Ana Sayfa > Siyasət > Azərbaycan–Almaniya münasibətlərində yeni səhifə: etibarlı tərəfdaşlıqdan strateji əməkdaşlığa

Azərbaycan–Almaniya münasibətlərində yeni səhifə: etibarlı tərəfdaşlıqdan strateji əməkdaşlığa


Bu gün, 11:44. Yazar: azer
Azərbaycan–Almaniya münasibətlərində yeni səhifə: etibarlı tərəfdaşlıqdan strateji əməkdaşlığa

Dövlətlər arasında münasibətlərin dəyəri təkcə imzalanan sənədlərlə deyil, formalaşan qarşılıqlı etimad və ortaq məqsədlərlə ölçülür. Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər zamanı əldə olunan razılaşmalar göstərdi ki, Azərbaycan və Almaniya münasibətləri artıq yeni strateji məzmun qazanır.

İmzalanan "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" gələcək əməkdaşlığın yol xəritəsini müəyyən edən mühüm siyasi sənəddir. Strateji dialoqun başlanması isə tərəflərin qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq niyyətinin aydın ifadəsidir.

Bu gün Azərbaycan Avropa üçün yalnız etibarlı enerji təchizatçısı deyil, həm də siyasi baxımdan sabit, iqtisadi cəhətdən dinamik inkişaf edən və beynəlxalq öhdəliklərinə sadiq olan tərəfdaş kimi qəbul edilir. Təbii qaz və neft ixracı ilə yanaşı, yaşıl enerji istiqamətində həyata keçirilən layihələr ölkəmizin gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Almaniya ilə bu sahədə əməkdaşlığın genişlənməsi həm iqtisadi, həm də ekoloji baxımdan qarşılıqlı fayda vəd edir.

Azərbaycanın son illərdə formalaşdırdığı müasir nəqliyyat infrastrukturu da Avrasiya məkanında yeni iqtisadi imkanlar yaradıb. Orta Dəhlizin əhəmiyyətinin artması, Şərq ilə Qərb arasında yükdaşımaların genişlənməsi və ölkəmizin logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsi Almaniya ilə əməkdaşlığa da yeni məzmun qazandırır. Bu istiqamətdə yaradılacaq işçi qrupları və həyata keçiriləcək layihələr tərəfdaşlığın praktik nəticələrini daha da artıracaq.

Prezident İlham Əliyevin bəyanatında regional sülh məsələsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Azərbaycanın təşəbbüsü ilə regionda yaranan yeni əməkdaşlıq mühiti artıq real nəticələr verməkdədir. Kommunikasiyaların genişlənməsi, iqtisadi əlaqələrin canlanması və qarşılıqlı etimadın möhkəmlənməsi Cənubi Qafqazın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Almaniyanın bu proseslərə verdiyi dəstək isə beynəlxalq əməkdaşlığın uğurlu nümunələrindən biri kimi qiymətləndirilə bilər.
Eyni zamanda, Avropa İttifaqı ilə münasibətlərin son dövrlərdə yeni dinamika qazanması Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini göstərir. Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərləri, enerji, iqtisadiyyat və nəqliyyat sahələrində genişlənən əməkdaşlıq Azərbaycanın Avropa üçün etibarlı və strateji tərəfdaş olduğunu bir daha təsdiqləyir. Almaniyanın bu prosesdə aparıcı rol oynaması isə əməkdaşlığın gələcək inkişafı üçün mühüm zəmin yaradır.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri nümayiş etdirdi ki, Azərbaycanın xarici siyasətinin əsas prioritetləri – qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq, iqtisadi əməkdaşlıq və regional sabitlik – konkret nəticələrlə müşayiət olunur. İmzalanan sənədlər və səsləndirilən mesajlar iki ölkə arasında münasibətlərin uzunmüddətli inkişafına xidmət etməklə yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, Avropa ilə əlaqələrinin möhkəmlənməsinə və regionda sülhün davamlı xarakter almasına mühüm töhfə verəcək.

Əhməd Məmmədov
Siyəzən RİHB-nın Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri
Geri dön