Ana Sayfa > Siyasət > Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələ

Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələ


Bu gün, 18:21. Yazar: azer
Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20–21 iyul 2026-cı il tarixlərində Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin inkişafında mühüm siyasi hadisə kimi tarixə düşdü. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı etimadın daha da artırılması, siyasi dialoqun genişləndirilməsi və iqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirdi.
Berlin şəhərində Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirildi. Daha sonra dövlət başçısı Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirdi. Görüşlər zamanı Azərbaycan ilə Almaniya arasında siyasi münasibətlərin hazırkı vəziyyəti yüksək qiymətləndirildi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar ətrafında geniş fikir mübadiləsi aparıldı.
Danışıqlarda iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiyaların təşviqi, sənaye kooperasiyası, rəqəmsal transformasiya, nəqliyyat-logistika, yaşıl enerji, bərpa olunan enerji mənbələri, elm, təhsil, innovasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzuları oldu. Tərəflər qeyd etdilər ki, müasir dövrdə qlobal çağırışların həlli dövlətlər arasında etibarlı tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq tələb edir. Bu baxımdan Azərbaycan ilə Almaniya arasında əlaqələrin inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına xidmət edir.
Səfərin ən mühüm nəticələrindən biri "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə"nin imzalanması oldu. Həmçinin Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamə imzalandı. Bu sənədlər iqtisadi, siyasi, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və digər istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi və institusional baza formalaşdırır.
Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Merts ilə keçirdiyi birgə mətbuat konfransında bildirdi ki, Azərbaycan və Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur. Dövlət başçısı vurğuladı ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və hazırda ölkəmiz etibarlı enerji tərəfdaşı kimi bir çox Avropa dövlətlərini təbii qazla təmin edir. Prezident qeyd etdi ki, enerji sahəsində əməkdaşlıq artıq ənənəvi istiqamətlərlə məhdudlaşmır, yaşıl enerji layihələri də gələcək tərəfdaşlığın əsas istiqamətlərindən biri olacaq.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın əlverişli investisiya mühitinə malik olduğunu, ölkəmizdə Almaniyanın 200-dən çox şirkətinin uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Bildirildi ki, sənaye, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində yeni birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması isə işgüzar dairələr arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək.
Görüşlərdə regional və beynəlxalq gündəlikdə duran məsələlər də müzakirə edildi. Prezident İlham Əliyev Cənubi Qafqazda postmünaqişə dövründə yaranmış yeni reallıqlar, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslər barədə ətraflı məlumat verdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan bölgədə uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması üçün ardıcıl siyasət həyata keçirir.
Səfər çərçivəsində mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, elm, təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələlərinə də xüsusi diqqət yetirildi. Qeyd olundu ki, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan xarici siyasətində qarşılıqlı hörmətə, etimada və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərə böyük önəm verir. İmzalanan sənədlər və əldə olunmuş razılaşmalar Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Bu səfər siyasi dialoqun dərinləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və regional sabitliyin təmin olunmasına mühüm töhfə verən əlamətdar hadisə kimi qiymətləndirilir. Bu baxımdan, Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaratmış oldu.

Pirverdiyeva Gülüş ,
YAP Qusar rayon təşkilatının fəalı.
Geri dön