Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Milli mətbuatımızın 151 illik inkişaf yolu Azərbaycanın dövlətçilik salnaməsinin ayrılmaz hissəsidir”
Novruzəli Aslanov: “Milli mətbuatımızın 151 illik inkişaf yolu Azərbaycanın dövlətçilik salnaməsinin ayrılmaz hissəsidir”Bu gün, 09:14. Yazar: azer |
![]() “İlk növbədə Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü münasibətilə bütün jurnalistlərimizi və media nümayəndələrini səmimi-qəlbdən təbrik edirəm. 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti yalnız ilk milli mətbuat orqanımız deyil, həm də xalqımızın maariflənməsi, milli özünüdərkin formalaşması və ictimai fikrin inkişafı tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” Azərbaycan jurnalistikasının ideya əsaslarını formalaşdırmış, sonrakı dövrlərdə yaranan çoxsaylı qəzet və jurnallar üçün örnək rolunu oynamışdır. Məhz bu zəngin irs bu gün də milli mediamızın inkişafına istiqamət verən mühüm mənəvi dayaqlardan biridir.” Bu fikirləri Milli Məclisin deputatı Novruzəli Aslanov Milli Mətbuat Günü münasibətilə aia.az-a açıqlamasında səsləndirib. Millət vəkili bildirib ki, müstəqil Azərbaycanın media siyasətinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır: “Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar mətbuatın da inkişafı üçün tamamilə yeni imkanlar yaratdı. Söz və fikir azadlığının təmin olunması, demokratik prinsiplərə əsaslanan qanunvericilik bazasının formalaşdırılması, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində atılan addımlar Azərbaycan jurnalistikasının müasir inkişaf mərhələsinin əsasını qoydu. Xüsusilə 1998-ci ildə dövlət senzurasının ləğv edilməsi ölkəmizdə azad medianın inkişafına mühüm təkan verdi və jurnalistikanın peşəkar fəaliyyət imkanlarını daha da genişləndirdi. Çağdaş dövrümüzdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Rəqəmsal transformasiyanın sürətləndiyi müasir dövrdə informasiya təhlükəsizliyinin qorunması, peşəkar jurnalistikanın dəstəklənməsi və milli informasiya məkanının möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Son illərdə media sahəsində həyata keçirilən institusional islahatlar, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, peşəkar fəaliyyət üçün yaradılan əlverişli şərait dövlətin bu sahəyə verdiyi önəmin bariz ifadəsidir. Milli mətbuatımız artıq yalnız ölkə daxilində deyil, beynəlxalq informasiya məkanında da Azərbaycanın mövqeyinin obyektiv şəkildə çatdırılmasında mühüm rol oynayır. Müasir Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri də qlobal informasiya mühitində milli maraqların etibarlı şəkildə müdafiəsidir. Dezinformasiya və informasiya manipulyasiyalarının geniş yayıldığı bir dövrdə peşəkar, məsuliyyətli və operativ jurnalistika xüsusi əhəmiyyət daşıyır. Azərbaycan jurnalistləri Vətən müharibəsi dövründə və sonrakı mərhələdə nümayiş etdirdikləri prinsipial mövqe ilə milli maraqların müdafiəsində mühüm xidmətlər göstəriblər. Əminəm ki, milli mətbuatımız zəngin ənənələrinə sadiq qalaraq bundan sonra da cəmiyyətimizin maariflənməsinə, dövlətçiliyimizin möhkəmlənməsinə və ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına dəyərli töhfələr verməyə davam edəcək” – deyə, Novruzəli Aslanov vikirlərini başa çatdırıb. Geri dön |