Ana Sayfa > Dünya > Araqçıdan sensasion etiraf - Türkiyə İranın parçalanmasının qarşısını aldı?

Araqçıdan sensasion etiraf - Türkiyə İranın parçalanmasının qarşısını aldı?


Dünən, 22:36. Yazar: vasif
Araqçıdan sensasion etiraf - Türkiyə İranın parçalanmasının qarşısını aldı?


İranın xarici işlər naziri Abbas Araqçının Türkiyə ilə bağlı səsləndirdiyi son açıqlamalar Yaxın Şərqdə 40 günlük müharibə dövründə yaşanan hadisələrə yeni baxış formalaşdırıb. Tehran iddia edir ki, həmin dövrdə İranın ərazi bütövlüyünü hədəf alan ssenarilərdən birinin qarşısının alınmasında Ankara həlledici rol oynayıb.

Araqçının sözlərinə görə, Türkiyə Şimali İraqdan kürd silahlı qruplarının İrana daxil olmasına imkan verməyərək mümkün eskalasiyanın və İranın parçalanmasına yönəlmiş planların reallaşmasının qarşısını alıb. Bu açıqlamalar Ankara-Tehran münasibətləri, ABŞ-ın bölgədəki siyasəti və Yaxın Şərqdə dəyişən geosiyasi balansla bağlı yeni müzakirələrə səbəb olub.

Abbas Araqçının səsləndirdiyi iddialar regionda hansı yeni siyasi mesajları özündə ehtiva edir? Türkiyənin həmin proseslərdə rolu həqiqətənmi həlledici olub? Bu açıqlamalar Ankara-Vaşinqton və Ankara-Tehran münasibətlərinə necə təsir göstərəcək? Yaxın Şərqdə yeni geosiyasi düzənin formalaşdığı bir vaxtda bu cür bəyanatlar hansı nəticələr vəd edir?

Milli Məclisin deputatı Elnarə Akimova Musavat.com-da məsələyə bu cür şərh verdi: "Abbas Araqçının bu açıqlaması ilk növbədə onu göstərir ki, Yaxın Şərqdə baş verən hadisələrin görünən tərəfi ilə pərdəarxası proseslər arasında ciddi fərqlər var. Əgər İranın xarici işlər naziri açıq şəkildə Türkiyənin həmin dövrdə İranın ərazi bütövlüyünün qorunmasında mühüm rol oynadığını etiraf edirsə, bu, Ankara ilə Tehran arasında bütün fikir ayrılıqlarına baxmayaraq, strateji təhlükəsizlik məsələlərində müəyyən ortaq maraqların mövcudluğunu ortaya qoyur. Türkiyə uzun illərdir regionda sərhədlərin zorla dəyişdirilməsinin əleyhinə olduğunu bəyan edir. İraqın, Suriyanın və digər dövlətlərin ərazi bütövlüyü ilə bağlı sərgilədiyi mövqe əslində İran məsələsində də eyni prinsipin tətbiq olunduğunu göstərir. Çünki regionda hər hansı dövlətin parçalanması yalnız həmin ölkə üçün deyil, bütün Yaxın Şərq üçün uzunmüddətli qeyri-sabitlik, yeni silahlı qarşıdurmalar və terror riskləri yarada bilər.

Araqçının bəyanatı həm də Vaşinqtona ünvanlanmış siyasi mesaj kimi qiymətləndirilə bilər. İran bununla göstərməyə çalışır ki, bölgədə bütün proseslər yalnız ABŞ-ın iradəsi ilə formalaşmır və regional güclər öz təhlükəsizlik maraqları naminə zaman-zaman ortaq mövqe nümayiş etdirə bilirlər. Bu, eyni zamanda Ankaranın müstəqil xarici siyasət kursuna verilən dolayısı dəstək kimi də görünür.

Bunun Ankara–Vaşinqton münasibətlərinə təsiri isə daha çox siyasi müstəvidə hiss oluna bilər. Türkiyə NATO üzvü olmaqla yanaşı, regional məsələlərdə milli maraqlarını əsas götürdüyünü dəfələrlə nümayiş etdirib. İranın son açıqlaması bu siyasətin region dövlətləri tərəfindən də qəbul edildiyini göstərən mühüm siqnaldır.

Ankara-Tehran münasibətləri baxımından isə bu bəyanat qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edə bilər".

Parlamentari hesab edir ki, tərəflər arasında Suriya, Cənubi Qafqaz və digər məsələlər üzrə fikir ayrılıqları qalmaqda davam etsə də, təhlükəsizlik, terrorizmə qarşı mübarizə və sərhəd sabitliyi kimi mövzularda əməkdaşlıq imkanlarının genişləndiyi görünür: "

Ümumilikdə, Araqçının açıqlaması təkcə keçmiş hadisələrin şərhi deyil, həm də gələcəyə hesablanmış siyasi mesajdır. Bu mesaj ondan ibarətdir ki, Yaxın Şərqdə yeni geosiyasi düzən formalaşarkən regional dövlətlər artıq kənar güclərin ssenarilərindən daha çox öz təhlükəsizlik maraqlarına əsaslanan əməkdaşlıq modelini ön plana çıxarmağa çalışırlar. Məhz bu yanaşma gələcəkdə regionun siyasi xəritəsini və güc balansını müəyyən edən əsas amillərdən birinə çevrilə bilər".
Geri dön