Ana Sayfa > Siyasət > Azərbaycanın Avropadakı mövqeyi daha da möhkəmlənir
Azərbaycanın Avropadakı mövqeyi daha da möhkəmlənirBu gün, 14:43. Yazar: azer |
![]() Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan xarici siyasətinin ardıcıl, praqmatik və milli maraqlara əsaslanan kursunun növbəti mühüm uğuru kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan müzakirələr və dövlətimizin başçısının mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə yanaşı, Azərbaycanın Avropa ilə əməkdaşlıq siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji təhlükəsizliyi, iqtisadi dayanıqlılıq və nəqliyyat-kommunikasiya layihələrinin dövlətlərin strateji maraqlarında mühüm yer tutduğu bir dövrdə Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri də məhz bu reallığın növbəti təsdiqi oldu. Dövlətimizin başçısı bəyanatında vurğuladı ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər qarşılıqlı hörmətə, etimada və bərabərhüquqlu əməkdaşlığa əsaslanır. Bu münasibətlər təkcə siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, enerji, sənaye, rəqəmsal texnologiyalar, elm, təhsil, ekologiya və humanitar sahələrdə də geniş inkişaf perspektivlərinə malikdir. Məhz bu istiqamətlər üzrə aparılan müzakirələr gələcəkdə konkret layihələrin reallaşmasına zəmin yaradır. Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biri olmaqla yanaşı, dünyanın ən inkişaf etmiş sənaye ölkələrindəndir. Belə bir dövlətlə münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Son illər ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti, iqtisadi islahatlar, şəffaf idarəetmə prinsiplərinin geniş tətbiqi və qeyri-neft sektorunun inkişafı Almaniya işgüzar dairələrinin Azərbaycana marağını daha da artırır. Prezident İlham Əliyevin bəyanatında enerji əməkdaşlığı xüsusi yer tutdu. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkələrdən biridir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına təbii qaz ixrac edən Azərbaycan enerji resurslarının etibarlı və fasiləsiz təchizatçısı kimi böyük etimad qazanıb. Avropada enerji təhlükəsizliyinin prioritet məsələyə çevrildiyi indiki dövrdə Azərbaycanın rolu daha da artır və Almaniya ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin strateji maraqlarına tam cavab verir. Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlıq da xüsusi diqqət mərkəzindədir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonası" konsepsiyasını uğurla həyata keçirir, günəş və külək enerjisi layihələrini genişləndirir. Almaniyanın bu sahədə zəngin təcrübəsi və texnoloji imkanları gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün geniş perspektivlər açır. Bu əməkdaşlıq həm iqtisadi inkişafı sürətləndirəcək, həm də qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə töhfə verəcək. Səfər zamanı iqtisadi əlaqələrin şaxələndirilməsi, sənaye kooperasiyası, rəqəmsal texnologiyalar, innovasiya, süni intellekt, logistika və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də ön plana çıxarıldı. Azərbaycan Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas iştirakçılarından biri kimi Avrasiyanın mühüm logistika mərkəzinə çevrilməkdədir. Almaniyanın Avropa iqtisadiyyatındakı aparıcı mövqeyi nəzərə alındıqda, bu istiqamətdə tərəfdaşlığın inkişafı təkcə iki ölkəyə deyil, bütövlükdə regionun iqtisadi inteqrasiyasına müsbət təsir göstərəcək. Prezident İlham Əliyev bəyanatında regional sülh məsələlərinə də toxunaraq Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində ardıcıl səylər göstərdiyini vurğuladı. Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanır. Ölkəmiz regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsini iqtisadi inkişafın əsas şərtlərindən biri hesab edir. Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət ölkəmizə həm Şərqdə, həm də Qərbdə etibarlı tərəfdaş imici qazandırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan diplomatik xətt milli maraqların qətiyyətlə müdafiəsini beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə uğurla uzlaşdırır. Bu siyasətin nəticəsidir ki, Azərbaycan bu gün mühüm beynəlxalq təşəbbüslərin iştirakçısı, enerji və nəqliyyat layihələrinin aparıcı tərəfdaşı, dialoq və əməkdaşlıq məkanı kimi qəbul edilir. Almaniyaya rəsmi səfər bir daha sübut etdi ki, Azərbaycan–Almaniya münasibətləri yalnız bugünkü əməkdaşlıqla məhdudlaşmır. Qarşılıqlı siyasi iradə və ortaq maraqlar bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyini göstərir. İqtisadi, enerji, sənaye, rəqəmsal inkişaf, humanitar və mədəni əməkdaşlıq istiqamətlərində yeni layihələrin həyata keçirilməsi iki ölkənin tərəfdaşlığını daha da möhkəmləndirəcək. Prezident İlham Əliyevin Berlin səfəri və verdiyi bəyanat Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, etibarlı tərəfdaş statusunun və müstəqil xarici siyasət kursunun növbəti parlaq təzahürü kimi tarixə düşdü. Bu səfər göstərdi ki, milli maraqlara söykənən, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan diplomatiya ölkəmizin inkişafına, beynəlxalq mövqeyinin möhkəmlənməsinə və regionda sülhün təmin olunmasına xidmət edən ən mühüm amillərdən biridir. Kamran Əmirov, YAP Qusar rayon təşkilatının sədri Geri dön |