Ana Sayfa > Özəl > Pediatr: Körpələrdə diş çıxarma prosesi adətən 4–7 aylıq dövrdə başlayır
Pediatr: Körpələrdə diş çıxarma prosesi adətən 4–7 aylıq dövrdə başlayırBu gün, 20:11. Yazar: vasif |
![]() Körpələrdə ilk dişlərin çıxması valideynləri ən çox narahat edən inkişaf mərhələlərindən biridir. Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayevanın sözlərinə görə, süd dişləri əksər uşaqlarda 4–7 aylıq dövrdə çıxmağa başlayır, lakin bu müddət fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişə bilər. Həkim bildirib ki, ilk olaraq adətən alt və yuxarı kəsici dişlər çıxır. Sağlam uşaqlarda bir yaşın sonuna qədər orta hesabla 6–8, üç yaşa qədər isə təxminən 20 süd dişi formalaşır. Pediatrın sözlərinə görə, diş çıxarma dövründə tüpürcəyin artması, diş ətlərində həssaslıq, narahatlıq və 37–37,8°C-yə qədər yüngül hərarət müşahidə oluna bilər. O qeyd edib ki, uzunmüddətli yüksək hərarət, davamlı ishal, güclü öskürək və ya digər ciddi əlamətlər yaranarsa, mütləq pediatra müraciət edilməlidir. Gülnaz Ağayeva bildirib ki, diş çıxarma prosesinə irsi xüsusiyyətlər, hamiləliyin gedişi, uşağın ümumi sağlamlıq vəziyyəti və bəzi xəstəliklər təsir göstərə bilər. Onun sözlərinə görə, müəyyən dişlərin çıxmasının normadan altı aydan çox gecikməsi əlavə tibbi qiymətləndirmə tələb edə bilər və belə hallarda rentgen müayinəsi faydalı ola bilər. Həkim valideynlərə körpələrin diş ətlərini yumşaq şəkildə masaj etməyi, yaşa uyğun diş çıxarma oyuncaqlarından istifadə etməyi, ağız gigiyenasına erkən yaşlardan diqqət yetirməyi və balanslı qidalanmanı təmin etməyi tövsiyə edib. O vurğulayıb ki, diş çıxarma uşağın normal inkişaf mərhələsidir və əksər hallarda xüsusi narahatlıq üçün əsas yaratmır. Geri dön |