Ana Sayfa > Siyasət > Anar Nəbiyev: Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir
Anar Nəbiyev: Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədirBu gün, 12:08. Yazar: azer |
![]() Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də ölkəmizə rəsmi səfər etdi. Səfərinə azad Qarabağdan, Şuşadan başlayan Slovakiya Prezidenti burada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış oldu. Prezident İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxdılar. Prezidentlər, həmçinin Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoydular. İki ölkənin münasibətlərinin tarixinə nəzər salaq. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 1993-cü il noyabrın 23-də qurulub. Sonrakı illərdə münasibətlərin institusional bazası mərhələli şəkildə möhkəmləndirilib. Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ildə fəaliyyətə başlayıb, 2019-cu ildə Bakıda, 2023-cü ildə isə Bratislavada səfirliklər açılıb. Qarşılıqlı diplomatik nümayəndəliklərin yaradılması siyasi dialoqun intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verib. Dövlətimizin başçısı İlham Əliyevin slovakiyalı həmkarı ilə Şuşada keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında əməkdaşlığın dünəninə baxış əsasında qarşıdakı dövrün prioritet istiqamətləri açıqlandı. “Şadam ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərimi məmnunluqla xatırlayıram və mənə göstərilən qonaqpərvərliyə görə bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm” bildirən cənab İlham Əliyev vurğuladı ki, doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər. Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir. Bu fikirlərin davamı olaraq Slovakiya Prezidenti mətbuata bəyanatında bildirdi ki, mən olduqca şadam və fərəhlənirəm ki, slovak şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edirlər. Belə bir əminlik də ifadə edildi ki, onlar burada gələcəkdə icra olunacaq bir çox digər mühüm layihələrə davamlı şəkildə töhfə verəcəklər. Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil. Ölkələrimiz arasında münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını keçir. Biz, həqiqətən, dost ölkələrik. Biz bir-birimizə xeyli kömək edən və əla münasibətlərimizi konkret layihələrə, əyani əməkdaşlığa çevirən dostlarıq. Hazırda Bakı və Bratislava arasında münasibətlər yalnız diplomatik əlaqələrlə məhdudlaşmır, siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə konkret layihələr və qarşılıqlı faydalı təşəbbüslər əsasında inkişaf edir. Yüksəksəviyyəli siyasi iradə və qarşılıqlı etimad Azərbaycan-Slovakiya strateji tərəfdaşlığının gələcəkdə daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır. Azərbaycan və Slovakiya arasında müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin inkişaf edən istiqamətlərindən biridir. Bu sahədə əməkdaşlığın hüquqi bazası 2024-cü ilin mayında Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri çərçivəsində yaradılıb. Səfər zamanı tərəflər arasında “Hərbi-texniki əməkdaşlıq haqqında Memorandum” və “Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdı. Slovakiya Prezidenti Peter Pelleqrini mətbuata bəyanatında qeyd etdi ki, biz Slovakiyada qəti şəkildə inanırıq ki, müdafiə imkanlarının gücləndirilməsi, cari münaqişələrin qarşısının alınmasına maliyyə dəstəyinin göstərilməsi ilə yanaşı, Avropa liderləri danışıqlar masası arxasında diplomatik həll variantlarının tapılmasına daha çox vaxt ayırmalıdırlar ki, biz müharibəni öz qitəmizdən mümkün qədər tez çıxaraq və bütün regionların rifaha layiq inkişafına yenidən diqqət göstərək: “Mən, həmçinin təsdiqləmək istərdim ki, 2027-ci və 2028-ci illərdə Slovakiya Bakıdakı səfirliyi vasitəsilə NATO-nun Azərbaycanda Əlaqələndirici Səfirliyi kimi işini davam etdirəcək. Çox şadam ki, müdafiə nazirlərimiz təhlükəsizlik və müdafiə imkanları sahəsində əla əməkdaşlıq edirlər. Həmçinin şadam ki, Slovakiya birgə əməkdaşlığımızın və razılaşmalarımızın ilk nəticələrini bu ilin sentyabrında Bakıda keçiriləcək əsas müdafiə sərgisində göstərə biləcək”. Qısa təhlil bu qənaətə əsas verir ki, Azərbaycan və Slovakiya arasında yaradılmış hüquqi baza və həyata keçirilən müdafiə sənayesi layihələri iki ölkə arasında hərbi-texniki əlaqələrin dərinləşdirilməsinə, müdafiə sənayesi potensialının artırılmasına və uzunmüddətli tərəfdaşlığın inkişafına mühüm zəmin yaradır. Anar Nəbiyev YAP Qazax rayon təşkilatının sədri Geri dön |