Ana Sayfa > Siyasət > Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda qlobal informasiya gündəmini dəyərləndirib

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda qlobal informasiya gündəmini dəyərləndirib


Dünən, 11:48. Yazar: azer
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda qlobal informasiya gündəmini dəyərləndirib

Şuşa, 13 iyul – Şuşada keçirilən IV Qlobal Media Forumu qlobal informasiya mühitində baş verən dəyişikliklərin, media təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunduğu nüfuzlu platforma kimi diqqət mərkəzində olub. "Rəqəmsal keçidlər: İnformasiya mühitinin dayanıqlığının gücləndirilməsi" mövzusunda keçirilən forumda 53 ölkədən 160-dan çox media nümayəndəsi, ekspert, beynəlxalq təşkilatların təmsilçiləri və beyin mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq media nümayəndələri ilə geniş tərkibdə görüş keçirərək qlobal informasiya məkanında baş verən proseslər, regional təhlükəsizlik, Azərbaycanın xarici siyasəti, enerji diplomatiyası, nəqliyyat-logistika layihələri və Qarabağda aparılan bərpa-quruculuq işləri ilə bağlı sualları cavablandırıb.
Prezident İlham Əliyev bildirib ki, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq media ictimaiyyətinin mühüm dialoq platformasına çevrilib. Dövlət başçısının sözlərinə görə, forumun əsas məqsədi yalnız media nümayəndələri arasında fikir mübadiləsi aparmaq deyil, eyni zamanda Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini beynəlxalq ictimaiyyətə yerində nümayiş etdirməkdir. O qeyd edib ki, ilk forumlarda iştirak edən qonaqlar dağıdılmış şəhər və kəndləri görürdülərsə, bu gün artıq yenidən qurulan yaşayış məntəqələri, müasir infrastruktur və doğma yurdlarına qayıdan sakinlərlə tanış olurlar.
Prezident çıxışında müasir informasiya mühitində dezinformasiyanın, saxta xəbərlərin və kibertəhdidlərin yaratdığı çağırışlara da toxunaraq media nümayəndələrinin məsuliyyətinin daha da artdığını vurğulayıb. Onun fikrincə, faktların dəqiqləşdirilməsi, peşəkar jurnalistika prinsiplərinə əməl olunması və informasiya savadlılığının artırılması qlobal informasiya təhlükəsizliyinin əsas şərtlərindəndir. Dövlət başçısı süni intellekt texnologiyalarının inkişafı fonunda medianın yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də qazandığını bildirib.

Forum zamanı Azərbaycanın xarici siyasət prioritetləri də diqqət mərkəzində olub. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan milli maraqlara və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Ölkənin əsas məqsədləri suverenliyin və ərazi bütövlüyünün qorunması, regional sabitliyin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir.
Dövlət başçısı Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinə də toxunaraq bildirib ki, ölkənin Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi yalnız əlverişli coğrafi mövqeyin deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və yeni logistika layihələri Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Enerji təhlükəsizliyi məsələlərinə toxunan Prezident İlham Əliyev Azərbaycanın hazırda çoxsaylı ölkələrə təbii qaz ixrac etdiyini, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mühüm rol oynadığını bildirib. Dövlət başçısı enerji əməkdaşlığının uzunmüddətli müqavilələr və qarşılıqlı etimada əsaslandığını vurğulayıb.
Forum çərçivəsində Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq, Çinlə iqtisadi əlaqələrin inkişafı və digər beynəlxalq tərəfdaşlıqlar barədə də fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın çoxtərəfli əməkdaşlıq siyasəti regional sabitliyin möhkəmləndirilməsinə və iqtisadi inteqrasiyanın genişlənməsinə xidmət edir.

Şuşada keçirilən forum bir daha nümayiş etdirdi ki, informasiya əsrində etibarlı jurnalistika, obyektiv informasiya mübadiləsi və beynəlxalq media əməkdaşlığı qlobal təhlükəsizlik və qarşılıqlı etimadın mühüm elementləridir. Artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun artmasını, ölkənin qlobal media dialoquna verdiyi töhfəni və Qarabağda formalaşan yeni reallıqların dünya ictimaiyyətinə çatdırılmasını təmin edən mühüm beynəlxalq platforma kimi öz mövqeyini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlara söykənən xarici siyasət kursunu, regional əməkdaşlığa verdiyi töhfəni və qlobal informasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi. Şuşadan verilən mesajlar təkcə region üçün deyil, beynəlxalq media ictimaiyyəti üçün də mühüm əhəmiyyət daşıyır.

Mahiyəddin Mazanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı

Geri dön