Ana Sayfa > Özəl > Travma zamanı ilk dəqiqələr həlledicidir – Səhiyyə Nazirliyinin eksperti vacib tövsiyələr verdi

Travma zamanı ilk dəqiqələr həlledicidir – Səhiyyə Nazirliyinin eksperti vacib tövsiyələr verdi


Dünən, 21:44. Yazar: vasif
Travma zamanı ilk dəqiqələr həlledicidir – Səhiyyə Nazirliyinin eksperti vacib tövsiyələr verdi




Yay mövsümündə yol-nəqliyyat hadisələri, idman zədələri və məişət travmalarının artması təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini bir daha gündəmə gətirir. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktor müavini – Baş həkim Nizami Məmmədov travmaların qarşısının alınması, ilkin yardım və müasir müalicə üsulları ilə bağlı vacib məqamlara aydınlıq gətirib.

Ekspert bildirib ki, müasir travmatologiya artıq yalnız sınıq və çıxıqların müalicəsi ilə məhdudlaşmır. Minimal invaziv əməliyyatlar, artroskopik üsullar, robotik və kompüter dəstəkli texnologiyalar sayəsində mürəkkəb zədələrin müalicəsi daha dəqiq aparılır, xəstələrin sağalma müddəti isə əhəmiyyətli dərəcədə qısalır.

Nizami Məmmədovun sözlərinə görə, travmaların böyük hissəsi diqqətli davranış və profilaktik tədbirlər sayəsində qarşısı alına bilər. Yol hərəkəti qaydalarına əməl olunması, təhlükəsizlik kəmərindən istifadə, iş yerlərində qoruyucu vasitələrin taxılması, evdə təhlükəsiz şəraitin yaradılması və idman zamanı düzgün isinmə hərəkətlərinin yerinə yetirilməsi ciddi zədələrin riskini azaldır.

Baş həkim travma zamanı ilk yardımın düzgün göstərilməsinin həyati əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, sınıq və ya çıxıq ehtimalı olduqda zədələnmiş nahiyə hərəkətsiz saxlanmalı, qanaxma varsa, təzyiq tətbiq edilərək dayandırılmalı və zərərçəkən mümkün qədər ehtiyatla davranılmalıdır. Ağır xəsarət hallarında isə vaxt itirmədən peşəkar tibbi yardım çağırmaq vacibdir.

Mütəxəssis qeyd edib ki, son illərdə protez və implant texnologiyalarında əldə olunan yeniliklər ağır travmaların müalicəsində mühüm nəticələr verir. Biouyğun materiallardan hazırlanan implantlar, 3D planlaşdırma və fərdiləşdirilmiş müalicə yanaşmaları əməliyyatların uğur faizini artırır və xəstələrin gündəlik həyata qayıtmasını sürətləndirir.

Nizami Məmmədov reabilitasiyanın müalicənin ayrılmaz hissəsi olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, fizioterapiya, bərpa məşqləri, əzələ gücünün artırılması və psixoloji dəstək tam sağalma prosesində mühüm rol oynayır və xəstənin əvvəlki həyat keyfiyyətinə qayıtmasına kömək edir.

Ekspert hesab edir ki, gələcəkdə travmatologiya sahəsində əsas prioritetlər profilaktikanın gücləndirilməsi, əhalinin maarifləndirilməsi, müasir tibbi texnologiyaların geniş tətbiqi və ixtisaslı kadr hazırlığının artırılması olmalıdır. Onun fikrincə, kompleks yanaşma həm travmaların sayının azalmasına, həm də müalicə nəticələrinin daha uğurlu olmasına şərait yaradacaq.

Geri dön