Ana Sayfa > Siyasət > Milli mətbuatımız müasir və dayanıqlı inkişaf yolunu davam etdirir
Milli mətbuatımız müasir və dayanıqlı inkişaf yolunu davam etdirirDünən, 12:23. Yazar: azer |
![]() Dövlətin qüdrəti təkcə onun iqtisadi potensialı, hərbi imkanları və beynəlxalq nüfuzu ilə ölçülmür. Güclü dövlət eyni zamanda milli maraqları müdafiə etməyə qadir olan peşəkar mediaya, səmərəli informasiya siyasətinə və cəmiyyətlə dövlət arasında etibarlı ünsiyyət mexanizmlərinə sahib olmalıdır. Bu baxımdan Azərbaycanın milli mətbuatının inkişaf yolu ölkənin dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan milli mətbuatı bir əsrdən artıq davam edən inkişaf mərhələsində müxtəlif ictimai-siyasi quruluşların, mürəkkəb tarixi hadisələrin və qlobal dəyişikliklərin təsirini yaşamışdır. Lakin medianın inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi məhz müstəqillik dövrünə təsadüf edir. Bu strateji yanaşmanın əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən isə müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilmişdir. 1993-cü ildə Azərbaycan siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və informasiya sahəsində ciddi problemlərlə üzləşmişdi. Dövlət idarəetmə sistemi zəifləyir, cəmiyyətdə parçalanma meyilləri güclənir, media isə həm maliyyə, həm də hüquqi baxımdan mürəkkəb vəziyyətdə fəaliyyət göstərirdi. Belə bir dövrdə Ümummilli Lider Heydər Əliyev medianın inkişafını sadəcə peşə sahəsi kimi deyil, dövlət quruculuğunun mühüm istiqamətlərindən biri kimi dəyərləndirdi. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində söz və mətbuat azadlığının hüquqi təminatı gücləndirildi, demokratik informasiya mühitinin formalaşdırılması üçün zəruri qanunvericilik bazası yaradıldı. 1998-ci ildə dövlət senzurasının ləğv olunması Azərbaycanın demokratik inkişaf tarixində mühüm dönüş nöqtəsinə çevrildi. Bu qərar jurnalistlərin fəaliyyət imkanlarını genişləndirməklə yanaşı, dövlətin cəmiyyətə olan etimadının da bariz ifadəsi oldu. Ulu Öndər Heydər Əliyev medianı inzibati idarəetmənin aləti kimi deyil, milli maraqların müdafiəsinə xidmət edən mühüm ictimai institut kimi qiymətləndirirdi. Onun jurnalistlərlə müntəzəm görüşləri, media nümayəndələrinin problemlərinə həssas münasibəti və “Jurnalistlərin dostu” adına layiq görülməsi bu siyasətin mahiyyətini aydın şəkildə nümayiş etdirirdi. Cənab îPrezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu siyasət keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müasir dünyada informasiya təhlükəsizliyi artıq milli təhlükəsizliyin əsas komponentlərindən biri hesab edilir. Buna görə də media siyasəti yalnız xəbər istehsalı ilə məhdudlaşmır, dövlətin ümumi inkişaf strategiyasının mühüm istiqaməti kimi həyata keçirilir. Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul olunması, media subyektlərinin iqtisadi imkanlarının genişləndirilməsi, vergi güzəştlərinin tətbiqi, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması və peşə hazırlığının gücləndirilməsinə yönələn proqramlar göstərir ki, ölkəmizdə media sahəsində aparılan islahatlar sistemli və uzunmüddətli xarakter daşıyır. Bu siyasətin əsas xüsusiyyətlərindən biri milli maraqların qorunması ilə müasir texnoloji yeniliklərin uzlaşdırılmasıdır. Rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin təsir imkanlarının artması və qlobal informasiya axınının genişlənməsi media siyasətinə yeni yanaşmalar tələb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər də məhz bu yeni reallıqlar nəzərə alınaraq formalaşdırılır. Bu gün Azərbaycan mediası yalnız ölkə daxilində fəaliyyət göstərən informasiya mənbəyi funksiyasını daşımır. O, eyni zamanda beynəlxalq informasiya məkanında Azərbaycanın maraqlarını müdafiə edən, milli həqiqətləri dünya ictimaiyyətinə çatdıran mühüm strateji kommunikasiya vasitəsinə çevrilmişdir. Bu baxımdan Şuşada təşkil olunan Qlobal Media Forumları xüsusi əhəmiyyət kəsb edir. Qarabağın mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq media dialoqunun vacib mərkəzlərindən birinə çevrilməsi Azərbaycanın informasiya siyasətinin qlobal miqyasda nüfuz qazandığını göstərir. 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan mediasının fəaliyyəti bu siyasətin nəticələrini aydın şəkildə nümayiş etdirdi. Jurnalistlər təkcə xəbərləri ictimaiyyətə çatdırmaqla kifayətlənmədilər, həm də informasiya cəbhəsində milli birliyin möhkəmlənməsinə, saxta məlumatlara qarşı mübarizəyə və Azərbaycanın haqlı mövqeyinin beynəlxalq auditoriyaya çatdırılmasına mühüm töhfələr verdilər. Bu təcrübə bir daha sübut etdi ki, dövlətin gücü yalnız hərbi imkanlarla deyil, həm də güclü və peşəkar media ilə daha səmərəli şəkildə qorunur. Hazırda qarşıda duran əsas vəzifələrdən biri milli medianın rəqabət qabiliyyətinin daha da yüksəldilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi və jurnalistikanın peşə standartlarının daha da təkmilləşdirilməsidir. Qlobal informasiya məkanında etibarlı mənbə kimi mövqelənmək, dezinformasiyaya qarşı effektiv mexanizmlər formalaşdırmaq və milli maraqları ardıcıl şəkildə müdafiə etmək müasir media siyasətinin prioritet istiqamətləri sırasında yer alır. “Əkinçi” qəzetinin maarifçilik missiyası ilə başlanan yol bu gün müasir media siyasəti çərçivəsində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal dövrün tələblərinə uyğun şəkildə zənginləşdirilmiş, Azərbaycan mediası cəmiyyətin məlumatlandırılması, milli maraqların müdafiəsi və ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsi sahəsində mühüm strateji qüvvəyə çevrilmişdir. Buna görə də Azərbaycanda media siyasəti yalnız informasiya siyasəti deyil, həm də dövlətçilik strategiyasının ayrılmaz hissəsi, milli maraqların qorunmasının etibarlı dayağı və ölkənin davamlı inkişaf modelinin vacib istiqamətlərindən biri hesab olunur. Qudbiddin Qardaşov, YAP Zaqatala Rayon Təşkilatının sədr müavini. Geri dön |