Ana Sayfa > Ölkə > Hakimiyyətin zirvəsindən həbsə: İsmayıl Vəliyevin yüksəlişi, süqutu və milyonluq əmlaklar...
Hakimiyyətin zirvəsindən həbsə: İsmayıl Vəliyevin yüksəlişi, süqutu və milyonluq əmlaklar...Bu gün, 19:15. Yazar: vasif |
![]() 2020-ci ilin 20 fevralınadək olan yol... Azərbaycanın müstəqillik tarixində müxtəlif dövrlərdə yüksək vəzifəli məmurların, generalların, bank rəhbərlərinin, deputatların, icra başçılarının və diplomatik korpusun tanınmış nümayəndələrinin həbsi ölkənin hüquq sistemi və siyasi həyatında ən çox rezonans doğuran hadisələrdən olub. Bir vaxtlar dövlət idarəçiliyinin ən yüksək pillələrində qərarlar qəbul edən, milyonlarla manatlıq layihələrə rəhbərlik edən, beynəlxalq səviyyədə Azərbaycanı təmsil edən, ölkə rayonlarının rəhbərliyi etibar olunan bu şəxslər sonradan cinayət məsuliyyətinə cəlb edilərək uzunmüddətli həbs cəzaları alıblar. Onların bəziləri illərlə toxunulmaz hesab olunurdu. Kimisi Prezident Administrasiyasının rəhbəri, digəri ölkənin baş prokuroru olub, kimisi dövlətin ən böyük bankını idarə edib, kimisi isə təhlükəsizlik sistemində general rütbəsinə qədər yüksəlib. Lakin müxtəlif dövrlərdə aparılan istintaqlar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatları və məhkəmə araşdırmaları nəticəsində həmin şəxslər haqqında ağır ittihamlar irəli sürülüb və məhkəmələr tərəfindən hökm çıxarılıb. Musavat.com bu araşdırmada icra başçılarının həyat yoluna, karyerasına, yüksəlişinə, cinayət işlərinin başlanmasına, məhkəmə proseslərinə və hazırkı hüquqi statuslarına nəzər salır. DTX-nin Neftçala əməliyyatının pərdəarxası 2019-cu ilin sonu və 2020-ci ilin əvvəlləri Azərbaycanda korrupsiyaya qarşı mübarizənin ən səs-küylü dövrü kimi tarixə düşdü. Ağstafa və Yevlax rayonlarının icra başçılarının saxlanılmasından cəmi bir neçə həftə sonra növbə Neftçalaya çatdı. 2020-ci il fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirdi. Həmin gün Prezidentin sərəncamı ilə İsmayıl Vəliyev vəzifəsindən azad edildi və dərhal sonra saxlanıldı. Bu əməliyyat göstərdi ki, antikorrupsiya kampaniyası ayrı-ayrı epizodlarla məhdudlaşmır, rayon icra hakimiyyətlərində formalaşmış idarəetmə modelinə yönəlib. İsmayıl Vəliyev dövlət qulluğunda uzun illər çalışmış məmurlardan idi. O, əvvəlcə 2005–2011-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı, daha sonra isə 2011-ci ildən 2020-ci ilin fevralına qədər Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Onun rəhbərliyi dövründə Neftçalada yolların çəkilməsi, sosial obyektlərin tikintisi, kənd təsərrüfatı layihələri və dövlət investisiya proqramları həyata keçirilib. Lakin istintaq orqanlarının qənaətinə görə, məhz bu illərdə rayon idarəçiliyində sistemli korrupsiya mexanizmi formalaşıb. 2020-ci il fevralın 20-də DTX əməkdaşları rayon icra hakimiyyətinin inzibati binasına daxil olaraq bir neçə kabinetdə eyni vaxtda axtarış apardılar. Əməliyyat nəticəsində təkcə icra başçısı deyil, onun komandasında yer alan bir sıra yüksək vəzifəli şəxslər də saxlanıldı. Onlar bunlar idi: birinci müavini Vurğun Əkbərov, müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Neftçala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov. İstintaq müəyyən etmişdi ki, söhbət fərdi cinayətlərdən deyil, bir neçə vəzifəli şəxsin iştirak etdiyi korrupsiya sxemindən gedir. İsmayıl Vəliyevə qarşı Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma, təkrar rüşvət alma, külli miqdarda rüşvət alma və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürüldü. İstintaqın qənaətinə görə, Neftçala rayonu ərazisində sahibkarlıq fəaliyyəti, tikinti işləri, dövlət satınalmaları, torpaq məsələləri və bəzi sosial proqramlar qeyri-rəsmi ödənişlər sistemi ilə müşayiət olunurdu. Neftçalada həbs, Lənkəranda hökm Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsi baxsa da, proses təhlükəsizlik və təşkilati səbəblərlə əlaqədar Bakıda – Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirildi. Məhkəmə istintaqı aylarla davam etdi. Dövlət ittihamçısı təqdim olunan sübutların İsmayıl Vəliyevin və digər təqsirləndirilən şəxslərin təqsirini təsdiqlədiyini bildirərək sabiq icra başçısına 11 il azadlıqdan məhrumetmə cəzası verilməsini istədi. Müdafiə tərəfi ittihamları qəbul etmədi, sübutların kifayət etmədiyini və bəzi epizodların düzgün qiymətləndirilmədiyini bildirdi. 2021-ci il oktyabrın 29-da Lənkəran Ağır Cinayətlər Məhkəməsi hökm elan etdi. Hökmə əsasən: İsmayıl Vəliyev – 10 il, Vurğun Əkbərov – 9 il, Vüqar Nağıyev – 8 il, Əjdər Kərimov – 8 il 6 ay, Anar Cəfərov – 8 il, Telman Zahidov – 8 il 3 ay, Gültəkin Sadıqova – 6 il 6 ay azadlıqdan məhrum edildilər. Beləliklə, "Neftçala işi" təkcə bir icra başçısının deyil, rayon rəhbərliyinin müxtəlif pillələrində çalışan vəzifəli şəxslərin də məhkum olunması ilə nəticələndi. Hökmün ən diqqətçəkən hissələrindən biri İsmayıl Vəliyevin əmlaklarının dövlət nəfinə müsadirə olunması idi. Məhkəmə qərarına əsasən, müsadirə olunan əmlaklara aşağıdakılar daxil idi: • Səbayel rayonu, Mətbuat prospektindəki mənzil; • Gəncə şəhəri, Nizami rayonunda fərdi yaşayış evi; • Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi; • Yasamal rayonu, Qurban Xəlilov küçəsində yerləşən iki mərtəbəli yaşayış evi; • həmin küçədə yerləşən altı otaqlı daha bir mənzil; • Qobustan rayonu, Xilmilli kəndində əmlak kompleksi (xırman binası); • Qobustan rayonu, Mərəzə qəsəbəsində yerləşən qeyri-yaşayış binası; • "Neftçala Taxıl" ASC-yə məxsus müəssisə; • Neftçala şəhərində yerləşən "Yurdum" adlı ictimai iaşə obyekti və ona aid torpaq sahəsi. Bu siyahı göstərirdi ki, müsadirə təkcə yaşayış evlərini deyil, kommersiya obyektlərini və istehsal təyinatlı əmlakı da əhatə edib. Şirvan Apelyasiya Məhkəməsi 2022-ci ildə hökmə yenidən baxdı və İsmayıl Vəliyevin cəzasını 10 ildən 9 il 6 aya endirdi. Eyni qərarla onunla birlikdə mühakimə olunan Gültəkin Sadıqova və Əjdər Kərimovun da cəzaları 6 ay azaldıldı. Bu dəyişiklik hökmdə təqsirlilik məsələsini deyil, yalnız cəzanın müddətini əhatə edirdi. Cinayət işi üzrə hüquqi mübahisələr hökm qüvvəyə mindikdən sonra da davam etdi. 2025-ci ildə "Xalq Bank" müsadirə olunmuş əmlakın bir hissəsi üzərində hüquqlarının tanınması ilə bağlı kassasiya şikayəti verdi. Ali Məhkəmə bankın iddiasını təmin edərək, müsadirə olunmuş bəzi əmlaklar üzərindəki həbsin bankın tələbinin təmin olunması məqsədilə götürülməsinə qərar verdi. Bu qərar cinayət hökmünü dəyişməsə də, müsadirə edilmiş əmlakın sonrakı hüquqi taleyinə təsir göstərdi. "Neftçala işi" bir neçə səbəbə görə xüsusi diqqət çəkdi. Birincisi, cinayət işi təkcə icra başçısını deyil, rayon rəhbərliyinin müxtəlif sahələrinə cavabdeh olan yüksək vəzifəli şəxsləri əhatə etdi. İkincisi, hökm nəticəsində yaşayış evlərindən kommersiya obyektlərinə qədər geniş əmlak siyahısı müsadirə olundu. Üçüncüsü isə bu iş DTX-nin rayon icra hakimiyyətlərində apardığı antikorrupsiya əməliyyatlarının ən mühüm epizodlarından biri kimi Azərbaycan hüquq tarixində öz yerini aldı.musavat.com Ardı var… Geri dön |