gələcək taleyi işğalçı Ermənistanla paralellik təşkil edəcəyi şübhə doğurmur. Belə ki, işğalçı Ermənistan 30 illik münaqişədə biabırçı məğlubiyyətə uğradıqdan sonra məhz Ağ Evin Oval kabinetində Azərbaycan ilə sülh sazişini paraflayan sənədə imza atmağa məcbur qalmışdı. Nəticədə, Ermənistanın işğalçılığına, erməni terrorizminə və separatizminə son nöqtə qoyulmuşdu. İndi prezident Vladimir Putin də məğlub dövlətin lideri kimi Ağ Evin Oval kabinetinə daxil olmaq məcburiyyətində qalarsa, bu, Rusiyanın və rus neoimperialisminin sonu ola bilər.musavat.com Geri dön |