Ana Sayfa > Özəl > Ermənistan ordusu Fransanın "Caesar" artilleriya sistemləri ilə təlim keçirib

Ermənistan ordusu Fransanın "Caesar" artilleriya sistemləri ilə təlim keçirib


Dünən, 21:46. Yazar: vasif
Ermənistan ordusu Fransanın "Caesar" artilleriya sistemləri ilə təlim keçirib


Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa istehsalı olan 155 millimetrlik Caesar özüyeriyən artilleriya qurğularının iştirakı ilə keçirilən hərbi hazırlıq prosesinin görüntülərini paylaşıb. Ermənistan ordusunda bu artilleriya sistemlərinə "Aramazd" adı verilib.
Nazir sosial şəbəkə hesabında yayımladığı videoda Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının 155 millimetrlik özüyeriyən artilleriya qurğularında hazırlıq keçdiyini bildirib. Görüntülərdə artilleriya heyətinin fəaliyyəti və döyüş hazırlığı məşqləri əks olunub.
Erməni KİV-lərinin məlumatına görə, videoda artilleriya bölməsinin komandiri də çıxış edərək şəxsi heyətin hazırlıq prosesi və xidməti vəzifələri barədə məlumat verib.
Son illərdə Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq genişlənib. 2023-cü ildən etibarən Paris İrəvana müxtəlif hərbi texnika və avadanlıqların tədarükünə başlayıb. Bu çərçivədə Ermənistan üçün nəzərdə tutulan zirehli avtomobillərin ilk partiyası Gürcüstan ərazisindən tranzit keçərək ölkəyə çatdırılıb.
Bundan əlavə, Fransa daha əvvəl Ermənistana Ground Master 200 (GM200) radar sistemlərinin satılacağını açıqlayıb. Rəsmi Paris həmçinin Mistral daşınan hava hücumundan müdafiə raket komplekslərinin tədarükü istiqamətində əməkdaşlıq planlarını və Ermənistan hərbçilərinə hava hücumundan müdafiə sahəsində təlimlərin keçirilməsini də bəyan edib.
Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlığın genişlənməsi regionda təhlükəsizlik məsələləri ilə bağlı müzakirələrin davam etdiyi bir dövrə təsadüf edir.
Geri dön