Ana Sayfa > Siyasət > Milli Mətbuatımız – tarixdən gələcəyə baxış
Milli Mətbuatımız – tarixdən gələcəyə baxışDünən, 10:25. Yazar: azer |
![]() 22 İyul – Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının şərəfli keçmişinə ehtiramın, bu gününə verilən yüksək dəyərin və gələcəyinə inamın ifadəsidir. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 150 il ərzində xalqımızın milli oyanışının, dövlətçilik düşüncəsinin və ictimai tərəqqisinin əsas dayaqlarından birinə çevrilmişdir. Cəmi iki il fəaliyyət göstərərək 56 nömrəsi işıq üzü görən "Əkinçi" xalqın maariflənməsi, milli özünüdərkin formalaşması, cəhalət və xurafata qarşı mübarizə baxımından əvəzsiz tarixi missiya yerinə yetirmişdir. "Əkinçi"nin başladığı şərəfli yol sonrakı illərdə "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "Açıq söz" və digər qəzet-jurnallar tərəfindən davam etdirildi. Anadilli mətbuatın inkişafı Azərbaycan ədəbi dilinin zənginləşməsinə, maarifçilik ideyalarının yayılmasına, milli istiqlal məfkurəsinin formalaşmasına və ictimai fikrin inkişafına mühüm töhfələr verdi. Həsən bəy Zərdabinin ideyaları 1896-cı ildən onun fəal iştirakı və Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan "Kaspi" qəzetində də yaşadıldı. Müstəqil Azərbaycanda milli mətbuatın inkişafı yeni mərhələyə qədəm qoydu. 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar medianın inkişafı üçün möhkəm hüquqi və siyasi zəmin formalaşdırdı. 1998-ci ilin avqustunda dövlət senzurasının ləğvi Azərbaycan mətbuatı tarixində dönüş nöqtəsi oldu. Bununla söz və mətbuat azadlığının inkişafı üçün geniş imkanlar açıldı, müasir qanunvericilik bazası yaradıldı, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu siyasət daha da inkişaf etdirildi. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" qəbul edildi, 2021-ci il 12 yanvar tarixli Fərmanla Medianın İnkişafı Agentliyi yaradıldı, 30 dekabr 2021-ci ildə qəbul olunan "Media haqqında" Qanun media fəaliyyətinin rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılması, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi və peşəkar jurnalistikanın inkişafı baxımından mühüm hüquqi baza formalaşdırdı. Sonrakı dövrdə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, güzəştli ipoteka imkanlarının yaradılması, media subyektlərinə vergi güzəştlərinin tətbiqi də dövlətin bu sahəyə göstərdiyi diqqətin bariz nümunələridir. 2025-ci ildə Azərbaycan milli mətbuatının 150 illiyi dövlət səviyyəsində geniş qeyd olundu. Prezident İlham Əliyevin sərəncamı ilə yubiley tədbirlərinin keçirilməsi, həmçinin 2025-ci il 3 fevral tarixində "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalının təsis edilməsi milli jurnalistikamızın tarixinə verilən yüksək qiymətin ifadəsinə çevrildi. Bununla yanaşı, milli mətbuatın 125, 130, 135, 140 və 145 illik yubileylərinin də dövlət səviyyəsində qeyd olunması Azərbaycanda media ənənələrinə göstərilən ardıcıl qayğının göstəricisidir. Bu gün Azərbaycan mediası yalnız ölkədaxili informasiya məkanının deyil, həm də qlobal informasiya şəbəkəsinin ayrılmaz hissəsidir. İnternet jurnalistikasının sürətli inkişafı, rəqəmsal texnologiyaların tətbiqi, süni intellektin media sahəsinə gətirdiyi yeni imkanlar jurnalistikamız qarşısında həm yeni çağırışlar, həm də böyük perspektivlər açır. Dezinformasiyaya qarşı mübarizə, media savadlılığının artırılması, peşəkarlığın yüksəldilməsi və milli informasiya resurslarının gücləndirilməsi müasir dövrün əsas vəzifələrindəndir. Azərbaycan mediası Vətən müharibəsi dövründə də öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Jurnalistlər həm cəbhə bölgəsində operativ informasiya təminatını həyata keçirdilər, həm də düşmənin dezinformasiya kampaniyasına qarşı uğurlu informasiya mübarizəsi apardılar. Qələbədən sonra da işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm fəaliyyət göstərirlər. Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlığın genişləndirilməsi, Birgə Media Platformasının yaradılması, eləcə də Şuşada keçirilən Qlobal Media Forumları milli jurnalistikamızın beynəlxalq nüfuzunu daha da artırmışdır. 2023, 2024, 2025 və 2026-cı illərdə təşkil olunan forumlarda dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə media etikası, rəqəmsal təhlükəsizlik, sülhün təşviqində medianın rolu kimi aktual məsələlərin müzakirəsi Azərbaycanın qlobal media dialoqunun mühüm mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirir. 150 illik zəngin irsə söykənən Azərbaycan milli mətbuatı bu gün də Həsən bəy Zərdabinin müəyyən etdiyi maarifçilik, həqiqətə sədaqət və xalqa xidmət prinsiplərinə sadiqdir. Dövlətçilik maraqlarını uca tutan, peşəkarlıq, obyektivlik, vətənpərvərlik və yüksək milli məsuliyyət prinsiplərini rəhbər tutan Azərbaycan jurnalistikası müasir çağırışlara inamla cavab verərək ölkəmizin inkişafının, milli həmrəyliyinin və beynəlxalq nüfuzunun möhkəmlənməsinə bundan sonra da layiqli töhfələr verməyə davam edəcəkdir. Emil Tağıyev, YAP Xaçmaz rayon təşkilatının sədri. Geri dön |