Ana Sayfa > Siyasət > Ulu Öndər Heydər Əliyev və Azərbaycan Mətbuatı: Milli Jurnalistikanın İnkişaf Strategiyası və Dövlətçilik Məfkurəsi

Ulu Öndər Heydər Əliyev və Azərbaycan Mətbuatı: Milli Jurnalistikanın İnkişaf Strategiyası və Dövlətçilik Məfkurəsi


Dünən, 11:24. Yazar: azer
Ulu Öndər Heydər Əliyev və Azərbaycan Mətbuatı: Milli Jurnalistikanın İnkişaf Strategiyası və Dövlətçilik Məfkurəsi

22 iyul tarixi Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm əhəmiyyət kəsb edən günlərdən biridir. Bu tarix 1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə milli mətbuatımızın əsasının qoyulduğu gün kimi qeyd olunur. Ötən yüz əlli ilə yaxın müddət ərzində Azərbaycan mətbuatı xalqın maariflənməsində, milli özünüdərkin formalaşmasında, dövlətçilik ideyalarının inkişafında və ictimai fikrin istiqamətləndirilməsində mühüm rol oynayıb. Azərbaycan mətbuatının müasir inkişaf mərhələsi isə bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər mətbuatı yalnız informasiya vasitəsi kimi deyil, dövlətçilik ideologiyasının, milli həmrəyliyin və ictimai inkişafın əsas sütunlarından biri kimi qiymətləndirirdi. Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu, söz azadlığının hüquqi əsasları yaradıldı və milli jurnalistikanın gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi respublikanın bütün sahələrində olduğu kimi, mətbuatın inkişafında da mühüm dönüş yaratdı. Həmin dövrdə Sovet İttifaqının sərt ideoloji çərçivələri mövcud olsa da, Heydər Əliyev milli dəyərlərin qorunmasına, Azərbaycan dilinin inkişafına, tariximizin və mədəniyyətimizin təbliğinə xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə qəzet və jurnallarda Azərbaycan tarixini, milli-mədəni irsi, elm və təhsili, ədəbiyyatı əks etdirən materialların sayı artdı. Respublikanın aparıcı mətbuat orqanları cəmiyyətin inkişafına xidmət edən mühüm ideyaların daşıyıcısına çevrildi. Bu dövrdə jurnalist peşəsinə hörmət artırıldı, redaksiyaların maddi-texniki bazası möhkəmləndirildi, peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Mətbuat tədricən maarifçilik missiyasını daha geniş şəkildə yerinə yetirməyə başladı. 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən siyasi böhran ölkənin bütün sahələrinə, o cümlədən mediaya da mənfi təsir göstərmişdi. Mətbuatın bir hissəsi siyasi qarşıdurmaların təsiri altına düşmüş, dezinformasiyalar və qeyri-peşəkar yanaşmalar geniş yayılmışdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyi bərpa etməklə yanaşı, informasiya məkanının sağlamlaşdırılmasını da dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Onun fikrincə, azad mətbuat demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsidir. Lakin bu azadlıq yüksək peşəkarlıq, obyektivlik və milli məsuliyyət prinsipləri ilə müşayiət olunmalıdır.
Ulu Öndər Heydər Əliyev jurnalist peşəsini cəmiyyət üçün ən məsuliyyətli fəaliyyət sahələrindən biri hesab edirdi. Onun fikrincə, jurnalist cəmiyyətin güzgüsü olmaqla yanaşı, ictimai fikrin formalaşmasına, milli dəyərlərin qorunmasına və dövlət maraqlarının müdafiəsinə xidmət etməlidir. Heydər Əliyev dəfələrlə jurnalistlərlə görüşür, onların problemləri ilə maraqlanır, mətbuatın inkişafına dair təkliflərini dinləyirdi. O, bildirirdi ki, obyektiv, vicdanlı və peşəkar jurnalistika dövlətin və cəmiyyətin inkişafına mühüm töhfə verir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Medianın İnkişafı Agentliyinin yaradılması, media qanunvericiliyinin müasirləşdirilməsi, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, rəqəmsal medianın inkişafı istiqamətində həyata keçirilən islahatlar dövlətin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir.
44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri zamanı Azərbaycan mediası operativ, obyektiv və peşəkar fəaliyyəti ilə informasiya cəbhəsində mühüm uğurlar qazandı. Azərbaycan jurnalistləri beynəlxalq auditoriyaya həqiqətləri çatdıraraq ölkəmizin informasiya təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfə verdilər.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafı istiqamətində həyata keçirdiyi uzaqgörən siyasət bu gün də öz bəhrəsini verməkdədir. Onun söz azadlığına verdiyi yüksək dəyər, milli jurnalistikanın inkişafına göstərdiyi diqqət və informasiya təhlükəsizliyinə dair müəyyən etdiyi strateji prinsiplər müasir Azərbaycan mediasının inkişafının möhkəm təməlini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, milli mətbuatın maddi-texniki bazası gücləndirilir, rəqəmsal medianın inkişafı dəstəklənir və jurnalistikanın beynəlxalq rəqabət qabiliyyəti artırılır. Bu gün Azərbaycan mətbuatı yalnız informasiya mənbəyi deyil, həm də milli maraqların müdafiəçisi, dövlətçilik ideologiyasının daşıyıcısı, cəmiyyətin inkişafına xidmət edən mühüm ictimai institutdur.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, media nümayəndələrini və söz adamlarını təbrik edir, onlara peşə fəaliyyətlərində yeni uğurlar, obyektivlik, yüksək məsuliyyət və Vətənimiz naminə səmərəli fəaliyyət arzulayırıq.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön