Ana Sayfa > Siyasət > Milli mətbuatımız peşəkar və davamlı inkişaf yolundadır
Milli mətbuatımız peşəkar və davamlı inkişaf yolundadırDünən, 12:07. Yazar: azer |
![]() 22 iyul Azərbaycan xalqının milli-mədəni və ictimai fikir tarixində mühüm yer tutan əlamətdar günlərdən biridir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Həsən bəy Zərdabinin təsis etdiyi və 1875-ci il iyulun 22-də nəşrə başlayan “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü tarixi Milli Mətbuat Günü kimi qeyd etməklə milli jurnalistikamızın zəngin irsinə verdiyi yüksək dəyəri nümayiş etdirir. “Əkinçi” yalnız Azərbaycan dilində nəşr olunan ilk qəzet kimi deyil, həm də milli maarifçilik hərəkatının, ictimai düşüncənin formalaşmasının və azad söz ənənələrinin əsas təməl daşlarından biri kimi tarixə düşüb. Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və dövrün digər görkəmli ziyalılarının bu mətbu orqan ətrafında birləşməsi onun cəmiyyətə təsir imkanlarını daha da genişləndirib. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, qəzet geniş oxucu kütləsinin rəğbətini qazanaraq xalqın maariflənməsinə, milli özünüdərkin güclənməsinə və ictimai proseslərə marağın artmasına mühüm töhfələr verib. Məhz bu təsirə görə Çar Rusiyası hakimiyyəti “Əkinçi” qəzetinin fəaliyyətini dayandırsa da, onun yaratdığı maarifçilik və milli mətbuat ənənəsi davam etdirildi. Sonrakı dövrlərdə nəşr olunan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “İrşad”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Açıq söz” və digər qəzet və jurnallar ana dilinin inkişafında, milli şüurun möhkəmlənməsində, istiqlal ideyalarının yayılmasında və Azərbaycan mətbuatının zənginləşməsində müstəsna rol oynadılar. Müasir Azərbaycan mediasının inkişaf tarixində Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti xüsusi yer tutur. 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin rəhbərliyi altında ölkədə sabitliyin və hüquqi dövlət quruculuğunun təmin edilməsi demokratik institutların, o cümlədən azad medianın inkişafı üçün əlverişli şərait yaratdı. Həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən müasir hüquqi baza formalaşdırıldı və jurnalistikanın iqtisadi dayanıqlığının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Ümummilli Lider əvvəlcə hərbi senzuranı, daha sonra isə 1998-ci ildə kütləvi informasiya vasitələri üzərində dövlət senzurasını tamamilə ləğv etməklə Azərbaycanın media tarixində yeni mərhələnin əsasını qoydu. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul olunması, media sahəsində institusional islahatların həyata keçirilməsi, Medianın İnkişafı Agentliyinin fəaliyyətə başlaması, rəqəmsal medianın inkişafının təşviqi və informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsidir. Nəticədə Azərbaycan mediası bu gün qlobal informasiya məkanında daha fəal mövqe tutur, beynəlxalq informasiya mübadiləsində öz sözünü deyə bilir. Eyni zamanda, sürətlə dəyişən informasiya mühiti media qanunvericiliyinin daim təkmilləşdirilməsini zəruri edir. Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinə uyğun olaraq həyata keçirilən hüquqi və institusional yeniliklər milli medianın peşəkarlığının, şəffaflığının, rəqabət qabiliyyətinin və dayanıqlı inkişafının təmin edilməsinə xidmət edir. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri. Geri dön |