Ana Sayfa > Özəl > Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib


Bu gün, 20:39. Yazar: vasif
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib



Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 21-ci sanksiya paketini təsdiqləyib. Aİ Şurasının Avropa Birliyinin Rəsmi Jurnalında dərc olunan məlumata görə, yeni qərardan sonra sanksiya siyahısında yer alan fiziki və hüquqi şəxslərin ümumi sayı 3100-ə çatıb ki, bu da indiyədək ən yüksək göstəricidir.
Yeni paket çərçivəsində daha 48 fiziki şəxs və 168 təşkilat məhdudiyyətlər siyahısına əlavə edilib. Sanksiyalar müxtəlif sahələri, o cümlədən maliyyə, energetika, nəqliyyat, müdafiə sənayesi, media və idman sektorlarını əhatə edir.
Siyahıya Rusiyanın idman naziri Mixail Deqtyarev, prezidentin köməkçisi Vladimir Medinski, "Qazprom-Media Holdinq"in baş direktoru Aleksandr Jarov, iş adamı Mixail Qutseriyev, eləcə də bir sıra iri şirkətlər, banklar və qızıl hasilatı ilə məşğul olan müəssisələr daxil edilib. Həmçinin bir neçə neft və qaz şirkəti, maliyyə qurumu və sənaye müəssisəsi də yeni məhdudiyyətlərə məruz qalıb.
Aİ bu şəxslər və təşkilatların siyahıya salınmasını Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqələndirir. Sanksiyalar çərçivəsində onların Avropa İttifaqındakı aktivləri dondurulur, Aİ vətəndaşları və şirkətlərinə onlarla maliyyə əməliyyatları aparmaq qadağan edilir. Fiziki şəxslərə isə Aİ ölkələrinə giriş və tranzit məhdudiyyətləri tətbiq olunur.
Qərar Avropa Birliyinin Rəsmi Jurnalında dərc edildiyi andan qüvvəyə minib.
Geri dön