Ana Sayfa > Manşet / Siyasət > Eltun Süleymanov: "Azərbaycan mediası Əkinçidən rəqəmsal diplomatiyaya qədər uğurlu yol keçib"
Eltun Süleymanov: "Azərbaycan mediası Əkinçidən rəqəmsal diplomatiyaya qədər uğurlu yol keçib"Bu gün, 17:38. Yazar: azer |
![]() XXI əsr təkcə iqtisadiyyatın, texnologiyanın və geosiyasətin deyil, həm də informasiya məkanının əsridir. Artıq dövlətlərin gücü yalnız hərbi və iqtisadi potensialı ilə deyil, informasiya resurslarına nə dərəcədə sahib olması, həqiqəti dünyaya necə çatdırması və dezinformasiyaya qarşı hansı imkanlarla mübarizə aparması ilə də ölçülür. Bu reallıq fonunda Azərbaycan mediası son illərdə yalnız milli informasiya sisteminin tərkib hissəsi kimi deyil, dövlətin strateji maraqlarının qorunmasında mühüm rol oynayan təsirli kommunikasiya institutuna çevrilmişdir. Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib. Müsahibimiz bildirib ki, bu gün rəqəmsal platformalarda gedən informasiya mübarizəsinin kökləri əslində 151 il əvvələ – Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinə gedib çıxır. Çünki "Əkinçi" yalnız maarifçilik hərəkatının deyil, milli informasiya təhlükəsizliyinin ilk ideoloji dayaqlarından biri idi. O dövrdə xalqı cəhalətdən qorumaq nə qədər vacib idisə, bu gün cəmiyyəti dezinformasiyadan qorumaq da bir o qədər həyati əhəmiyyət daşıyır. Müasir informasiya savaşları klassik müharibələrdən fərqlənir. Burada silah yerini xəbərə, səngər yerini rəqəmsal platformalara, mərmi isə manipulyasiya və saxta məlumatlara verir. İnformasiya artıq siyasi təsir vasitəsinə, beynəlxalq münasibətlərin mühüm alətinə çevrilmişdir. Məhz buna görə də medianın fəaliyyəti təkcə peşə məsələsi deyil, milli təhlükəsizlik məsələsidir. Azərbaycan son illərdə bunun ən real nümunəsini yaşadı. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı cəbhədə gedən döyüşlərlə yanaşı, paralel olaraq qlobal informasiya cəbhəsində də gərgin mübarizə aparılırdı. Ermənistan və onu dəstəkləyən müxtəlif mərkəzlər beynəlxalq ictimai rəyi yanlış istiqamətləndirmək üçün geniş dezinformasiya kampaniyaları həyata keçirirdilər. Lakin Azərbaycan mediası operativliyi, peşəkarlığı və milli məsuliyyəti ilə bu kampaniyaların böyük hissəsini təsirsiz hala gətirdi. Bu dövrdə jurnalist yalnız hadisəni izləyən müşahidəçi deyildi. O, informasiya cəbhəsinin döyüşçüsünə çevrilmişdi. Ön xətdən hazırlanan reportajlar, azad olunmuş yaşayış məntəqələrindən yayımlanan materiallar, müharibənin humanitar nəticələri barədə beynəlxalq auditoriyaya təqdim edilən faktlar Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Cənab Prezident İlham Əliyevin xarici media orqanlarına verdiyi çoxsaylı müsahibələr də informasiya diplomatiyasının mühüm elementinə çevrildi. Dövlət başçısı faktlara söykənən arqumentləri ilə uzun illər formalaşdırılmış saxta təsəvvürləri dağıtdı, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini qlobal auditoriyaya çatdırdı. Milli media isə bu çıxışların geniş yayılmasını təmin etməklə vahid kommunikasiya strategiyasının ayrılmaz hissəsinə çevrildi. Lakin informasiya müharibəsi Vətən müharibəsinin başa çatması ilə bitmədi. Əksinə, postmünaqişə dövründə yeni mərhələyə qədəm qoydu. Qarabağın bərpası, keçmiş məcburi köçkünlərin qayıdışı, mina terroru, regionda formalaşan yeni geosiyasi reallıqlar barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması Azərbaycan mediasının qarşısında yeni vəzifələr müəyyənləşdirdi. Bu gün rəqəmsal diplomatiya artıq dövlət idarəçiliyinin mühüm istiqamətlərindən biridir. İnformasiya saniyələr ərzində milyonlarla insana çatır. Sosial şəbəkələr, onlayn media platformaları, süni intellekt texnologiyaları və rəqəmsal kommunikasiya vasitələri klassik medianın fəaliyyət prinsiplərini kökündən dəyişdirib. Bu dəyişiklik Azərbaycan mediasından da yeni peşəkarlıq, yeni texnoloji bacarıqlar və daha çevik idarəetmə tələb edir. Son illərdə həyata keçirilən media islahatları məhz bu zərurətdən irəli gəlir. Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" Qanunun qəbul olunması, media subyektlərinin iqtisadi dayanıqlığının gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin genişləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi ölkədə müasir media mühitinin formalaşdırılmasına xidmət edir. Bu islahatların əsas məqsədi yalnız medianı inkişaf etdirmək deyil, həm də milli informasiya təhlükəsizliyini möhkəmləndirməkdir. Bu gün Azərbaycan mediası artıq regional çərçivələri aşaraq beynəlxalq informasiya şəbəkəsinin fəal iştirakçısına çevrilməkdədir. Şuşada keçirilən Qlobal Media Forumları bunun ən uğurlu nümunələrindəndir. Dünyanın onlarla ölkəsindən jurnalistlərin, ekspertlərin və media rəhbərlərinin Qarabağda bir araya gəlməsi Azərbaycanın informasiya diplomatiyasının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Şuşa artıq yalnız mədəniyyət paytaxtı deyil, eyni zamanda qlobal media dialoqunun mühüm platformalarından birinə çevrilir. Lakin yeni dövr yeni çağırışlar da yaradır. Süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər, manipulyativ məzmunlar, kibertəhlükələr və informasiya təxribatları peşəkar jurnalistikanın məsuliyyətini daha da artırır. Belə bir şəraitdə medianın əsas üstünlüyü sürət deyil, etibarlılıq, dürüstlük və milli məsuliyyət olmalıdır. Oxucu artıq təkcə xəbərə deyil, doğrulanmış fakta ehtiyac duyur. Azərbaycan mediasının gələcəyi də məhz bu prinsiplər üzərində qurulmalıdır. Milli maraqları müdafiə edən, beynəlxalq auditoriya ilə peşəkar kommunikasiya quran, rəqəmsal texnologiyaları mənimsəyən və süni intellekt dövrünün imkanlarından səmərəli istifadə edən media modeli ölkəmizin qlobal informasiya məkanındakı mövqeyini daha da gücləndirəcək. Əkinçinin çap maşınından başlayan bu yol bu gün rəqəmsal platformalara, beynəlxalq media şəbəkələrinə və süni intellekt texnologiyalarına qədər uzanır. Dəyişən yalnız vasitələrdir. Dəyişməyən isə missiyadır – həqiqəti qorumaq, milli maraqları müdafiə etmək, Azərbaycan dövlətinin səsini dünyaya çatdırmaq və informasiya savaşlarında qələbəni təmin edən mənəvi cəbhənin önündə dayanmaq. Məhz buna görə Azərbaycan mediasının 151 illik tarixi keçmişin şərəfli salnaməsi olmaqla yanaşı, gələcəyin rəqəmsal diplomatiyasına aparan strateji yol xəritəsidir-deyə E. Süleymanov fikrini tamamlayıb. Geri dön |