Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: "Əkinçidən Zəfər salnaməsinə uzanan yol və Azərbaycan milli mətbuatının dövlətçilik missiyası "
Səttar Möhbalıyev: "Əkinçidən Zəfər salnaməsinə uzanan yol və Azərbaycan milli mətbuatının dövlətçilik missiyası "Bu gün, 16:22. Yazar: azer |
![]() Azərbaycan milli mətbuatının tarixi yalnız qəzet və jurnalların nəşr olunmasının tarixi deyil. Bu tarix xalqın milli oyanışının, azadlıq arzularının, dövlətçilik təfəkkürünün və milli kimliyinin formalaşmasının salnaməsidir. Məhz buna görə Ümummilli Lider Heydər Əliyev deyirdi: "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik." Bu fikir əslində Azərbaycan mətbuatının mahiyyətini tam ifadə edir. Çünki milli mətbuat tariximizin hər mərhələsində xalqın səsini ifadə edən, milli maraqları qoruyan, cəmiyyəti maarifləndirən və gələcəyə istiqamət göstərən ictimai institut kimi çıxış etmişdir. Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Fikirlərini davam etdirən millət vəkili bildirib ki, 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti yalnız ilk Azərbaycan dilli qəzet deyildi. O, milli düşüncənin, milli özünüdərkin və milli həmrəyliyin başlanğıcı idi. Cəmi 56 nömrə çap olunmasına baxmayaraq, "Əkinçi" xalqın şüurunda əsrlərlə yaşayacaq bir məktəb yaratdı. Çar Rusiyasının qəzeti bağlaması da təsadüfi deyildi. Çünki imperiyalar həmişə maariflənmiş cəmiyyətdən ehtiyat etmişlər. "Əkinçi" isə cəmiyyətə düşünməyi, soruşmağı, öyrənməyi və milli kimliyini qorumağı öyrədirdi. Sonrakı illərdə nəşr olunan "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "Açıq söz" və digər mətbuat orqanları Azərbaycan xalqının milli ideologiyasının formalaşmasında misilsiz rol oynadılar. Onların səhifələrində maarifçilik, milli birlik, azadlıq, hüquq, ana dili və milli dövlətçilik ideyaları geniş şəkildə təbliğ olunurdu. Bu nəşrlər təkcə ictimai fikri istiqamətləndirmirdi, həm də gələcək istiqlal hərəkatının intellektual bazasını formalaşdırırdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə milli mətbuat yeni və daha məsuliyyətli mərhələyə qədəm qoydu. Dövlət quruculuğunun möhkəmləndirilməsi, milli təhlükəsizliyin qorunması və demokratik institutların inkişafı prosesində medianın rolu daha da artdı. Lakin 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi xaos və qeyri-sabitlik medianın da normal fəaliyyətinə ciddi maneələr yaradırdı. Məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda söz və mətbuat azadlığının hüquqi əsasları yaradıldı. 1998-ci ildə dövlət senzurasının tamamilə ləğv olunması Azərbaycanın demokratik inkişaf tarixində dönüş nöqtəsinə çevrildi. Bu addım təkcə mətbuatın deyil, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına yeni nəfəs verdi. Millət vəkili onu da bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha müasir mərhələyə qədəm qoydu. Dövlət başçısının təşəbbüsü ilə medianın iqtisadi dayanıqlığının möhkəmləndirilməsi, qanunvericilik bazasının yenilənməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirildi. Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" yeni Qanunun qəbul olunması, media subyektlərinə tətbiq edilən vergi güzəştləri və jurnalistlərin sosial təminatına yönəlmiş qərarlar bu siyasətin sistemli xarakter daşıdığını göstərir. Artıq Azərbaycan mediası təkcə ölkə daxilində fəaliyyət göstərən informasiya vasitəsi deyil. O, beynəlxalq informasiya məkanında Azərbaycanın milli maraqlarını müdafiə edən mühüm kommunikasiya platformasına çevrilmişdir. Bunu xüsusilə 44 günlük Vətən müharibəsi zamanı bütün dünya gördü. Azərbaycan jurnalistləri informasiya cəbhəsində əsl fədakarlıq nümayiş etdirdilər. Onlar cəbhə bölgələrindən operativ məlumatlar yaymaqla yanaşı, Ermənistanın dezinformasiya kampaniyasını ifşa etdilər, Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırdılar. İnformasiya müharibəsində qazanılmış uğurlar göstərdi ki, müasir dövrdə media artıq yalnız xəbər mənbəyi deyil, milli təhlükəsizlik sisteminin mühüm komponentidir. Bu gün qarşıda duran vəzifələr isə daha mürəkkəbdir. Süni intellekt, rəqəmsal media, sosial platformalar, kibertəhlükələr və dezinformasiya çağırışları jurnalistikaya yeni məsuliyyətlər yükləyir. Artıq xəbəri ilk vermək kifayət etmir. Əsas məsələ doğru, dəqiq, operativ və milli maraqlara xidmət edən informasiya siyasətini həyata keçirməkdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan mətbuatı peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə sadiq qalmalıdır. Çünki qlobal informasiya savaşlarının yaşandığı müasir dünyada həqiqətin müdafiəsi də dövlətçiliyin müdafiəsinin ayrılmaz hissəsinə çevrilmişdir. Hər il Azərbaycan milli mətbuat gününün dövlət səviyyəsində qeyd olunması təsadüfi deyil. Bu diqqət keçmişə ehtiram olmaqla yanaşı, gələcəyə ünvanlanmış strateji mesajdır. "Əkinçi"nin başladığı maarifçilik yolu bu gün rəqəmsal medianın imkanları ilə davam edir. Tarix dəyişir, texnologiyalar yenilənir, informasiya platformaları transformasiya olunur. Lakin dəyişməyən bir həqiqət qalır: Azərbaycan mətbuatı hər zaman dövlətçiliyin, milli maraqların, həqiqətin və xalqın yanında dayanmışdır. "Əkinçi"nin ilk sətrindən başlayan bu müqəddəs yol bu gün Zəfər salnaməsini yazan, Azərbaycanın haqq səsini dünyaya çatdıran güclü milli media ilə davam edir. Bu yol təkcə 151 ilin deyil, gələcək əsrlərin də dövlətçilik salnaməsidir-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb. Geri dön |