Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Milli mətbuatın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir”
Azər Kərimli: “Milli mətbuatın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir”Bu gün, 13:52. Yazar: azer |
![]() Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü münasibətilə fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Kərimli bildirib ki, 22 iyul tarixi ölkəmizin ictimai fikir tarixində xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Həsən bəy Zərdabinin təsis etdiyi və 1875-ci il iyulun 22-də nəşrə başlayan “Əkinçi” qəzetinin fəaliyyətə başladığı günü Milli Mətbuat Günü kimi qeyd etməklə milli jurnalistikanın zəngin irsinə yüksək dəyər verdiyini nümayiş etdirir: “Etiraf olunmalıdır ki, “Əkinçi” təkcə ilk Azərbaycan dilli qəzet deyil, həm də milli maarifçilik ideyalarının, ictimai düşüncənin və azad fikir ənənələrinin əsas daşıyıcılarından biri olub. Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və dövrün digər görkəmli ziyalılarının bu nəşrin ətrafında birləşməsi onun cəmiyyətə təsir gücünü daha da artırıb. Qəzet qısa fəaliyyət dövründə geniş oxucu auditoriyası qazanaraq xalqın maariflənməsinə və ictimai proseslərə marağının yüksəlməsinə ciddi töhfə verib. Məhz bu təsir Çar Rusiyası hakimiyyətini narahat etdiyindən “Əkinçi”nin nəşri dayandırılıb. Buna baxmayaraq, “Əkinçi”nin yaratdığı ənənə davam etdirilib və sonrakı illərdə nəşr olunan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “İrşad”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Açıq söz” və digər qəzet-jurnallar milli mətbuatın inkişafında, ana dilinin zənginləşməsində, milli şüurun və istiqlal ideyalarının formalaşmasında mühüm rol oynayıblar.” Millət vəkili daha sonra bildirib ki, müasir Azərbaycan mediasının inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Onun sözlərinə görə, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin təmin olunması demokratik təsisatların, o cümlədən azad medianın inkişafı üçün möhkəm zəmin yaradıb: “Həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən müasir hüquqi baza formalaşdırılıb, jurnalistikanın iqtisadi dayanıqlığının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Jurnalistlərin böyük rəğbətini qazanan Ümummilli Lider əvvəlcə hərbi senzuranın, daha sonra isə 1998-ci ildə kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının tam ləğvinə dair tarixi qərar qəbul edib. Bu addım Azərbaycanda müstəqil medianın inkişafında yeni mərhələnin əsasını qoyub. Bu gün isə, media siyasəti yeni dövrün çağırışlarına uyğun şəkildə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə inkişaf etdirilir. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi, media qurumlarının inkişafına yönəlmiş institusional mexanizmlərin yaradılması, rəqəmsal medianın genişlənməsi və informasiya texnologiyalarının tətbiqi bu siyasətin mühüm nəticələridir. Bütün bu tədbirlər sayəsində hazırda Azərbaycan mediası qlobal informasiya məkanının fəal iştirakçısına çevrilib. Aydındır ki, müasir informasiya mühitinin sürətlə dəyişməsi media qanunvericiliyinin daim yenilənməsini zəruri edir. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursa uyğun olaraq bu gün Azərbaycanda media haqqında qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir ki, bu da milli medianın daha sağlam, peşəkar və dayanıqlı inkişafına xidmət edir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb. Geri dön |