Ana Sayfa > Siyasət > "Şəhərsalma və Memarlıq İli" çərçivəsində YAP Oğuz rayon təşkilatının yaradılmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində YAP Oğuz rayon təşkilatının yaradılmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilibBu gün, 16:49. Yazar: azer |
![]() 17 iyul 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, rayonun idarə müəssisə rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları və partiyanın fəal üzvləri iştirak ediblər. aia.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də vəfat etmiş partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək rayon təşkilatının ötən illər ərzində həyata keçirdiyi fəaliyyət, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, əlamətdar gün münasibətilə bütün partiya üzvlərini təbrik edib, onlara möhkəm cansağlığı, ictimai-siyasi fəaliyyətlərində uğurlar və dövlətimizin inkişafı naminə yeni nailiyyətlər arzulayıb. Saleh Məhərrəmov bildirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. O zaman ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürür, iqtisadi böhran tüğyan edirdi. Yeni Azərbaycan Partiyasının yaradılmasının səbəbi xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciətinin adında özünün aydın ifadəsini tapır. Təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası yaradılmasından çox keçmədi ki, iqtidar partiyasına çevrildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başladı. Bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır. Dövlət başçımızın həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Yeni Azərbaycan Partiyası hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır. Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini təmin etdi, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ərazi bütövlüyümüzü bərpa etməklə Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən tarixi qərarlar isə ölkəmizin ictimai-siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. YAP Oğuz rayon təşkilatı bu 33 il ərzində hər zaman rayonun və partiyanın ictimai-siyasi həyatında əvəzolunmaz rol oynayıb. Rayon təşkilatının sədri Saleh Məhərrəmov qeyd etdi ki, hazırda rayon təşkilatımızda 48 ərazi partiya təşkilatı fəaliyyət göstərir. Həyata keçirilən səmərəli tədbirlərin nəticəsində ərazi partiya təşkilatlarımızın böyük əksəriyyəti öz işini partiyanın bu günkü tələbləri səviyyəsində qurmağa nail olmuşdur. Rayon təşkilatının maliyyə mənbəyi olan partiya üzvlük haqlarının Nizamanamə tələbinə uyğun olaraq toplanması təmin edilmişdir. Hazırda rayon təşkilatı üzrə YAP üzvlərinin sayı 4940 nəfərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyamızın sıralarında 755 mindən çox insanın birləşməsi də bu faktı təsdiqləyir. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması dövlətimizin siyasi taleyini, gələcək yolunu müəyyənləşdirən çox mühüm və əlamətdar hadisə olub. Yeni Azərbaycan Partiyası cəmiyyətinin ictimai-siyasi, iqtisadi, sosial həyatında həlledici rol oynayır və Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimiz gündən-günə daha da güclənir, inkişaf edir. Zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır. Çıxış edənlərdən "Xalq qəzeti"nin bölgə müxbiri İlqar Həsənov, Dövlət Aqrar İnkişaf Mərrkəzinin Oğuz rayon şöbəsinin rəisi, partiya veteranı Azad Əliyev, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun məsləhətçisi Elvin Qarayev, Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Samirə Məmmədova Ümummilli liderin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınması, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi və cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Heydər Əliyev partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Böyük Öndər partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə deyib: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. Bu gün Prezident cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır. Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvü Fəxri Fərmanla təltif edilib və partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb. Geri dön |