Ana Sayfa > Manşet / Siyasət > Manaf Manafov: "Bakı ilə Berlin əməkdaşlığı təkcə iqtisadi maraqlar çərçivəsində deyil, həm də regional təhlükəsizlik kontekstində dəyərləndirilir"

Manaf Manafov: "Bakı ilə Berlin əməkdaşlığı təkcə iqtisadi maraqlar çərçivəsində deyil, həm də regional təhlükəsizlik kontekstində dəyərləndirilir"


Bu gün, 13:33. Yazar: azer
Manaf Manafov: "Bakı ilə Berlin əməkdaşlığı təkcə iqtisadi maraqlar çərçivəsində deyil, həm də regional təhlükəsizlik kontekstində dəyərləndirilir"

İyulun 21-də Berlin şəhərində Azərbaycan Respublikasının Prezidenti ilə Almaniya Federativ Respublikasının Federal Kansleri arasında keçirilən görüş, mətbuata verilən bəyanatlar və imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərin yeni və daha yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Bu mühüm siyasi təmas bir daha təsdiqlədi ki, müstəqil Azərbaycanın həyata keçirdiyi xarici siyasət strategiyası zamanın sınaqlarından uğurla çıxaraq ölkəmizin beynəlxalq aləmdə etibarlı və nüfuzlu tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.

Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki hər bir güclü dövlətin inkişafının əsasında uzaqgörən rəhbərlik və ardıcıl strateji yanaşma dayanır. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı müstəqil xarici siyasət konsepsiyası bu gün də Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsinə xidmət edir. Ulu Öndərin milli maraqlara söykənən, balanslaşdırılmış və qarşılıqlı etimadı əsas götürən diplomatik xətti Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir.

Məhz bu düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən birinə çevrilib və Almaniya da daxil olmaqla qitənin aparıcı dövlətləri ilə strateji tərəfdaşlıq münasibətləri qurub. Avropa istiqamətində əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iri iqtisadi layihələr, nəqliyyat marşrutları və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mexanizmləri vasitəsilə daha da genişlənir. Berlin görüşü zamanı imzalanan "İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" və Azərbaycan-Almaniya Biznes Şurasının təsis olunmasına dair əldə edilən razılıq gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən mühüm sənədlər kimi qiymətləndirilə bilər.

Mətbuat konfransında səsləndirilən fikirlər göstərdi ki, iki ölkə arasında əməkdaşlıq bir sıra strateji sahələri əhatə edir.Azərbaycan təbii qazının bu ildən etibarən Almaniya bazarına daxil olması və ümumilikdə Avropa İttifaqının on ölkəsinə ixrac edilməsi ölkəmizin Avropanın enerji təminatındakı rolunu daha da artırıb. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaşıl keçid siyasəti fonunda beynəlxalq maliyyə institutlarının neft və qaz layihələrinə münasibətlərini yenidən qiymətləndirməsi mövcud infrastrukturun genişləndirilməsi və ixrac imkanlarının artırılması üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, gələcəkdə yaşıl enerjinin də Avropa bazarlarına çatdırılmasını strateji məqsəd kimi müəyyənləşdirib. Bu isə tərəflər arasında enerji əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərir. Bununla yanaşı, Orta Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin inkişaf etdirilməsi və tranzit potensialının artırılması ticarət əlaqələrinin daha da genişlənməsinə əlverişli şərait yaradır. Almaniya rəhbərliyinin regionda sülh prosesinə və Azərbaycanla Ermənistan arasında əldə edilmiş mühüm irəliləyişlərə dəstək verməsi Avropanın Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasına xüsusi önəm verdiyini göstərir. Müasir dövrdə beynəlxalq münasibətlər sistemi qlobal böhranlar və geosiyasi dəyişikliklərlə xarakterizə olunur. Belə bir şəraitdə emosional yanaşmalardan daha çox real maraqlara və hesablanmış siyasətə əsaslanan praqmatik mövqe xüsusi əhəmiyyət qazanır.

Cənab Prezident İlham Əliyevin Avropa siyasətində məhz praqmatik yanaşmanın vacibliyini vurğulaması Azərbaycanın xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biridir. Azərbaycan hər zaman Avropa İttifaqı və onun aparıcı dövlətləri ilə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların qorunması prinsipləri üzərində qurub. Berlində keçirilən görüşlər də bir daha nümayiş etdirdi ki, Bakı ilə Avropa arasında tərəfdaşlıq birtərəfli maraqlara deyil, hər iki tərəfin iqtisadi, enerji və təhlükəsizlik maraqlarını təmin edən sağlam əməkdaşlıq modelinə əsaslanır. Bu praqmatik siyasət Azərbaycanın regionun aparıcı dövləti kimi mövqeyini daha da gücləndirir, eyni zamanda Avrasiya məkanında sülhün, sabitliyin və davamlı inkişafın möhkəmlənməsinə mühüm töhfə verir - deyə, Manaf Manafov açıqlamasını tamamlayıb.
Geri dön