Ana Sayfa > Özəl > TRIPP layihəsi ilə bağlı yeni iddialar: Azərbaycan və Türkiyənin iştirakı müzakirə olunur

TRIPP layihəsi ilə bağlı yeni iddialar: Azərbaycan və Türkiyənin iştirakı müzakirə olunur


Dünən, 19:19. Yazar: vasif
TRIPP layihəsi ilə bağlı yeni iddialar: Azərbaycan və Türkiyənin iştirakı müzakirə olunur




Zəngəzur marşrutu ilə əlaqələndirilən TRIPP layihəsi ətrafında yeni müzakirələr davam edir. ABŞ-nin Stenford Universitetinin professoru Artur Xaçikyan bildirib ki, layihə çərçivəsində bölgədə nəqliyyat infrastrukturunun maliyyələşdirilməsi üçün 200 milyon dollar kapitalla TRIPP+ adlı investisiya fondunun yaradıldığı iddia olunur.

Xaçikyanın sözlərinə görə, layihənin gələcək mərhələlərində əlavə maliyyələşmənin Türkiyə və Azərbaycan şirkətləri tərəfindən həyata keçirilə biləcəyi ehtimal edilir. O, bununla bağlı müxtəlif ssenarilər irəli sürərək layihənin gələcək inkişafının regional və beynəlxalq geosiyasi proseslərdən asılı olacağını bildirib.

Mövzu ilə bağlı deputat Elşad Musayev isə hesab edir ki, TRIPP layihəsi Azərbaycan və Türkiyənin iqtisadi maraqlarına uyğun ola bilər. Onun fikrincə, Orta Dəhlizin inkişafı regionun tranzit imkanlarını genişləndirən beynəlxalq təşəbbüslərdən biridir və layihəyə müxtəlif dövlətlərin maraq göstərməsi təbiidir.

Deputat qeyd edib ki, layihənin dayandırılacağı ilə bağlı səslənən fikirləri inandırıcı hesab etmir. O bildirib ki, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının inkişafı həm regional, həm də qlobal iqtisadi əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, Ermənistan hökuməti ABŞ ilə TRIPP layihəsi çərçivəsində imzalanmış strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası prosesinə başlayıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın açıqlamasına görə, layihənin tam icrası üçün gələcəkdə səhmdarlar arasında saziş və layihəni idarə edəcək şirkətin nizamnaməsi də imzalanmalıdır.

Hazırda TRIPP layihəsi ilə bağlı səsləndirilən Azərbaycanın və Türkiyənin mümkün maliyyə iştirakı barədə iddialara Bakı və Ankara tərəfindən rəsmi təsdiq verilməyib. Layihənin gələcək inkişafı isə tərəflər arasında aparılacaq danışıqların nəticələrindən asılı olacaq.

Geri dön